Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:05

Trampın cinayət işi üzrə məhkəmə martın 25-də başlanacaq


Tramp fevralın 15-də Manhattan məhkəməsində
Tramp fevralın 15-də Manhattan məhkəməsində

ABŞ tarixində ilk dəfə olaraq keçmiş prezidentin cinayət işi üzrə məhkəməsi martın 25-də başlanacaq.

Nyu Yorkdakı Manhattan cinayət məhkəməsi Donald Trampın onun barəsində maliyyə maxinasiyaları ittihamı ilə bağlı işə xitam verilməsinə dair vəsatətini rədd edib.

Məhkəmə materiallarına görə maliyyə dələduzluğu Trampla cinsi münasibətlərdə olduğu deyilən porno aktrisası Stormi Danielsə susması üçün ödənişlər edilərkən yer alıb.

Trampın vəkilləri fevralın 15-də keçirilən dinləmədə ona qarşı işə xitam verilməsi, ya da təxirə salınmasına dair vəsatət qaldırmışdılar.

Vəkillər iddia edirdilər ki, Nyu York məhkəməsi Trampın işinə ədalətlə baxa bilməyəcək, münsiflər isə qərəzli mövqe tutacaqlar.

Bundan başqa vəkillər iddia edirdilər ki, ABŞ-da prezident seçkisinin praymeriz kampaniyası zamanı keçirilən məhkəmə dinləmələri seçki prosesinə müdaxilə hesab edilməlidir.

Hakim vəkillərin bütün vəsatət və arqumentlərini rədd edib.

Ödəniş qanunsuz olmayıb, amma...

Tramp jurnalistlərə bir daha bəyan edib ki, heç bir cinayət əməli törətməyib.

İstintaq materiallarına görə 2016-cı ilin prezident seçkisindən əvvəl Tramp öz vəkili vasitəsilə Stormi Danielsə 130 min dollar ödəyib.

Ödəniş Danielsin Trampla cinsi əlaqəsi barədə susması üçün edilmişdi.

Bu ödəniş qanunsuz deyildi, amma guya Trampın vəkilinə hüquq xidmətləri üçün edilmişdi. Bu isə Nyu York ştatında maliyyə hesabatının saxtalaşdırılması və cinayət əməli hesab edilir.

Trampın vəkili Maykl Koen 2018-ci ildə bu saxtakarlığa görə üç il müddətinə azadlıqdan məhrum edilmişdi. O vaxt prezident vəzifəsində olan Trampa ittiham verilməmişdi.

4 cinayət işi

Nyu Yorkda keçiriləcək prosesdə keçmiş prezidentə qarşı dörd cinayət işindən birincisinə baxılacaq.

Martın 4-də Vaşinqtonda seçki nəticələrinin ləğvi məqsədilə qəsd və kütlənin Konqresə basqınında Trampın roluna dair məhkəmə dinləməsi keçirilməli idi. Lakin bu iş üzrə son qərarı ABŞ Ali Məhkəməsi verməlidir.

Tramp israr edir ki, o tərəfdarlarının 2021-ci ilin 6 yanvarında Konqresə basqınından əvvəl və basqın zamanı prezident kimi toxunulmazlığa malik olub.

Trampın məxfi sənədləri evində saxlaması ilə bağlı məhkəmə prosesi mayda başlanmalıdır.

Avqustda isə Corciya ştatının hakimiyyəti Trampa qarşı daha bir cinayət işinə baxılmasını planlaşdırır.

Onlar Trampı 2020-ci ildə bu ştatda keçirilmiş seçkiləri saxtalaşdırmaq cəhdində ittiham edirlər.

XS
SM
MD
LG