Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

ABŞ İran üzərinə sanksiyaları bərpa edir - Yenilənib


ABŞ prezidenti Donald Trump İranın üzərinə əsas maliyyə sanksiyalarının təkrar qoyulması barədə sərəncam verib. Beləliklə ABŞ 2015-ci ilin nüvə sazişini tərk etdiyini bildirəndən üç ay sonra Tehranın valyuta alışlarını və əsas sənayelərini vuran sanksiyalar yenidən qüvvəyə minib.

Avqustun 6-da verdiyi bəyanatlarda Trump 2015-ci il razılaşmasını bir daha “dəhşətli və birtərəfli” saziş adlandırıb.

Ötən may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edən Trump Tehranın sazişin “ruhunu” pozduğunu söyləmişdi.

Ağ Evin açıqladığı bəyanatda Trump bütün ölkələrə müraciət edərək bildirib ki, “İran rejimi seçim qarşısındadır: ya təhdidedici, pozucu davranışını dəyişməli və qlobal iqtisadiyyata reinteqrasiya olunmalı, ya da iqtisadi təcridolunma yolunu davam etdierməlidir”.

Qrinviç vaxtı ilə avqustun 7-də səhər saat 4:01-də (Bakı vaxtı ilə 7:01) yenidən qüvvəyə minəcək bu sanksiyalar Avropa müttəfiqlərinin müqavimətinə baxmayaraq gözlənilirdi.

İran prezidenti Hassan Rohani dövlət telekanalına müsahibəsində deyib ki, ABŞ sanksiyalarına baxmayaraq onun ölkəsi nüvə sazişinə sadiq qalacaq.

"Onlar İran xalqına qarşı psixoloji müharibəyə başlamaq və İran xalqı arasında nifaq salmaq istəyirlər”.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə bildirib ki, “ABŞ İran siyasəti ilə özünü təcrid edib”.

ABŞ İran üzərinə sanksiyaları təkrar bəyan etməzdən əvvəl Avropa İttifaqı bloklayıcı qərar qəbul etmişdi. Bu qərar Avropa İttifaqı şirkətlərinin ABŞ sanksiyalarından mühafizəsi üçün nəzərdə tutulub.

Birgə bəyanatda Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini, habelə Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirləri ABŞ-ın qərarından təəssüf duyduqlarını bildiriblər.

Avqustun 7-də yenidən qüvvəyə minən ABŞ sanksiyaları İranın avtomatika sektorunu, xalçaçılıq sənayesini, habelə onun qızıl və başqa qiymətli metallarla alış-verişini hədəfləyir.

ABŞ rəsmiləri bildiriblər ki, İran hökuməti bundan sonra ABŞ dollarlarını ala bilməyəcək.

ABŞ sanksiyalarının növbəti dalğası noyabrın əvvəlində başlanacaq və Tehranın neft sənayesini hədəfləyəcək.

***

Bundan əvvəl xəbər verilirdi ki, avqustun 6-da Birləşmiş Ştatlar İrana yeni sanksiyalar paketini açıqlayacaq. Siyahının başında yeni valyuta məhdudiyyətlərinin gələcəyi gözlənir.

ABŞ-ın dövlət katibi Mike Pompeo jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Tehrana bərpa etdiyi sanksiyaları “qüvvəyə mindirəcək”. Prezident Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunacağını bildirib.

Sinqapurdakı sammitdən Vaşinqtona yola düşən Pompeo reportyorlara söyləyib ki, Ağ ev avqustun 6-da sanksiyaları detallı açıqlayacaq.

“SANKSİYALAR QÜVVƏYƏ MİNƏCƏK”

Birləşmiş Ştatlar rəsmilərinin deməsinə görə, İran hökuməti artıq avqustun 7-də GMT vaxtıyla 04:01-dən ABŞ banknotlarını ala bilməyəcək.

Sanksiyaların ölkə sənayesinə, məşhur fars xalçalarının ixracına da tətbiq olunacağı bildirilir.

***Buna da bax: ABŞ İranda etirazçılara zorakılıqdan narahatdır

Pompeo-nun sözlərinə görə, Tehrana təzyiqin gücləndirilməsinin məqsədi “İranın məkrli fəaliyyətini dayandırmaq”dır.

O əlavə edib ki, İran xalqı “liderlərinin vaxtilə verdiyi iqtisadi vədləri yerinə yetirməməsindən məyus olub”.

“Bu, iranlıların öz hökumətlərindən narazı qalmasıyla bağlıdır və prezident aydın şəkildə bildirib: Biz İran xalqının öz liderlərinin kim olmasında güclü səs qazanmasını istəyirik”, – o deyib.

İran yeni sanksiyalardan yayına bilərmi sualına cavabında Pompeo deyib ki, “Birləşmiş Ştatlar sanksiyaları tətbiq edəcək”.

Son aylar gözlənən sanksiyalar ucbatından İran iqtisadiyyatı sürətlə pisləşib, bir çox şəhərlərdə iqtisadi tələblərlə aksiyalar keçirilib.

***Buna da bax: İran ABŞ sanksiyalarının bərpasına 1 gün qalmış Avropadan daha 5 təyyarə aldı

Valyuta tranzaksiyalarına gözlənən məhdudiyyətlər isə riala ciddi zərbə vurub.

MƏRKƏZİ BANK SƏDRİNİN MÜAVİNİ SAXLANIB

İran dövlət televiziyasının avqustun 5-də bildirməsinə görə, rialın çöküşünü önləməkdən ötrü xarici valyuta mübadiləsi qaydaları asanlaşdırılacaq. Rial apreldən bəri dəyərinin yarıya qədərini itirib.

Avqustun 5-də İran mərkəzi bankı sədrinin xarici valyuta mübadiləsinə cavabdeh müavini Ahmad Araghchi saxlanıb.

Ahmad Araghchi
Ahmad Araghchi

Ədliyyənin sözçüsü deyib ki, o, bir gün öncə iqtisadi cinayət iddiaları ilə vəzifəsindən uzaqlaşdırılıb.

Tehranın 2015-ci ildə dünyanın altı ölkəsiylə imzaladığı nüvə sazişi onun nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Trump İran hakimiyyətinə qarşı sərt ritorikasına baxmayaraq, iyulun 30-da deyib ki, iranlı həmkarı Hassan Rohani ilə görüşməyə hazırdır, ancaq ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün “heç bir ilkin şərt” qoyulmasın.

Bir gün sonra İranın Xarici İşlər Nazirliyi Trump-ın təklifini rədd edib, bildirib ki, belə danışıqların “dəyəri olmaz”, “alçaldılma” demək olar.

XS
SM
MD
LG