Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Türkmənistanda pambığı 'məcburi könüllülər' yığır


Türkmənistanın Lebap vilayətində minlərlə dövlət qulluqçusu gündə 20-25 kilo pambıq yığmalıdır.
Türkmənistanın Lebap vilayətində minlərlə dövlət qulluqçusu gündə 20-25 kilo pambıq yığmalıdır.

Türkmənistanda, müəllim və tibb işçiləri də daxil, büdcə təşkilatlarında çalışan minlərlə işçi qaynar avqust günəşi altında pambıq yığmağa məcbur edilir. Avqust pambıq yığımının başlandığı aydır.

Ölkənin şərqindəki Lebap əyalətində hökumət bütün dövlət qurumlarına əmr edib ki, iş günlərində əməkdaşlarının yarısını pambıq toplamağa səfərbər etsin. AzadlıqRadiosuna bu bilgini bir neçə elə işçi verib. Onların sözlərinə görə, həftə sonları işçilərin yarısı deyil, hamısı tarlada işləməyə məcbur edilir. Yerli sakinlər deyirlər ki, bəzi bölgələrdə əsgərlərə də pambıq yığdırılır.

İşçilərdən günə 20-25 kiloqram pambıq yığmaq tələb olunur

Bu, ağır zəhmət tələb edən əziyyətli işdir. Azı, 40 dərəcə isti və bürkü iş şəraitini son dərəcə çətinləşdirir.

"Həftəsonu sahədə müəllimlər, həkimlər, muzey işçiləri, kitabxanaçılar, dəmiryol əməkdaşları və hətta hava limanı işçiləri də vardı", - pambıq yığanların arasında olan 40-yaşlı Lebap sakini avqustun 20-də AzadlıqRadiosuna belə deyib. Enerji şirkətində çalışan həmin şəxsin adı təhlükəsizlik məqsədilə anonim saxlanılır.

"Bölgənin hökumət nümayəndələri sahədə kimin gəlib-gəlmədiyini yoxlayırdılar", - bu da həmin adamın sözləridir.

Repressiyaya məruz qalacaqlarından çəkindikləri üçün anonimlik şərti ilə danışan lebaplı işçilərin sözlərinə görə, pambıq yığmaqdan boyun qaçıranlar işdən çıxarılacaqları ilə hədələniblər: "Bundan qaçmaq mümkün deyil. Getməsən, qovulursan", - enerji sektorunda çalışan işçi deyib. Onun sözlərinə görə, imkanı olan tək-tük adam məmurlara rüşvət verir, yaxud pambıq yığmaq üçün öz yerinə başqa adam tutur.

Günə 14 dollar verən, canını qurtarır?

İşçilər iddia edirlər ki, 115 dollardan 140 dollaradək rüşvət verməklə pambıq yığmaqdan qurtarmaq olur. Öz yerinizə adam tutmaq istəyirsinizsə, bunun günü 8.5 dollardan 14 dollaradək başa gəlir.

Türkmən əsgərlər Marı vilayətində pambıq yığırlar.
Türkmən əsgərlər Marı vilayətində pambıq yığırlar.

"Sahədə işçilərin pulla tutduğu çox sayda yeniyetmə var. Pambığı kimin yığmasının [məmurlara] fərqi yoxdur. Əsas məsələ [hökumətin qoyduğu] gündəlik pambıq yığımı planının dolmasıdır", - işçilərdən birinin sözləridir.

Hökumət rəsmiləri AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyiblər.

Balkan əyalətində yaşayan 60-yaşlı müəllim deyir ki, həmkarlarının çoxunun cüzi maaşı adam tutmağa imkan vermir: "Müəllimlər və həkimlər günə 14 dollar qazanmadıqlarını deyirlər, bu üzdən pambığı özləri yığmalı olurlar. Qızılarbat rayonunda güclü yağış yağdı. Pambığı yığanda dizimizədək palçığın içindəydik".

İşçilərin sözlərinə görə, pambıq sahələrindən uzaqda yaşayanlar yığıma qatılmaqdan ötrü nəqliyyat xərclərini də ödəməlidirlər. Onlar deyirlər ki, iş yerlərinin çoxu pambıq yığımı mövsümündə əməkdaşlarına məzuniyyət götürməyə imkan vermir.

Avqustun ortalarında başlayan pambıq mövsümü dekabrın əvvəllərinədək davam edir.

Türkmənistanın avtoritar hökuməti bu il 1.25 milyon ton pambıq yığılmasını qarşısına məqsəd qoyub. Türkmənistanın 580 min hektaradək pambıq sahəsi var.

Hökumətin sözüylə işi örtüşmür

Dövlət mediası tez-tez hökumətin xaricdən, o cümlədən ABŞ-ın "John Deere" şirkətindən yüzlərlə traktor və pambıq yığımı üçün nəzərdə tutulmuş kənd təsərrüfat maşınları satın alması haqda xəbərlər verir. Ancaq lebaplı işçilər sahədə hər hansı pambıqyığan maşının gözə dəymədiyini deyirlər.

Hüquq müdafiəçiləri və beynəlxalq qurumlar uzun zamandan bəridir ki, hər il pambıq yığımında məcburi əməkdən sistemli istifadəyə görə Türkmənistanı tənqid edirlər. Ancaq hökumət nə qədər sübut-dəlil gətirilsə də, işçi, tələbə və əsgərləri pambıq yığmağa məcbur etdiyini hər dəfə danır.

XS
SM
MD
LG