Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

Trump bacısından mülk almaq üçün 11 milyon dollar ipoteka götürübmüş


Donald Trump Mar-a-Laqodakı malikanəsində
Donald Trump Mar-a-Laqodakı malikanəsində

Rəsmi sənədlərdən məlum olub ki, ABŞ prezidenti Donald Trump bacısından, özünün Floridanın Mar-a-Laqo kurortundakı malikanəsinin yaxınlığında yerləşən və okeana baxan mülkü almaq üçün 11 milyon dollar ipoteka götürübmüş.

Hökumət Etikası İdarəsindən mayın 16-da alınmış çıxarışdan görünür ki, 30 illik bu ipotekanın pulundan istifadə eedilməklə 2018-ci ilin mayında prezidentin böyük bacısı, keçmiş federal hakim Maryanne Trump Barry-nin Uest Palm Biçdəki malikanəsi 18, 5 milyon dollara alınıb.

Florida rəsmi qeydiyyatlar idarəsindəki sənədlərdə bu ipoteka üçün illik faizin 4, 5 olduğu bildirlir.

Trump mövcud qaydalara uyğun olaraq bu ipoteka barədə məlumatı bu həftə tərtib etdiyi bəyannaməyə salıb.

Trump özünün əksər həftəsonlarını Mar-a-Laqodakı malikanəsində keçirir və bura çox sayda xarici qonaqları dəvət edib.

Hazırda Trump-ın prezidentlikdən əvvəlki maliyyə məlumatlarına böyük maraq var.

Konqres komitəsinin demokrat sədri son altı il üçün Trump-ın fərdi maliyyə və vergi sənədlərinin açıqlanması məqsədilə rəsmi tələbnamə verib.

Demokratlar mümkün maraq toqquşmasının olub-olmadığını müəyyənləşdirmək üçün Trump-ın hansi vəsaitlər üçün nə qədər vergi ödədiyini bilmək istəyirlər.

Trump 2016-cı il prezident seçkisinin kampaniyası dövründə özünün vergi sənədlərini açıqlamaqdan imtina etməklə ABŞ-da çoxdan mövcud olan ənənəni pozub.

Trump bildirir ki, onun maliyyə sənədləri hazırda auditor yoxlamasındadır və bundan başqa sözü gedən məlumat ABŞ ictimaiyyətini maraqlandırmır.

XS
SM
MD
LG