Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirəcəklər.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, bu barədə bəyanatı dkabrın 20-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu verib:
“Münasibətlərin normallaşması prosesinin başlanması üçün biz xüsusi nümayəndələr təyin etmişik. Onlar ən yaxın bir vaxtda danışıqlara başlayacaqlar”.
Bu da xəbər verilir ki, Ankara Ermənistanla danışıqlara rəhbərlik üçün xüsusi nümayəndə kimi keçmiş təcrübəli diplomat, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı təyin edib.
Ermənistan tərəfindən danışıqlara vitse-spiker Ruben Rubinyan başçılıq edəcək.
Bu arada xəbər verilir ki, Ankara Ermənistanın Türkiyə ilə hava nəqliyyatını bərpa etmək istəyini nəzərdən keçirir.
Çavuşoğlu xatırladıb ki, Ankara Yerevanla münasibətlərin normallaşdırılması üzrə prosesi Bakı ilə məsləhətləşmədə aparır.