Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:31

Türkiyə NATO-nun Polşa və Baltik ölkələrinin müdafiəsi planını dəstəkləməyib


Türkiyə onun Suriyada kürd silahlılarına qarşı əməliyyatına daha güclü siyasi dəstək verilincəyə qədər NATO-nun Polşa və Baltik ölkələrinin müdafiəsi planını dəstəkləməkdən imtina etdiyini bildirib.

NATO öz Nizamnaməsinə görə Estoniya, Latviya, Litva və Polşanın müdafiəsi planını həyata keçirmək üçün alyasın 29 üzvünün dəstəyinə və ya vahid konsensusa malik olmalıdır.

NATO-nun bu planı Polşa və Baltik ölkələrini Rusiyanın mümkün təcavüzündən qorumalıdır.

Bu məsələ barədə suala cavab verərkən NATO-nun sözçüsü Oana Lungescu deyib ki, “NATO özünün bütün üzvlərinin müdafiəsi üçün planlara malikdir və NATO-nun bütün üzvlərin təhlükəsizliyi üçün götürdüyü öhdəlik dəyişməz qalır”.

Pozucu mövqe

Lakin adının çəkilməsini istəməyən mənbə Reuters agentliyinə bildirib ki, “Türkiyə şərqi avropalıları girov götürüb və onlar özləri üçün güzəştlər almadan təşkilatın hərbi planını bloklamaqda davam edəcəklər”.

İkinci bir mənbə Türkiyənin mövqeyini NATO-nin birliyi və inkişafı üçün “pozucu” adlandırıb.

Bəzi məlumatlara görə Türkiyənin NATO-dakı nümayəndəsinə sözü gedən hərbi planı imzalamamaq tapşırılıb və Ankara Suriyadakı YPG kürd silahlı birləşmələrinin terrorçu təşkilat kimi tanınması üçün təzyiqlərini artırır.

Ankara və NATO-dakı Türkiyə nümayəndələrindən şərh almaq mümkün olmayıb.

Türkiyə Suriyadakı kürdlərin Xalq Müdafiə Birləşməsini (YPG) terrorçu təşkilat kimi tanıdığı PKK-nın bir qolu hesab edir.

"Erdoğanın şantajı"

Ankara ilə Vaşinqton arasında gərginlik Türkiyə Suriyanın şimalına YPG qüvvələrinə qarşı müdaxilə edəndən sonra daha da artıb.

Bundan bir gün əvvəl ABŞ özünün bu bölgədəki min əsgərlik hərbi qüvvəsini çıxarıb.

Buna baxmayaraq ABŞ İslam Dövləti ekstremist təşkilatı ilə mübarizəsində onun əsas müttəfiqi olmuş YPG-yə siyasi dəstək verməkdə davam edir.

Estoniya mediasının verdiyi xəbərə görə Estoniyanın keçmiş müdafiə naziri Ants Laaneots Türkiyənin mövqeyini “şantaj” adlandırıb.

Laaneots deyib ki, “bu Türkiyə prezidenti Recep Tayyip Erdoğanın şantajıdır”.

Keçmiş nazir bildirib ki, NATO bu məsələyə görə nəsə bir qərara gəlməlidir.

Laaneots deyib ki, o əvvəllər də NATO-da qərarların konsensusla qəbul edilməsi prinsipinə qarşı çıxıb. Keçmiş nazir bildirib ki, müəyyən hallarda NATO daxilində qərarlar ikitərəfli əsasda da qəbul edilə bilərdi.

Suriyada iddia edilən edamlar

Bu arada noyabrın 27-də Human Rights Watch (HRW) insan haqları təşkilatı Ankaranı Suriyanın şimalında onun nəzarətində olan bölgədə iddia edilən edamlarda və evlərin müsadirəsində ittiham edib.

Türkiyə Suriyanın şimalında əvvəllər kürd qüvvələrinin nəzarətində olan 120 kilometrlik torpaq zolağını tutub və burada onun təbirincə deyilərsə, “təhlükəsiz zona” yaradıb.

HRW Ankara və Dəməşqi “insan haqları pozuntularını, bəzi hallarda isə hərbi cinayət hesab oluna biləcək insidentləri” araşdırmağa çağırıb.

Təşkilatın Yaxın Şərq direktoru Sarah Leah Whitson deyib:

"Adamların edamları, mülkiyyətin qəsb edilməsi, köçkünlərin öz evlərinə qayıtmasının qarşısının alınması - Türkiyənin təklif etdiyi “təhlükəsiz zonanın” təhlükəsiz olmayacağını göstərən sübutlardır”.

NATO Baltik ölkələri və Polşa üçün vahid müdafiə planını Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra yaradıb.

Xəbər verilir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Macron və Britaniyanın baş naziri Boris Johnson da daxil dünya liderləri dekabrda NATO sammiti zamanı Suriyadakı vəziyyəti müzalkirə etməlidirlər.

NATO-nun həmin sammiti alyansın 70-ci ildönümünə həsr edilir.

XS
SM
MD
LG