«Turan» İnformasiya Agentliyi haqda vergidən yayınma ilə bağlı qaldırılan cinayət işi dayandırılıb.
Bu barədə agentliyin direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyib:
«Dünən (noyabrın 1-i) məni Baş Prokurorluğa çağırdılar. Bu gün, noyabrın 2-si saat 10:30-da baş prokurorun müavini Rüstəm Usubov məni qəbul etdi. Həmin qərarı mənə təqdim etdi. Bu o deməkdir ki, bizim heç bir cinayət törətmədiyimiz təsdiq olundu. İndi mən Vergilər Nazirliyindən də eyni addımı gözləyirəm. Bilirsiniz ki, bu nazirlik son 3 illə bağlı, 2014-2017-ci il üzrə bizə 27 min manat vergidən yayınma və 10 min manat cərimə yazıb. İndi biz gözləyirik ki, Vergilər Nazirliyinin bu qərarı da ləğv edilsin».
***Buna da bax-Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'
M.Əliyev deyib ki, əgər vergidən yayınma və cərimə ilə bağlı qərar ləğv edilsə, onda onların Vergilər Nazirliyinə qarşı məhkəmə iddiası dayandırılacaq.
«Aparıcı dövlətlər, beynəlxalq təşkilatlar və Azərbaycan ictimaiyyəti bizə böyük dəstək oldular», - M.Əliyev vurğulayıb.
M.Əliyev «Turan» agentliyinə cinayət işinin qaldırılmasını və özünün həbsini hakimiyyətdaxili mübarizənin nəticəsi kimi təqdim edib. O deyib ki, son aylar «Turan»ın işçiləri könüllü fəaliyyət göstəriblər. Bundan sonra fəaliyyətləri tam bərpa ediləcək.
M.Əliyevin deməsinə görə, üstəlik, onun ölkədən çıxışına qoyulan qadağa da götürülüb.
XATIRLAMA
M.Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.
***Buna da bax-Mehman Əliyev: 'Həbsim göstərdi ki, ..'
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib.
Avqustun 31-i i kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.
Sentyabrın 11-i isə prezident İ.Əliyev «Turan» İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsindən ötrü aidiyyəti orqanlara tapşırıq verib. Elə həmin gün məhkəmənin qərarı ilə M.Əliyev ölkədən çıxışına məhdudiyyət qoyulmaq şərti ilə azdlığa buraxılıb.