Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:51

Türkiyə Rusiyaya sanksiyalı malların tranzitini dayandırıb - Qərb mediası


Türkiyə Ukraynada müharibənin başlanmasından bir il sonra, habelə ABŞ və Avropanın təzyiqi ilə sanksiya altında olan malların Rusiyaya tranzitini dayandırıb.

Reuters bu məlumatı ölkənin ixracat üzrə vəzifəli rəsmisinə istinadla yayıb.

İstanbul Dəmir və Qeyri-dəmir Metal İxracatçıları Assosiasiyasının rəhbəri Çetin Tecdelioğlunun sözlərinə görə Türkiyə hökuməti şirkətlərə qadağan olunmuş malların siyahısını verib və bu malların martın 1-dən etibarən Rusiyaya göndərilməsini qadağan edib:

"Hansı ölkədən gəlməsindən asılı olmayaraq bu siyahıdakı malların Rusiyaya göndərilməsi bloklanıb”.

Avropa İttifaqının bir rəsmisi Reuters agentliyinə deyib ki, Türkiyə martın 1-dən etibarən Aİ, ABŞ və Britaniyanın sanksiya siyahısında olan malların Rusiyaya tranzitini dayandıracağına dair Avropa Komissiyasına şifahi zəmanət verib.

Rəsmi Ankara susur və susmalıdır?

Reuters yazır ki, Türkiyənin Ticarət Nazirliyi bu xəbəri hələ ki şərh etməyib.

Rusiyalı ekspertlər bunu təbii sayırlar, çünki Ankara bu tranziti dayandırdığını elan etsə, indiyədək Rusiyaya sanksiyalı malları ötürdüyünü təsdiq etmiş olacaq.

Qərb ölkələri Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlanandan dərhal sonra Rusiyanın üzərinə rekord sayda ağır sanksiyalar qoyub.

Buna baxmayaraq Rusiyanın Qara dəniz üzərindən, qonşusu Türkiyədən və dünyanın bir neçə başqa ticarət qovşaqlarından təchizat kanalı açıq qalırdı.

ABŞ bu kanalların qapadılması məqsədilə həmin qovşaqlara Rusiyaya kimya sənayesi materiallarının, mikroçiplərin və Moskvanın müharibədə istifadə edə biləcəyi başqa malların ixrac olunmamasına dair xəbərdarlıq edib.

Türkiyənin bu qadağanda da xeyri var

NATO üzvü olan Türkiyə indiyədək Moskva ilə Kiyev arasında balanslı siyasət yürütməyə çalışırdı. Ankara Moskva üzərinə sanksiyalara rəsmən qoşulmasa da bildirmişdi ki, onun ərazisindən sanksiyalardan yan keçilməsi üçün istifadə edilməyəcək.

Türkiyə bunu da bildirirdi ki, onun ərazisindən Rusiyaya tranzit edilən malların heç birindən müharibə məqsədilə istifadə olunmamalıdır.

Reuters yazır ki, Qərb hökumətlərindən gələn “ciddi xəbərdarlıqlar” eyni zamanda Türkiyənin işinə yarayıb, belə ki Ankara Avropa İttifaqı ilə qarşıdurmadan xilas olub.

Tecdelioğlu xatırladıb ki, Avropanın vahid gömrük ittifaqına daxil olan Türkiyənin ixracatının yarısı Avropa İttifaqına gedir.

Lakin Reuters yazır ki, Türkiyənin özündə istehsal olunan mallar, komponentlərinin arasında Qərb istehsalı elementlər olsa da Rusiyaya məhdudiyyətsiz göndərilə bilər.

Türkiyəni Qazaxıstan əvəz edir?

Tecdelioğlu deyib ki, Türkiyənin qadağanı ilə bağlı Rusiya idxalçıları Qazaxıstan və başqa bazarlarda axtarışa başlayıblar:

“Onları daha qiymət məsələsi qətiyyən narahat etmir”.

Reuters bundan əvvəl xəbər vermişdi ki, Rusiya şirkətləri Qazaxıstandakı partnyorlarına Qərb tərəfindən qadağan edilmiş malların alınması üçün müraciət edirlər.

Oktyabrın 31-ə olan məlumata görə Rusiyaya 2.6 milyard dollarlıq kompüterlər və başqa elektronika avadanlığı gətirilib.

Bunun təxminən 777 milyon dolları Qərb şirkətləri tərəfindən istehsal olunmuş mallardır. Bu elektronika cihazlarının içindəki çiplər Rusiyanın silah sistemində aşkar edilir.

XS
SM
MD
LG