Trump İranın ABŞ dronunu ‘qəsdən’ vurduğuna inanmadığını deyibent Donald Trump belə görünür ki, ABŞ dronunun İran tərəfindən vurulması ilə bağlı hay-küyü sakitləşdirməyə çalışıb.
O deyib ki, ehtimalən bu, “hansısa generalın və ya kiminsə” səhvi olub.
Halbuki iyunun 20-də səhər Trump Ağ Evdə müxbirlərin dron barədə suallarına cavab verərkən çox sərt danışmış, “İran çox böyük səhv edib” demişdi.
O habelə “Birləşmiş Ştatlar buna görə İrana cavab verəcəkmi” sualını “tezliklə görəcəksiniz” şəklində cavablandırmışdı.
Amma daha sonra verdiyi bəyanatda Trump demişdi:
“Düşünürəm ki, İran ola bilsin səhv edib – ehtimal edirəm ki, hansısa general və ya başqa birisi o dronu vurmaqla səhvə yol verib. Dronun içində bizim heç kimimiz yox idi. Sizə deyim ki, bu belə olmasaydı, böyük, çox böyük fərq edərdi”.
Trump Ağ Evdə Kanadanın baş naziri Justin Trudeau ilə görüşü zamanı dronun vurulması barədə deyib:
"Düzünü bilmək istəsəniz, inanmaq çətindir ki, bu, qəsdən edilib”.
Trump əlavə edib ki, ola bilsin dronu “nəzarətsiz və axmaq” hərəkət edən birisi vurub.
O bildirib ki, insident şişirdilib.
İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iyunun 20-də ABŞ dronunu vurduğunu bildirmiş, ABŞ ordusu isə informasiyanı təkzib etmişdi.
İİKK “RQ-4 Global Hawk” dronunu iyunun 20-də səhər, İranın cənubunda bu ölkənin hava məkanına daxil olunca vurduğunu bildirib.
Hadisənin Hormozqan vilayətinin Kouhmubarak bölgəsi yaxınlığında baş verdiyi bildirilir. Bu bölgə Tehrandan 1200 km cənub-şərqdə yerləşir və Hörmüz boğazına yaxındır.
İranın Xarici İşlər Nazirliyi bu dronun uçurulmasını “təxribatçı müdaxilə” adlandırıb.
ABŞ hərbiyyəsi dronun beynəlxalq hava məkanında vurulduğunu bildirir.
Gərginliyin artmasına baxmayaraq Trump da daxil ABŞ rəsmiləri, habelə İran liderləri Fars körfəzində hərbi münaqişə istəmədiklərini bildirirlər.