Qardaşlar TV proqramından sonra həbs olunublar
Keçmiş qəzet redaktoru Ahmet Altan və tanınmış alim Mehmet Altan "təhtəlşüura təsir edən mesajlar"a görə saxlanılıblar
İyulda baş vermiş çevriliş cəhdindən bəri Türkiyədə hökumət tənqidçilərinin həbsi ara vermir. Polis jurnalist və yazıçı Ahmet Altanı və onun qardaşı, tanınmış alim Mehmet Altanı həbs edib.
Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»
"Anadolu" dövlət xəbər agentliyi bildirir ki, qardaşlar iyulun 14-də verdikləri televiziya müsahibəsində "çevriliş barədə təhtəlşüura təsir edən mesajlar" ittihamı ilə saxlanılıblar.
Hökumət onları Gülenin şəbəkəsinə yaxın sayır
Ahmet Altan 2012-ci ildə 5 il gündəlik "Taraf" qəzetinin baş redaktoru olub. "Taraf" çevriliş cəhdindən bəri bağlanmış 100-dən çox nəşrdən biridir. Hökumət bu qəzeti Fethullah Gülen şəbəkəsinə yaxın sayırdı.
Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?
Qardaşlar iyulun 14-də verdikləri televiziya müsahibəsində "çevriliş barədə təhtəlşüura təsir edən mesajlar" ittihamı ilə saxlanılıblar.
İstanbul Universitetində çalışan tanınmış iqtisadçı alim Mehmet Altanın müsahibəsini yayımlamış "Can Erzincan TV" kanalı da bağlanıb. Onun da Gülenlə əlaqəli olduğu iddia olunur. Proqrama qatılan tanınmış jurnalist Nazlı İlıcak da həbs olunub. Onu iyulun 29-da terrorizm ittihamı ilə həbs ediblər.
Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub
Vəkil Veysel Ok deyib ki, qardaşların həbsindən bəri onların heç biri ilə danışa bilməyib. Hazırda vəkilin özü də yalnız Anadolu agentliyinin verdiyi məlumatlardan xəbərdardır. O, Altan qardaşlarının nədə ittiham olunduğunu bilmir.
Açıq məktubda hökuməti qınayıblar
Türkiyədə iyulda baş verən çevriliş cəhdindən bəri azı, 100 jurnalist həbs olunub.
Aralarında Elena Ferrante, JM Coetzee və türkiyəli Nobel mükafatı laureatı Orhan Pamukun da olduğu 54 yazıçı, alim və naşir Altan qardaşları və həbsdə olan digər yazıçı və jurnalistlərə açıq məktub ünvanlayıblar. Onlar "hökumətin baxışlarını paylaşmayan ən parlaq ziyalı və yazıçılara düşmənçiliyini" qınayıblar:
Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?
“Hökumətin çevriliş cəhdindən sonra müvəqqəti fövqəladə vəziyyət elan etməsi anlaşılandır. Ancaq baş tutmamış çevriliş cəhdi McCarthy üslubunda cadugər ovu üçün bəhanə olmamalıdır... Biz, yazıçı, alim və söz azadlığının müdafiəçiləri olaraq tanıdığımız və hörmət etdiyimiz həmkarlarımızın fövqəladə vəziyyət qaydaları ilə həbsindən xüsusilə narahatıq".
Türkiyədə iyulda baş verən çevriliş cəhdindən bəri mediaya basqılar çoxalıb. Azı, 100 jurnalist həbs olunub. Fövqəladə vəziyyət elan olunandan, hökumət 102 media qurumunun bağlanmasına göstəriş verib. Onlardan 45-i qəzet, 16-sı televiziya kanalı, 3-ü xəbər agentliyi, 23-ü radiostansiya, 15-i dərgi, 29-u nəşriyyatdır.
Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb
Bir çox jurnalistin ölkədən çıxmasına qadağa qoyulub
Bütövlükdə 2 min 308 media işçisi və jurnalist işini itirib. Hökumətin verdiyi yüzlərlə akkreditasiya ləğv olunub. Bundan başqa naməlum sayda jurnalistin pasportu ləğv edilib. Bu, onların ölkədən kənara çıxmasına qadağa deməkdir.
Tanınmış yazıçı və hüquq müdafiəçiləri də terrorizm ittihamı ilə həbs ediliblər. Onların arasında tanınmış romançı Aslı Erdoğan və linqvist Necmiye Alpay da var.