Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:59

Tramp cinsi qısnamada təqsirli bilinib, 5 milyon dollar ödəməlidir


Donald Tramp Nyu-York məhkəməsində
Donald Tramp Nyu-York məhkəməsində

ABŞ-da Andlılar Məhkəməsi 45-ci prezident Donald Trampı (Donald Trump) jurnalist və yazıçı Cin Kerrolla (Jean Carroll) qarşı cinsi qısnamada təqsirli bilib. Məlumatı CNN yayıb. Məhkəmə Trampın cinayətin qurbanına 5 milyon dollara yaxın təzminat ödənilməsinə qərar verib.

Kerroll dörd il əvvəl Trampa qarşı iddia irəli sürüb. Jurnalist bildirib ki, 1996-cı ildə ABŞ-ın gələcək prezidenti ilə Nyu-Yorkda univermaqda görüşüb. İddiaya görə, Tramp ona başqa qadına hədiyyə etmək üçün seçdiyi alt paltarını geyinməyi təklif edib və Kerroll razılaşdıqdan sonra onu paltardəyişmə otağına apararaq təcavüz edib.

Tramp ittihamları rədd edir. O, Kerrollun daha çox kitab satmaq üçün ona böhtan atdığını iddia edib. O, məhkəmədə ifadə verməkdən imtina edib. Məhkəmənin qərarını şərh edən Tramp deyib ki, "hökm biabırçılıqdır və bütün zamanların ən böyük əcinnə ovunun davamıdır".

Təqib işi ilə paralel olaraq Nyu-York məhkəməsində Trampa qarşı daha bir işə baxılır - 2016-cı ildə onunla cinsi əlaqədə olması barədə susması üçün pornoaktrisa Stormi Danielsə (Stormy Daniels) 130 min dollar ödəməsi ittihamı araşdırılır. Manhetten Dairə Prokurorluğu hesab edir ki, Tramp kampaniya fondundan istifadə etməklə seçki qanunlarını pozub. ABŞ-ın keçmiş prezidenti və vəkilləri baş verənləri "siyasi təqib" adlandıraraq təqsiri və cinayət faktını inkar edirlər.

Donald Tramp ABŞ tarixində cinayət ittihamı ilə üzləşən ilk keçmiş prezidentdir. O, 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizədliyini irəli sürüb. İttihamlar və hətta hökm Trampı prezidentliyə namizəd olmaq hüququndan məhrum etmir.

XS
SM
MD
LG