Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:20

Minlərlə türkmən Türkiyəni tərk etmək tələbi ilə üzləşir


İstanbulda iş axtarmaq üçün küçədə gözləyən türkmən miqrantlar.
İstanbulda iş axtarmaq üçün küçədə gözləyən türkmən miqrantlar.

Türkmənistan vətəndaşlarının ən çox üz tutduğu ölkələrdən biri Türkiyədir. İndi minlərlə türkmən Türkiyədən çıxmağa məcbur edilir. Ankara son aylarda sənədləri qaydasında olmayan şəxslərə təzyiqi gücləndirib.

Türkiyədə yaşayan Türkmənistan vətəndaşlarının sözlərinə görə, polis sənədsiz miqrantları işə götürən iş yerlərinə reydlər keçirir.

"Türkiyədə miqrantlara qarşı kampaniya gücləndirilib. Sentyabrın 25-dən bəri polis fabrik və restoran mətbəxlərinə daxil olaraq miqrant işçiləri saxlamağa başlayıb. Saxlanan şəxslər dərhal deportasiya mərkəzlərinə aparılır", - İstanbulda yaşayan bir qaynaq AzadlıqRadiosuna belə deyib.

"Son nəticədə polis səni deportasiya edəcək"

"İndən belə Türkiyədə qalmağın anlamı yoxdur. Burada rəsmi iş icazəsi almaq mümkünsüzdür. Qanunsuz çalışa bilərsən, ancaq son nəticədə [polis] izinə düşüb səni deportasiya edəcək", - bir Türkmənistan vətəndaşının sözləridir.

Aşqabaddakı qaynaqların bilgisinə görə, avqust və sentyabr aylarında Türkiyənin deportasiya mərkəzlərinə yerləşdirilmiş 2 min 500-dək türkmən vətənə göndərilib.

Deportasiya mərkəzlərində ilişib qalan vətəndaşlarının təyyarə biletini ilk vaxtlar Aşqabad ödəyirmiş. Ancaq indi Türkmənistan hökuməti deportasiya olunanlardan bütün xərcləri özlərinin ödəməsini tələb edir.

Türkmənistan rəsmiləri müstəqil mediaya danışmaqdan imtina etdiyi üçün AzadlıqRadiosu onlardan heç bir şərh ala bilməyib.

Türkiyənin Miqrasiya Agentliyi sentyabrın ortalarında Türkiyədə qanunsuz yaşayan 198 minədək Türkmənistan vətəndaşının olduğunu bildirib. Bu, ötən ilin sentyabrı ilə müqayisədə kəskin azalma deməkdir. Miqrasiya qurumlarının məlumatına görə, ötən ilin sentyabrında 230 min Türkmənistan vətəndaşının əlində qüvvədə olan Türkiyə yaşayış icazəsi, yaxud vizası varmış.

Türkiyədə türkmən miqrant
Türkiyədə türkmən miqrant

Türkiyə və digər ölkələrdə yaşayan Türkmənistan vətəndaşlarının gerçək sayının rəsmi rəqəmlərdən xeyli yüksək olduğu düşünülür. Bir çox insan viza və digər sənədlərinin müddəti bitsə də, xaricdə qalmağa üstünlük verir.

Türkmənistanın səfirlikləri artıq vətəndaşlarının vaxtı keçmiş, yaxud itirilmiş pasportlarını yeniləmir və onların bu xidmətlər üçün Türkmənistana qayıtmasında israr edir. Ancaq türkmənlər vətənə dönməyə tərəddüd edirlər, çünki onların ölkədən çıxmasına hökumət rəsmilərinin mane olacağından qorxurlar. Türkmənistanda əhali sayı aramsız azaldığından son illərdə hökumətin belə davranışı adi hal alıb.

Vizasız gediş-gəliş qaydaları ləğv edilib

Türkiyənin qanunsuz miqrantlara qarşı apardığı kampaniyanın bu son dalğası iyul ayında başlanıb. Ancaq Türkmənistan vətəndaşları hələ ötən ilin sentyabrından miqrasiya problemləri ilə üzləşirlər. Türkiyə o vaxtdan Aşqabadın tələbi ilə Türkmənistan vətəndaşlarına vizasız gediş-gəliş qaydalarını ləğv edib.

Vətəndaşlarının hərəkət azadlığını və digər təməl insan haqlarını məhdudlaşdırması ilə tanınan avtoritar hökumət Ankaraya üz tutaraq Türkmənistan vətəndaşlarının Türkiyədə vizasız 30 gün qalmasına icazə verən qaydanı ləğv etməsini istəyib.

Vizasız rejim Türkmənistan vətəndaşlarına viza müddətini uzatmaq, oturum icazəsi almaq və siyasi sığınacaq istəmək imkanı verirdi.

Vətənə dönənlər yenidən ağır xroniki işsizlik, geniş yayılmış səfalət və kök atmış korrupsiya ilə üzləşməli olur. Zəngin mineral sərvətləri olan Türkmənistanın təbii qazdan əldə etdiyi nəhəng gəlirlər adi türkmənlərə gedib çatmır.

İnsanlar səyahət və ya iş sənədləri üçün müraciət etmək üçün Aşqabaddakı Rusiya səfirliyinin qarşısında gözləyirlər.
İnsanlar səyahət və ya iş sənədləri üçün müraciət etmək üçün Aşqabaddakı Rusiya səfirliyinin qarşısında gözləyirlər.

Türkiyədən deportasiya edilən türkmənlərin çoxu artıq Rusiyaya üz tutmaq haqda düşünür. Rusiyada Türkmənistan və qonşu Orta Asiya ölkələrindən olan milyonlarla miqrant yaşayır.

Bir neçə türkmən Azadlıq Radiosunun türkmən xidmətinə bildirib ki, bəzi insanlar Rusiya vizasını və təyyarə biletini ala bilmək üçün yüksək faizlə borc götürür. Onlar Rusiyada iş tapacaqlarına və, beləliklə, borclarını ödəyə biləcəklərinə ümid edirlər.

Marı şəhərində yaşayan bir sakin oktyabrın 9-da Azadlıq Radiosuna bu əyalətdən çox sayda qadının iş axtarmaq üçün Rusiyaya getdiyini bildirib: "Marıdan olan qadın miqrantların çoxu Soçiyə gedir. Onlar orada restoranlarda və otellərdə çalışırlar".

"Qolumu, ayağımı qırsam, əl tutanım olmayacaq"

Vətəndə iqtisadi imkanlar çox az olduğundan xaricdə işləyənlərin ailə üzvlərinə göndərdiyi pul bir çoxlarının yeganə gəlir mənbəyidir.

Vətəndəki iqtisadi durum çox sayda Türkmənistan vətəndaşını Türkiyədə qalaraq orada polis tərəfindən tutulmaq, yaxud işəgötürən tərəfindən istismar olunmaq riski qarşısında qanunsuz işləməyə vadar edir.

Bu il Mərdan adlı 31-yaşlı türkmən AzadlıqRadiosunun Mərkəzi Asiya Miqrant Bölməsinə müsahibəsində sənədi olmasa da, Türkiyədə qalmağa qərar verdiyini, orada bir daşıma şirkətində işlədiyini deyib: "Bu, qanunsuz işdir. İş icazəm olmadığından tibbi sığorta ala bilmirəm. İş qəzası baş versə, qolumu, ayağımı qırsam, əl tutanım olmayacaq".

Xaricdə çalışan çox sayda digər həmvətəni kimi, Mərdan da bütün çətinliklərə dözməyə məcburdur. Axı bilir ki, Türkmənistandakı ailəsi onun Türkiyədən göndərdiyi puldan asılıdır.

XS
SM
MD
LG