Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

Türkiyə parlamentinin komissiyası İsveçin NATO üzvlüyü protokolunu qəbul edib


Türkiyə parlamentinin xarici işlər komissiyası İsveçin NATO üzvlüyünə dair müraciətini qəbul edib.

Bu o deməkdir ki, İsveçin NATO üzvlüyünə qəbulu Ankaranın iradına görə 19 aylıq ləngimədən sonra gerçəkləşə bilər.

Reuters yazır ki, prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının çoxluğa malik olduğu komissiyada, İsveçin müraciətinin qəbulu barədə qərar 4 saat davam edən debatlardan sonra təsdiqlənib.

Beləliklə, İsveçin NATO üzvlüyü üçün sənədlərinin qarşısında duran növbəti mərhələ parlamentdə keçiriləcək səsvermədir.

Reuters mənbələrə istinadla yazır ki, səsvermənin yaxın həftələrdə keçiriləcəyi və sənədin qəbul olunacağı gözlənilir.

Bundan sonra Ərdoğan bu qərar haqqında qanunu imzalamalıdır.

NATO qərarı “əla xəbər” adlandırıb

Bununla belə komissiyanın sədri Fuad Oktay qərarın parlamentdən sürətlə keçəcəyinə dair gözləntilərlə tələsməməyə çağırıb. O bildirib ki, səsvermənin tarixi barədə qərarı parlamentin spikeri qəbul etməlidir. Parlament yanvarın əvvəlində iki həftəlik tətilə çıxacaq.

Ərdoğanın AKP partiyası, onun müttəfiqi olan Milliyyətçi Hərəkət Partiyası (MHP) və əsas müxalifət partiyası – CHP komissiyada qərarın leyhinə, sağ millətçi İYİ və Səadət partiyaları əleyhinə səs veriblər.

İsveçin xarici işlər naziri Tobias Billström deyib ki, Stokholm Türkiyə parlament komissiyasının qərarını alqışlayıb.

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruj (Boris Ruge) X platformasında hadisəni “əla xəbər” adlandırıb.

Bundan əvvəl

Bundan əvvəl Ankara Stokholmdan Kürdüstan İşçi Partiyası – PKK üzvlərinə qarşı daha sərt davranış tələb etmişdi.

PKK həm ABŞ-da, həm də Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

Türkiyənin bu tələbinə cavab olaraq İsveç yeni antiterrorizm qanunu qəbul edib.

Bu qanunda terrorçu təşkilatların üzvü olmaq cinayət əməli hesab olunur.

Bundan başqa İsveç Türkiyə üzərindən silah embarqosunu qaldırıb.

Bəzi NATO üzvləri İsveçin alyans üzvlüyü üçün protokolun Türkiyə tərəfindən təşkilatın noyabrın 28-29-da Brüsseldə keçirilən sammitinədək ratifikasiya olunacağını gözləyirdi.

Adının çəkilməsini istəməyən vəzifəli ABŞ rəsmisi demişdi ki, protokolun bu ilin sonunadək ratifikasiya olunacağı gözlənilir.

XS
SM
MD
LG