Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:34

Türkmənistan və İran qaz müqaviləsi imzaladılar


Türkmənistan-İran qaz kəməri
Türkmənistan-İran qaz kəməri

Türkmənistan və İran ildə 10 milyard kubmetr türkmən qazının İrana nəqlinə dair müqavilə imzalayıblar.

Məlumatda deyilir ki, daha sonra təbii qaz İrandan İraqa nəql olunacaq.

Bu barədə məlumatı yayan Türkmənistan XİN İrana veriləcək qazın qiymətlərini açıqlamayıb.

Nazirliyin məlumatına görə qazın nəqli üçün İran və Türkmənistan arasında 125 kilometrlik kəmər çəkiləcək.

Məlumatda bundan başqa qeyd olunur ki, Aşqabad ümumilikdə İrana qaz ixracını artıraraq ildə 40 milyard kubmetrə çatdırmağı planlaşdırır.

166 illik ehtiyat

İranın özü həcmlərinə görə dünyanın ikinci qaz ehtiyatına malikdir və dünya üzrə mədən yanacağının üçüncü hasilatçısıdır. Lakin qaza artan daxili tələbat ölkənin qaz ixrac etmək imkanlarını məhdudlaşdırır.

Xəbərdə deyilir ki, Türkmənistanla müqavilə İranın ixrac öhdəliklərinə əməl etməsinə kömək edəcək.

Türkmənistan bundan əvvəl də İranla qaz mübadiləsi edib, lakin mübadilə olunan yanacağın həcmləri xeyli az olub.

Qaz ixracından əldə olunan gəlirlər Türkmənistan büdcəsinin nəhəng hissəsini təşkil edir.

Türkmənistan təsdiq olunmuş qaz ehtiyatlarına görə dünyada dördüncü ölkədir və ehtiyatları 14 trilyon kubmetr civarında təxmin edilir.

Ölkə hazırda ilə 80 milyard kubmetr qaz hasil edir, bu isə o deməkdir ki, onun ehtiyatları 166 il müddətində istismar oluna bilər. Bu, qlobal miqyasda son dərəcə yüksək göstəricidir.

Qazın Azərbaycana nəqlinə İran və Rusiya mane olurlar

Bununla belə Türkmənistan öz qazı üçün bazar tapmaqda çətinlik çəkir. Ərazisi Rusiya, Özbəkistan, İran və Xəzər dənizi ilə əhatələnən Türkmənistan maye qazını hələ ki, dünya bazarına çıxara bilmir.

Türkmənistanın əsas qaz müştərisi Çindir. Bundan başqa Aşqabad Əfqanıstan, Pakistan və Hindistana qaz boru kəmərləri layihələri üzərində işləyir.

Türkmənistan onilliklərdir ki, öz qazını həm də Xəzər üzərindən Azərbaycana, oradan isə Avropaya nəql etməyi nəzərdən keçirir, lakin bu planlara İran və əvvəllər Avropanın ən böyük təchizatçısı olmuş Rusiya mane olurlar.

Avropanın özü də Rusiya qazından imtina etdikdən sonra Transxəzər kəmərinin nə vaxtsa çəkiləcəyinə ümid edir.

XS
SM
MD
LG