Mafiya başçısı Vito Corleone Nyu-York bazarında portağal alır, ortancıl oğlu Frederico isə qara «Cadillac»da oturub. Qatillər Vito Corleone-ni maşına sıxışdırıb arxadan güllələyirlər. Frederico panika içində silahını əlindən salır, qatillərsə onu bu qarışıqlığın içində qoyub gedirlər.
Bu, «Xaç atası» (Godfather) filmində Fredo Corleone-nin zəiflik göstərdiyi ilk vəziyyət deyildi. Fredo-nun qorxaq davranışı aktyor John Cazale-nin oynadığı rolu kino tarixində ən faciəvi personajlardan birinə çevirib.
Bu həftə ABŞ prezidenti Donald Trump CNN-in aparıcısı Chris Cuomo-nu tənqid edərkən bu personajın adından istifadə edib: «Mənə elə gəldi Chris Fredo-dur. Həqiqət incidir. O uduzdu! Aşağı reytinq @CNN», – prezident yazıb.
Cuomo isə bu adın İtaliya əsilli amerikalılar üçün etnik təhqir olduğunu deyib. O, hətta bu sözü ABŞ-da işlənməsi ayıb sayılan «nigger» sözünə bənzədib.
«İstənilən halda kimisə «Fredo» adlandırmaq güclü şəxsiyyət anlayışının tam əksidir», – 2012-ci ildə çap olunmuş «Korleone ailəsi» (The Family Corleone) romanının müəllifi Edward Falco «The Washington Post»a deyib.
«Fredo» kimdir
Mario Puzo-nun 1969-cu ildə yazdığı «Xaç atası» romanının iki uğurlu filmə çevrilməsindən bəri Frederico Corleone zəiflik və məğlubiyyət anlayışları ilə assosiasiya olunub.
Əsərdə kriminal qruplar arasında müharibədən sonrakı Nyu-Yorkda Corleone ailəsində hakimiyyətin ötürülməsindən söz açılır. Hakimiyyət ailənin patriarxı Don Vito Corleone-dən kiçik oğlu Michael-a keçməlidir. Atası xəstəxanaya yerləşdiriləndən sonra ailənin böyük oğlu, dəlisov qadın düşkünü Sonny də öldürülür. Kiçik qardaş, sakit və strateji davranan müharibə veteranı Michael çirkli ailə biznesinə baş qoşmağa tərəddüd edir.
Evin onsuz da qüruru zədələnmiş ikinci oğlu Fredo bu işi öz öhdəsinə götürməli olur.
«O, atasını qoruya biləcək qardaş deyil. O, kədərli, …zəif personajdır», – Falco deyib.
Falco «Fredo» kəlməsinin etnik təhqir olması məsələsində Cuomo ilə razılaşdığını deyib. O deyib ki, bu ifadə təkcə «zəif və gücsüz» demək deyil, daha çox «zəif və gücsüz italyan» deməkdir. Onun sözlərinə görə, bu ifadə italyan əsilli amerikalıları təhqir etmək üçün istifadə olunan «guido» sözünə bənzəyir.
«Bu ölkədə italyanların təzyiq və alçalmayla dolu bir tarixi var», – Falco deyib.
Zəif bənd
1891-ci ildə Yeni Orleanda 11 italyan əsilli kişinin qoçu dəstəsi tərəfindən öldürülməsindən az sonra «The New York Times»da dərc edilmiş məqalədə onlar «alçaq və qorxaq siciliyalılar» və «azalmaq bilməyən həşərat» adlandırılmışdılar.
Bu təhqir «Xaç atası»nın ssenarisində də yer alıb. İkinci filmdə Robert De Niro-nun oynadığı gənc Vito Corleone Nyu-Yorkda bir qoçu dəstəsinin başçısını öldürür. Səbəb onun italyan əsilli amerikalıların polisə gedə bilmədiklərini bildiyi üçün onlardan mühafizə pulu tələb etməsi idi.
Ancaq bu hekayə həm də sədaqət, hörmət və ailənin hər şeydən üstün tutulması haqdadır. Falco deyir ki, italyan ailələri üçün bunlar çox ciddi məsələlərdir. Onun sözlərinə görə, təhqir mənasında işlədilən «Fredo» həm də «ciuccio» (eşşək) sözü ilə səsləşir. Bu kəlmə bacarıqsız, daim köməyə ehtiyacı olan ailə üzvünə şamil edilir.
Hətta kiçik Donald Trump-ı və Ağ evin baş müşaviri (və Trump-ın kürəkəni) Jared Kushner-i də «Fredo» adlandıranlar, ailənin zəif bəndləri sayanlar var.
Fredo Corleone Cazale-nin iz buraxmış rollarından biridir. O, cəmi beş bədii filmdə çəkilib, hər biri də «ən yaxşı film» nominasiyasında Oskara layiq görülüb.
Ancaq 1978-ci ildə çəkilmiş «Maral ovçusu» filmindən (bu film də «ən yaxşı film» kateqoriyasında Oskar alıb) sonra Cazale ağciyər xərçəngindən vəfat edib.
Yaşasaydı, aktyorun bu həftə 84 yaşı tamam olacaqdı.