Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:14

ABŞ-dan Türkiyənin F-16 qırıcıları üçün 259 milyon dollarlıq avadanlıq


Türkiyə hərbi hava donanmasının F-16 qırıcısı
Türkiyə hərbi hava donanmasının F-16 qırıcısı

ABŞ prezidenti Co Baydenin administrasiyası aprelin 17-də Konqresə Türkiyəyə onun F-16 qırıcıları donanmasının təzələnməsi üçün Ankaraya ümumi dəyəri 259 milyon dollar olan avionika proqramları paketinin satılacağına dair bildiriş verib.

Reuters yazır ki, Türkiyə aviasiyası üçün modernizasiya paketinin verilməsinə dair qərar ABŞ Konqres komitələri başçılarının qeyri-rəsmi razılığı əsasında qəbul olunub.

Lakin buna baxmayaraq NATO üzvü Türkiyənin milyardlarla dollarlıq F-16 qırıcılarının alınmasına dair istəyi Konqresin müqavimətinə görə hələ də reallaşmamış qalır.

Amma Konqres indi sözü gedən avionika paketinə dair qərarı təsdiqləsə, bu, son illərdə Türkiyəyə hərbi avadanlığın ilk satışı olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, “Türkiyə NATO-nun köhnə və dəyərli müttəfiqidir və Bayden administrasiyası onun F-16 donanması avionikasının müasir səviyyədə təkmilləşdirməsini dəstəkləyir”.

Finlandiyanın NATO üzvlüyünə verilən icazə

Sözçü əlavə edib ki, Türkiyə F-16 donanmasının təkmilləşdirilməsi Türkiyə və NATO-nun kommunikasiyalar sahəsində uyğunluğunu yaxşılaşdıracaq, xüsusən də təyyarələrin relyeflə toqquşmadan yayınması sistemini gücləndirəcək.

Reuters qeyd edir ki, F-16 donanmasının modernləşdirilməsinə dair razılaşma Ankara Finlandiyanın NATO üzvlüyü üçün yaşıl işıq yandırandan dərhal sonra əldə olunub.

Bu da bildirilir ki, razılaşmanın əldə edilməsinə, habelə Türkiyə və onun qonşusu Yunanıstan arasında gərginliyin azalması yol açıb.

Bu da xəbər verilir ki, Türkiyə ilə razılaşmanın rəsmi tərəfi Lockheed Martin Corp şirkəti olacaq.

Bu razılaşma Türkiyəyə yeni Lockheed Martin F-16 qırıcılarının və onlar üçün 80 modernləşdirmə dəstinin 20 milyard dollarlıq paketini əhatə etmir.

Türkiyə bu qırıcıların satışını 2021-ci ilin oktyabrında rica edib.

Türkiyəyə “pozitiv mesaj”

Razılaşma ilə tanış olan mənbələrdən biri Reuters agentliyinə deyib ki, administrasiya Konqresi avionika proqramlarına aid bu paketin Türkiyəyə “pozitiv mesaj” olacağına inandıra və onu yola gətirə bilib.

Lakin bu da qeyd olunur ki, bu kiçik texniki dəstək satışı barədə razılaşmanın əldə olunması hələ ABŞ Konqresinin Türkiyəyə daha böyük həcmdə hərbi avadanlığın satışına avtomatik icazə verəcəyi anlamına gəlmir. Belə ki, ABŞ millət vəkillərinin Türkiyədən gözləntisi, onun təkcə Skandinaviya ölkələrinin NATO üzvlüyünə razılıq verməsi ilə məhdudlaşmır.

Konqresmenlər Türkiyədən qonşusu Yunanıstanla gərginliyin birdəfəlik aradan qaldırılmasını, Suriyanın şimalına müdaxiləni dayandırmasını və Rusiyaya qarşı sanksiyalara qoşulmasını gözləyirlər.

Ortaya bu cür şərtlərin qoyulmasının Ankaranı qıcıqlandılracağı ehtimal olunur.

Türkiyə bundan əvvəl bildirib ki, ABŞ ona F-16-ların satışının müqabilində “hüdudsuz” güzəştlər tələb edir, bu isə ədalətli yanaşma deyil.

XS
SM
MD
LG