Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:44

Trollinqlə ədəbiyyat üzrə Nobel mükafatı qazanmaq


Peter Handke
Peter Handke

«Foreign Policy» jurnalı yazır ki, bu il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Peter Handke-nin ən güclü estetik tərəfi onun ən böyük intellektual zəifliyində – siyasi və psixoloji dərinliyinin olmamasındadır.

«Hətta Peter Handke-nin özü belə Peter Handken-in ədəbiyyat üzrə Nobel mükafatına layiq olmadığını düşünür», – jurnal yazır.

«Mən qalib deyiləm. Onlar mənim işimi seçiblər, ancaq mənim təbiətim qalib təbiəti deyil. Həmişə deyirlər ki, «O, Nobel mükafatını qazandı». Mən bu ifadəni sevmirəm», – avstriyalı yazıçı Bloomberg-ə müsahibəsində deyib.

«Ədəbi layihə»

Handke həmin müsahibəsində mükafatdan çox ömür boyu özünü günahkar hiss etməsindən, onu əldən salmış «qəribə azadlıq»dan danışıb.

Handke-nin hərbi cinayətlərə görə məhkum olunmuş keçmiş Serbiya lideri Slobodan Milošević-i dəstəkləməsi ona qarşı ciddi tənqidlərə yol açıb. Məqalədə boşnak əsilli alman yazıçısı Saša Stanišić-in tənqidi birbaşa Nobel Komitəsinə qarşı ittiham kimi dəyərləndirilir.

Stanišić-in özü «Mənşə» (Herkunft) adlı romanına görə iki həftə öncə Almaniya Kitab Mükafatına layiq görülüb. O, mükafatlandırma mərasimində Handke-nin Bosniya müharibəsi zamanı baş verənləri görməzdən gəldiyini vurğulayıb: «[Handke] yaraqlıları, onların adı Milan Lukić olan və hazırda insanlıq cinayətlərinə görə həbsdə yatan liderini təsvir etmir. O, qurbanları təsvir etmir».

Bosniya əsilli Amerika yazıçısı Aleksandar Hemon-sa deyib ki, Handke «dəyərləri bədənin turşuda əriməsi kimi əridilməli olan ədəbi layihədir». O, Handke-ni törədilən cinayətlərin miqyasını danmaqda suçlayıb.

Jurnal yazır ki, bununla yanaşı, Handke-nin hətta ən sərt tənqidçiləri belə onun poetik istedadının böyük olduğunu deyirlər. Handke-nin dil bacarıqları onun yaradıcılığının bütün digər aspektlərini kölgədə qoyur.

«Heç kim Handke-ni ideyalarına görə oxumur, onu ideyalara düşmən olduğu üçün oxuyurlar», – yazıçı Joshua Cohen Handke-nin 2016-cı ildə yazdığı «Moraviya gecəsi» romanına rəydə vurğulayır. Rəy «The New York Times» qəzetində dərc edilib.

«Enfant terrible»

Məqaləyə görə, Handke hələ 1966-cı ildə 24 yaşında ikən «Eşşəkarıları» (Die Hornissen) adlı folknersayağı roman və «Auditoriyanı təhqir etmə» (Publikumsbeschimpfung) adlı pyes çap etdirib. Sonuncu əsər antidram janrındadır. Prinston Universitetində, nüfuzlu «Gruppe 47» dərnəyinin konfransında «təhqir etdiyi» auditoriya arasında isə nə az, nə çox, alman ədəbiyyatının ən güclü səsləri – Heinrich Böll, Martin Walser, Günter Grass, Hans Magnus Enzensberger və Alexander Kluge kimi şəxslər vardı. Handke görüşdə təqdim olunan əsərləri «gülməli», «sönük» və «adi» adlandırmışdı.

Handke-nin bunu niyə etdiyi aydın deyil. Bəlkə özünə diqqət cəlb etmək, bəlkə də özünü sərt göstərmək istəyirmiş. «Aydın olan budur ki, bu təhqir Handke-ni alman ədəbiyyatının «enfant terrible»na (fransızca «pis uşaq») çevirdi. O, 50 ildən artıqdır ki, bu mövqeyi qoruyub saxlayır.

…Son dərəcə nüfuzlu tənqidçi Marcel Reich-Ranicki yazıb ki, «Handke-nin imici hər zaman ədəbi nailiyyətlərindən güclü olub». O deyib ki, onun cəlb etdiyi heyrət pop ulduzları, bəzi kino aktyorları, jurnallara çəkilən qızlar və modellərə pərəstişlə müqayisə oluna bilər. «Başqa sözlə, Handke heç vaxt ədəbi düha olmayıb. O, sadəcə, TV-də bu rolu oynayıb», – jurnal yazır.

Məqalədə daha sonra deyilir ki, bir zamanlar, 1960-cı illərdə Handke-ni hərəkətə gətirən instinkt sonradan sosial şəbəkələrə yayılıb, oradan da hətta Ağ Evə gedib çıxa bilib: «Biz artıq təhqir olunmağa öyrəşmişik, trollar hər yerdədir. Ancaq onlardan yalnız birinin ədəbiyyat üzrə Nobel mükafatı var».

XS
SM
MD
LG