Bakının Xəzər rayonu, Türkan qəsəbəsində sağ olduğu halda, ölmüş kimi rəsmiləşdirilib torpaqları satılmış yaşlı qadınlara kömək etmiş Natiq Məhəmmədsoy bundan az sonra həbs olunmuşdu. O, qadınlara vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə yardım göstərmişdi. Narkotik və qanunsuz silah saxlama ittihamı ilə 1 il 9 ay həbsdə saxlanılan Məhəmmədsoy dekabrın 20-də məhkəmə zalından azadlığa buraxılıb. Xəzər Rayon Məhkəməsində ona bəraət verilib.
Cinayət işinin materiallarında iddia olunurdu ki, Məhəmmədsoyun avtomobilindən və üzərindən odlu silahla narkotik tapılıb. Məhəmmədsoy özü isə ilk gündən deyirdi ki, ittihamlar yalandır, onda nə narkotik, nə də silah olub. İddia edirdi ki, həbsinin səbəbi torpaqları zəbt olunmuş Türkan sakinlərinə yardım etməsidir. Onun sözlərinə görə, bu işin ört-basdır edilməsində maraqlı olan məmurlar vardı, məsələnin yayılmasını istəmirdilər.
Məhəmmədsoy niyə həbs olundu
Söhbət Türkan sakinləri olan 92-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayevadan gedir. Onlar sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilib, adlarına olan torpaq sahələri başqalarına satılıb. Məhəmmədsoyun dəstəyi ilə sonradan adları çəkilən qadınlara vəkil Cavad Cavadovun köməyi ilə hüquqi yardım göstərilib, Baş Prokurorluğa şikayətlər göndərilib, cinayət işi başlanıb, müəyyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə prosesinin gedişində Şabanova vəfat edib.
Zərərçəkmiş qadınların şikayəti üzrə cinayət işi başlanandan az sonra – 2021-ci ilin martında Məhəmmədsoy da həbs edilib. O zaman barəsində narkotik və qanunsuz silah saxlama ittihamı ilə cinayət işi başlananda Xəzər Rayon Məhkəməsində hakim onu həbsə almaqdan imtina etmişdi, istintaq dövrü üçün barəsində ev dustaqlığı-qətimkan tədbiri seçmişdi. Lakin prokurorluq protest vermiş və apellyasiya məhkəməsində Məhəmmədsoyun həbsinə nail olmuşdu. Beləliklə, Məhəmmədsoy 1 il 9 ay həbsdə qaldı.
Məhkəmə araşdırmaları bir il çəkib
"Heç araq içməyən adamı narkotiklə, silahla şərləyib tuturlar. Bu adamı bizə vəkil tapmağa, şikayətlərimizi göndərməyə kömək etdiyinə görə şərləyiblər", – Atayeva və Şabanova onun həbsindən sonra Baş Prokurorluğun qarşısında keçirdiyi etiraz aksiyasında deyirdi.
Məhəmmədsoyun işi üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar təxminən bir il davam edib. İş bir dəfə istintaqa geri qayıdıb, yenidən məhkəməyə gəlib. Vəkil Cavad Cavadov deyir ki, hakim Hüseyn Hüseynov işi obyektiv və hərtərəfli araşdırdı, Məhəmmədsoyun necə saxlandığı, polis idarəsinə hansı şəraitdə gətirildiyi barədə bütün sübutları, videomaterialları qiymətləndirdi: "O sübutlar göstərirdi ki, əslində Natiq Məhəmmədsoy ittihamda yazılan vaxt tamam başqa yerdə olub. "Təhlükəsiz şəhər" kameralarından çıxarışlar götürüldü, anten məlumatları alındı, ekspertizalar keçirildi. Məhkəmə belə olar. Nəticə də bu oldu ki, günahsız bir adam üç uşağının yanına qayıtdı...".
Kimlər cəzalandırıldı
Ahıl qadınların dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda suçlanan beş nəfər də artıq cəzalandırılıb. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, əmlak alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov və Daşqın Nəsirovdur.
Bu beş nəfərdən ikisi həbsdədir. Onlardan da Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Babayev isə 2 il azadlıqdan məhrum edilib. Qalan üç nəfərə isə şərti cəza verilib.
5 il 6 ay şərti cəza alan Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. O, məhkəmə dövründə prokurorluğun depozit hesabına 190 min manat pul köçürüb.
Torpaqları özlərindən xəbərsiz satılmış zərərçəkmişlər məhkəmədə mülki iddia qaldırmışdılar, onlara dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Hakim onların mülki iddiasının baxılmamış saxlanmasına qərar verib.