Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Türkmənistanda görünməmiş etiraz aksiyası


Arxiv fotosu
Arxiv fotosu

Anonimlik şərtilə danışan sakinin sözlərinə görə, adamlar “hakimiyyəti açıq tənqid etməyə, narazılıq bildirməyə” başlayıblar

Türkmənistanın Marı vilayətində polisin müvəqqəti bazarı dağıtmaq cəhdindən sonra onlarla adam magistral yolu bağlayıb. Bu, sərt nəzarət altında olan Orta Asiya ölkəsində nadir etiraz aksiyası sayılır.

Pal-paltar, məişət əşyaları satılan müvəqqəti bazarı yerli satıcılar yanvarın ortasında yaradıblar. Bu, koronavirusun yayılmasını önləmək tədbirləri çərçivəsində Marının Bayramalı rayonunda mərkəzi bazarın bağlanmasından sonra baş verib.

“İki həftə sonra, yanvarın 31-də yerli hakimiyyət əməkdaşları polisin müşayiətilə ilə bazara gələrək alverçiləri və müştəriləri dağıtmağa çalışıblar”, – insidentin şahidi olmuş Bayramalı sakini AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Etirazın lideri olmayıb

Anonimlik şərtilə danışan sakinin sözlərinə görə, adamlar bu zaman “hakimiyyəti açıq tənqid etməyə, narazılıq bildirməyə” başlayıblar ki, bu da hökumətin fərqli fikrə dözümsüz yanaşdığı ölkədə nadir hadisə sayılır.

Əraziyə yığışanlar rəsmilərlə razılaşmayaraq deyiblər ki, hökumət onlara əsas bazar bağlanandan sonra gəlirlərini itirmələrinə görə heç bir kompensasiya təklif etməyib. Müştərilərsə başqa heç yerdə məişət əşyalarını ala bilmədiklərini söyləyiblər.

“Sonra satıcılar mallarını Mədəniyyət yoluna qoyaraq, onu bağladılar”, – sakin deyib.

“Bu spontan etirazın lideri olmasa da, adamlar çox yaxşı təşkilatlanmış kimi davranır, israrla deyirdilər ki, müvəqqəti bazarın dağıdılmasına imkan verməyəcəklər”, – o söyləyib.

Qəzəbli kütləylə üzləşmiş rəsmilər onları sakitləşdirməyə çalışıb, mərkəzi bazarı tezliklə açmaq vədi veriblər, şahidlər belə deyir.

Məmurların vədi

Etirazın bir neçə saat çəkdiyi bildirilir. Rəsmilər tələblərindən əl çəkəndən sonra satıcılar yolu təmizləyiblər. Onlara deyilib ki, Bayramalı şəhər mərkəzindəki əsas bazar açılanacan müvəqqəti bazara toxunmayacaqlar.

Mədəniyyət magistralı paytaxt Aşqabadı Marı və Lebap vilayətləri ilə birləşdirən əsas yoldur. Müvəqqəti bazar yol boyunca yerləşir, onlarla köşkdən ibarətdir.

AzadlıqRadiosu rəsmilərdən məsələyə şərh ala bilməyib. Türkmənistan dövlət mediası isə Bayramalıdadkı etirazla bağlı xəbər verməyib

Türkmənistanda hökumətə qarşı etirazlar nadir hadisə sayılır. Bu ölkədə hakimiyyət tənqidçilərə, fəallara amansızlıqla divan tutub. Tənqidçilər adətən ya həbsxanaya salınır, ya da psixiatrik xəstəxanalara.

Ancaq son illər yoxsulluq, işsizliyin artması, ərzaq qıtlığı türkmənlərdən bəzilərini narazılıq bildirməyə vadar edib.

2020-ci ilin etirazları

2020-ci il mayın 14-də yüzlərlə insan Türkmənabad şəhərində nümayişə çıxmışdı. Onda hökumət güclü külək və leysan yağışların vurduğu ziyanı ardan qaldırmağa kömək etməmişdi. Etirazçılar hökumətdən yardım tələb edirdilər.

Bu, Türkmənistan 1991-ci ildə müstəqillik əldə edəndən ölkədə ən böyük nümayiş idi. Yerli məmurlar etirazçılarla görüşüb vəziyyəti müzakirə etdilər.

Həmin ilin əvvəlində, aprelin 3-də isə 30-dan çox qadın Marıda güzəştli un və bitki yağı qıtlığına etiraz aksiyasına çıxıb. Qadınlar magistral yolu bağlayandan regional hökumət binasına doğru yürüş ediblər.

Məmurlar etirazçılarla görüşəndən sonra onların hər birinə 2 kiloqram un verdilər.

XS
SM
MD
LG