Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:26

Trump Ağ Evin ‘öz mediasını’ yaratmaq deyəndə nəyi nəzərdə tutur?


Prezident Donald Trump bildirib ki, Ağ Ev, onun təbirincə deyilərsə, əsas medianın Birləşmiş Ştatlara “nifrətinin” qarşısını almaq üçün öz xəbər şəbəkəsini yaratmalıdır:

“Biz bu məsələyə baxırıq…Biz buna bir əncam çəkməliyik. Bəzi əsl istedadlı adamları gətirməliyik və ortalığa əsl səs qoymalıyıq. Saxta səs yox!.."

Trump oktyabrın 3-də yazdığı bu tvitdə ayrıca olaraq CNN-i tənqid edib.

Prezident CNN telekanalına və New York Times kimi müstəqil mediaya hücumlarını onun Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə iyulun 25-də etdiyi telefon söhbətinə görə qalmaqal yaranandan sonra kəskinləşdirib.

Demokratlar bildirirlər ki, Trump həmin telefon söhbətində keçmiş vise-prezident və onun 2020-ci il prezident seçkisində əsas rəqibi ola biləcək Joe Biden və onun oğluna qarşı Ukraynada araşdırma aparılması üçün Zelenskiy-ə təzyiq göstərib.

ABŞ Konqresində Trump-a qarşı impiçment araşdırmasının başlanmasına səbəb də elə bu telefon danışığı olub.

Trump-ın yeni xəbər şəbəkəsinin yaradılmasına dair dediklərinin nə dərəcdə ciddi olduğunu demək çətindir, lakin o “Azadlıq” və “Amerikanın səsi” radiolarının adlarını çəkib.

Bu qurumların hər ikisi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir.

Trump deyib:

"Məncə bizim Azad Radio, deyəsən Azad Avropa və Amerikanın səsi radiolarımız olub…Biz onları ölkəmizi qurmaq üçün yaratmışdıq və bu, çox da yaxşı işləmədi”.

AzadlıqRadiosunun prezidenti Jamie Fly Trump-ın rəyinıə rəğmən deyib ki, bu radioyayımçı 1950-ci ildə yaradılıb və “başqa etibarlı xəbər və informasiya mənbələri olmayanlara” gündəlik qaydada obyektiv jurnalistika xidməti göstərir.

“Amerikanın səsi” radiosunun Ağ Ev Bürosunun rəhbəri Steve Herman dərhal tvitlə bildirib ki, bu media qurumu hələ də yaxşı işləyir və elə Trump-ın özü 2017-ci ildə prezident olandan bəri “Amerikanın səsi”nə iki dəfə geniş müsahibə verib.

“Amerikanın səsi” (Voice of America - VOA) ABŞ-ın ən böyük beynəlxalq radioyayımçıısdır və 40 dildə xəbər və başqa materiallar yayır. Onun həftəlik auditoriyası 275 milyon nəfərdirr.

Azad Avropa/AzadlıqRadiosu “azad mətbuatı olmayan, ya da çox məhdud olan 22 ölkəyə” 26 dildə proqramlar yayımlayır.

XS
SM
MD
LG