Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Türkiyə: İsveçin NATO üzvlüyü gələn həftə baş tutmayacaq - Reuters


Türkiyə NATO-ya məlumat verib ki, İsveçin alyans üzvlüyünə qəbulu mərasimi blokun xarici işlər nazirlərinin gələn həftə keçiriləcək görüşünədək baş tutmayacaq.

Bunu Reuters agentliyi məsələ ilə tanış iki mənbəyə istinadla bildirib.

Ötən həftə Türkiyə parlamentinin xarici işlər komissiyası İsveçin NATO üzvlüyü üçün protokolunun səsə qoyulmasını təxirə salıb.

Bildirilir ki, Türkiyə tərəfi məsələ barəsində danışıqların davam etdirilməsini istəyir.

Mənbələrdən biri deyib ki, parlament komissiyası bu məsələnin müzakirəsini gələn həftənin ortalarında davam etdirəcək.

NATO xarici işlər nazirlərinin Brüsseldəki görüşü də məhz həmin tarixlərdə, noyabrın 28-29-da keçirilməlidir. Bu isə o deməkdir ki, İsveçin bu görüşdə alyansa qəbulu baş tutmayacaq.

Reuters bildirir ki, Türkiyə XİN bu məsələ ilə bağlı hələ şərh verməyib.

Türkiyənin tələbləri

İsveç və Finlandiya NATO-ya üzvlük üçün Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumundan az sonra, 2022-ci ilin mayında müraciət etmişdilər.

Elə o vaxt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə qarşı çıxmışdı. O Stokholm və Helsinkini Ankaranın terrorçu hesab etdiyi şəxs və təşkilatları himayə etməkdə günahlandırırdı.

Daha sonra, bu ilin aprelində Türkiyə Finlandiyanın NATO üzvlüyü üçün protokolunu ratifikasiya etdi, amma İsveçin məsələsi təxirə salındı.

Türkiyə İsveç hökumətindən bu ölkədəki PKK üzvlərinə qarşı daha sərt mövqe tutmasını tələb edirdi.

Lakin Ankara son aylarda İsveçin alyans üzvlüyü məsələsinin də tezliklə parlamentdə müzakirə olunacağını vəd etmiş və Qərb müttəfiqlərində ümid yaratmışdı.

XS
SM
MD
LG