Azərbaycanda 4- və 5-ulduzlu hotellər könüllü olaraq öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilərdən ötrü bölə bilərlər.
Bu barədə bu gün, aprelin 25-i Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov Bakıdakı «Divan» otelində «Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar» standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.
Sektor müdirinin deməsinə görə, körfəz ölkələri, Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib: «2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3.2 dəfə, Qətərdən 5.5 dəfə, Səudiyyə Ərəbistanından 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist qəbul etmişik».
M.Qəhrəmanov bildirib ki, «Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar» standartının tətbiqində məqsəd Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaqdır: «Malayziyanın təcrübəsi nəzərə alınaraq hətta təklif edildi ki, qadınlara ayrı, kişilərə ayrı mərtəbələr olsun. Eyni zamanda, ailəli şəxslər üçün də ayrı mərtəbələr seçilsin. Biz reallıqları nəzərə alaraq, bunun tam belə olmasının tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsək, bu, iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Amma 4-, 5-ulduzlu hotellər bunu könüllü olaraq, edə bilərlər».
«HEÇ OLMASA, GÜRCÜSTANA BAXIN»
Bu açıqlama cəmiyyətdə müzakirələrə səbəb olub.
İqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycandakı məmurların analiz qabiliyyətləri yoxdur: «O müsəlman turist var ha, o «halallıq» axtarırdısa, bura niyə gəlirdi?! O, öz ölkəsində gizli etdiklərini burada açıq etməyə gəlir. Heç olmasa, Gürcüstana baxın. Son 2 ildə müsəlman ölkələrindən gələn turist sayı 10-12 dəfə artıb, Sizcə, onlar Tbilisiyə halallıq axtarmağa gəlirlər?!», –deyə iqtisadçı sual edib.