Abbas Cavadi yazır ki, keçmiş xarici işlər naziri Ahmet Davutoğlunun “bütün qonşularla sıfır problem” prinsipi uzun illər ərzində prezident Recep Tayyip Erdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) xarici siyasətində aparıcı istiqamət olub.
“Bir neçə il bundan əvvəl Türkiyədə hökumətə qarşı etirazlar dalğası başlanandan, habelə Yaxın Şərqi və Şimali Afrikanı “Ərəb baharı” bürüyəndən bəri hər şey düz getməməyə başlayıb, - yazır Cavadi, - Türkiyənin regional ölkələr və qonşuları ilə nəinki problemləri üzə çıxıb, hətta ciddi münaqişələri baş verib”.
Bu gün Ankaranın birbaşa marağı olan elə bir ölkə yoxdur ki, Türkiyənin onunla problemləri olmasın.
“Amma bu “sıfır problem” siyasəti işləyirdi, - yazır Cavadi, - Yaxşı da işləyirdi”.
Məqalədə deyilir ki, AKP 2002-ci ildə hakimiyyətə gələndə, Avropa İttifaqına (Aİ) üzvlük hələ onun baş prioriteti idi. Təzə-təzə Erdoğanın “mühafizəkar-islamçı” hökumətinə istər Vaşinqtonda, istərsə də Avropa paytaxtlarında Qərb demokratiyaları ilə müsəlman Yaxın Şərqi arasında “nümunəvi körpü” kimi baxırdılar.
Ankaranın Ermənistan və Yunanıstanla problemləri, Şimali Kipr məsələsinin olmasına baxmayaraq Ankara ümumilikdə Aİ siyasətlərinə meyllənirdi.
“Hamı ilə gur ticarət”
Abbas Cavadi yazır ki, Türkiyə Suriya prezidenti Bashar al-Assad-ın hökuməti ilə də çox yaxşı münasibətlərə malik idi və hətta Erdoğan Assadla çox mehriban şəxsi bağlar qurmuşdu.
Gürcüstan və İranla da böyük problemlər yox idi. Türkiyə hətta Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında vasitəçilik təklif edirdi.
Rusiya “yaxın dosta” çevrilmişdi. Cavadinin fikrincə, iki dəniz qonşusunun münasibətləri o qədər yaxşı idi ki, hətta Ankaranın NATO müttəfiqləri arabir narahat olurdular.
İraqla münasibətlər bir balaca gərgin idi, çünki Bağdadda şiə hökuməti oturmuşdu, Türkiyə isə sünni müsəlman ölkəsidir.
Bundan başqa Şimali İraqdakı muxtar kürd hökuməti özünü yarımmüstəqil dövlət kimi apaprırdı. Türkiyə və kürd muxtar hökuməti öz aralarında olan iqtisadi münasibətləri inkişaf etdirməyə can atsalar da, Ankara mərkəzi Bağdad hökumətini qıcıqlandırmamağa çalışırdı.
Ankara məqam düşdükcə əmin edirdi ki, Erdoğan administrasiyası başqa ölkələrin daxili işlərinə qarışmaq niyyətində deyil.
Cavadi yazır ki, “hamı ilə gur ticarət” AKP-dən olan “mötədil islamçıların” hökuməti üçün şüara çevrilmişdi.
Erdoğan səfər etdiyi bütün ölkələri sadalayanda, həm də bu ölkələrlə artan ticari-iqtisadi əlaqələrdən də söz açırdı.
Bütün bunlar, hardasa 2013-ci ilədək davam etdi və sonra hər şey dağılmağa başladı” - yazır Abbas Cavadi.
Nə baş vermişdi?
Bəli, nəsə düz getməmişdi, amma nəyin düz getmədiyini demək çətindir” - yazır Cavadi.
Məqalədə deyilir ki, 2013-cü ildə bir qrup cəsarətli prokuror rüşvət qalmaqalı qaldırmışdı. Onlar AKP hökumətini səlahiyyətlərindən sui-istifadədə, bir neçə hökumət naziri və rəsmisini isə korrupsiyada ittiham edilirdilər.
Bir vaxtlar Türkiyə Suriya prezidenti Bashar al-Assad-ın hökuməti ilə də çox yaxşı münasibətlərə malik idi və hətta Erdoğan Assadla çox mehriban şəxsi bağlar qurmuşdu
Erdoğan və AKP liderləri bu ittihamları rədd etsələr də, sonradan buna qızıl alveri ilə məşğul olan İran tacirinin ABŞ sanksiyalarını pozması ittihamı ilə Amerika prokurorluğunun təhqiqatı ilə cavab verdilər.
Cavadi yazır ki, Erdoğan çox çevik şəkildə özünün sevimli rolu olan “qurban” rolunu oynadı.
O sürgündə olan müsəlman vaizi Fethullah Güleni AKP hökumətinə qarşı “beynəlxalq qəsd” hazırlamaqda və Türkiyədə “parallel dövlət” yaratmaq cəhdində ittiham etdi. Bundan sonra onun daxili müxalifətə və xarici ölkələrə, ələxüsus da Qərbə ünvanlanmış tənqidlərinin kəskinliyini artdı.
İndi artıq hökumətdən və AKP-dən kənarda olan kim vardısa, hamısını bu “qəsdin” iştirakçısı elan edirdilər. Bunun ardınca Erdoğan hökumətinin rəsmilərinə qarşı korrupsiya ittihamı irəli sürmüş prokurorların özlərini həbs etdilər, onların həbs etdikləri şəxsləri isə buraxdılar.
Ərəb baharı
2012-2013-cü illər həm də Suriya, Misir və Tunisdə qopmuş “Ərəb baharı”nın vaxtı idi.
Abbas Cavadi yazır ki, bütün bu ölkələrdə Türkiyə islamçı müxalifəti dəstəkləyirdi.
Beləliklə, Erdoğan dünənədək yaxşı münasibətlərdə olduğu rejimlərə qarşı konkret islamçı qruplaşmalara dəstək verirdi.
Lakin islamçılar Erdoğanın gözləntilərinə rəğmən Suriyada uğur qazana bilmədilər, Misirdə isə onların hakimiyyəti çox qısa ömürlü oldu.
Bu məqamda Erdoğan qonşu ölkələrdəki qiyamçı qruplaşmaları pul və silahla dəstəkləməyə başlamışdı. Onun bu dəstəyi radikal, silahlı islamçıları da istisna etmirdi.
Bir tərəfdən Suriya və Rusiya ilə qarşıdurma, digər tərəfdən İraqda sünni-şiə qarşıdurması Erdoğanı daha aqressiv, məzhəbçi və sünnipərəst siyasət və ritorikaya itələdi. Bu cür ayrıseçkili münasibət Türkiyənin öz daxilindəki ələvi azlığını, o cümlədən İranı incitmiş oldu. Bundan sonra artıq Ankara yalnız köhnə və zəngin sünni müttəfiqi Səuduyyə ilə normal münasibətlərə malik idi.
Qərbin nigarançılığı
Eyni zamanda Qərb ölkələri Türkiyənin insan haqları və mediaya qarşı daha aqressiv və daha radikal münasibətindən narahat idilər. Onları həmçinin Erdoğanın öz hakimiyyət səlahiyyətlərini artırma səyləri və tərzi narahat etməyə başlamışdı.
Sonunda Qərb Türkiəynin açıq tənqidinə keçdi. Avropa ölkələri Erdoğanın avtoritar hakimiyyət tərzini tənqid edirdilər.
Cavadi yazır ki, beləliklə də, başqa ölkələrin daxili işlərinə qarışmamaq, “ilk növbədə dostluq və əməkdaşlıq” kimi uzun müddətdə Türkiyəyə xidmət göstərən siyasət qısa zamanda havaya sovruldu”.
Məqalədə deyilir ki, indi Türkiyənin sözün əsl mənasında yalnız bir dostu qalıb: Səudiyyə Ərəbistanı.
Baqşqa sözlərlə bu gün Vaşiqntondan Moskvaya, Tehrandan Bağdad və Dəməşqə Türkiyənin birbaşa qonşuluğunda elə ölkə yozxdur ki, Ankaranın onunla problemi olmasın.
Bu yaxınlarda Türkiyənin Avropa İttifaqı üzvlüyü barədə suala cavab verən Britaniya baş naziri David Cameron “bu gedişlə Türkiyə 3000-cü ildək Avropa İttifaqına qoşulmağa hazır olmayacaq” cavabını vermişdi.
Bütün bunlar öz növbəsində Erdoğana Qərb ölkələrini Türkiyəyə qarşı “qəsddə” ittiham etmək bəhanəsi verdi.
“Doğrudur, Türkiyə prezidenti özünün “Qərb qəsdi” iddiasına bir gün sonra etdiyi çıxışında yeni bir element əlavə etmişdi ki, bəs, “Qərb bizim su bəndlərimizə, körpülərimizə və metrolarımıza paxıllıq edir” – yazır Abbas Cavadi.