Bu ilin 1-ci yarısında Azərbaycana 1 milyon 200 minə qədər xarici vətəndaş səfər edib, bu da əvvəlki illə müqayisədə təqribən 24 faiz çoxdur.
Bu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin saytında iyulun 11-də yerləşdirilmiş məlumatda qeyd edilir. Nazirlik həmçinin əlavə edir ki, ölkədə turizmin inkişafına ildən-ilə daha yaxşı şərait yaradılır.
Buna da bax: “Turist səhər, günorta və axşam kabab yeyəcəksə...”
İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, turistlərin artdığını müşahidə etmək mümkündür, amma məsələ burasındadır ki, 1 milyon 200 min turist də azdır.
Əslində, bu müqayisəni beynəlxalq müstəvidə aparmaq lazımdır. Məsələn, ilin sonuna 2 milyon 400 min nəfərə qədər turist gəlsə, bu, ölkə əhalisinin 24 faizi deməkdir. Müqayisə üçün deyim ki, keçən il Gürcüstana 6 milyona qədər turist gəlib, bu da ölkə əhalisinin 120 faizi deməkdir.
Bəs Gürcüstana qədər gəlmiş turistlərin sərhədi keçib, Azərbaycana da baş çəkməməsinin səbəbləri nə ola bilər?
Buna da bax: Gürcüstan hansı turistləri istəmir
Qubad İbadoğlu deyir ki, Azərbaycanda qalmaq bu ölkədən bahadır, Azərbaycanda 2-3 ulduzlu otellərin sayı azdır, daha çox beşulduzlu otellərdir, Azərbaycanın adı Qərb dillərində dərc olunan xəbərlərdə insan haqlarının pozulması ilə bağlı çəkilir və s.
Biz Bakı sakinlərindən soruşmuşuq ki, onlar özləri harada istirahət etmək istərdilər?
Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
Ərəb turistlər bu ilin statistikasında rekord vurub - rəsmi məlumata görə, bu ilin ortalarına qədər ölkəyə təkcə Birləşmiş Ərəb Əmirliklərindən təqribən 44 min nəfər turist gəlib ki, bu da bir il əvvələ nəzərən 338 faiz artım deməkdir.
Buna da bax: Ərəb turistləri özləri danışır [video]
Qubad İbadoğlu deyir ki, ərəb turistlər bütün regionda aktivləşiblər, onlar Gürcüstana da gedirlər, səbəb həm də onunla bağlıdır ki, İstanbulda son terror hücumlarından sonra onlar Türkiyəyə yox, Türkiyənin qonşularına ayaq açdılar:
"Digər tərəfdən də əlbəttə, Azərbaycan hakimiyyətinin də marağı var ki, turistlər gəlsin, pul xərcləsin. Ona görə də, ərəblər üçün bəzi reyslər daha ucuz başa gəldi. Ərəblər həm də Azərbaycandan tranzit kimi istifadə etməyə başladılar".
Buna da bax: Şahdağdakı turizm kompleksi dövlətə xeyir gətirmir
2015-ci ilin noyabrından sonra Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Azərbaycana gəlmək üçün vizanı Azərbaycanda hava limanından əldə edə bilirlər.
Ərəb turistlərinin sayı 338 faiz artdığı dövrdə Azərbaycana gələn Avropalı turistlərin sayı cəmi 12 faiz artıb.
Avropalı turistləri ölkəyə necə cəlb etmək olar?
Buna da bax: Ekspert: 'Sırf 'Formula-1'ə görə gələn turist çox azdır' [video]
Keçən il Azərbaycana da səfər etmiş macarıstanlı turizm bloqqeri Tamas Kassay deyir ki, Avropalı turistlər rahatlıq istəyir və bunu onlara demək, yəni marketinq lazımdır. Onun sözlərinə görə, Azərbaycan haqda təsəvvür daha çox müharibə ilə bağlıdır, bu imici aradan qaldırmaq lazımdır. Kassay əlavə edir ki, Bakı təhlükəsiz şəhərdir, küçələrdə təhlükəsizlik kameraları var, amma avropalı turistlərə bunu deyən yoxdur:
"Avropalı turistlər bir neçə yerə bölünür. Pensiyaçılar, çox varlılar, adi turistlər və backpackerlər - bir çanta ilə gəzənlər. Hər bir qrupla ayrı işləmək lazımdır. Məsələn, backpackerlər üçün indi trend hiking-dir - piyada gəzmə. Azərbaycan dağ yollarını reklam edə bilər".
Bloqqer əlavə edir ki, Azərbaycanda "Asan Viza" sistemi işə düşsə də hələ də turistlərə ciddi səbəb göstərmədən viza verməkdən imtinalar edilir.
Buna da bax: Qərb ölkələrindən gələn turistlər azalıb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin məlumatına görə, Azərbaycan dövləti turizmi qeyri-neft sektorunun prioritet sahəsi elan edib.