Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

Türkiyə və Rusiya niyə ‘əsl müttəfiq’ ola bilməzlər


Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin TürkAxını qaz kəmərinə həsr olunmuş mərasimdə (2020, yanvar)
Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin TürkAxını qaz kəmərinə həsr olunmuş mərasimdə (2020, yanvar)

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Türkiyə ilə tarixi yaxınlaşmasını II Dünya Müharibəsindən sonra Almaniya ilə Fransanın yaxınlaşmasına bənzədib.

Lakin NATO üzvü Türkiyənin Qərbdən qopacağına dair ehtimallar söyləmək çox tezdir.

Bunu Avropanın EU Observer internet qəzetində Endryu Rettman (Andrew Rettman) yazıb.

Məqalədə deyilir ki, Putin sözü gedən fikirləri Rusiya Türkiyəyə Dağlıq Qarabağdakı sülhməramlı missiyaya qoşulmaq icazəsi verəndən sonra səsləndirib.

Rusiya prezidenti deyib ki, Moskva və Ankara Suriya müharibəsində birgə əməliyyatların “pozitiv təcrübəsinə” malikdir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-ın sanksiya hədələrinə baxmayaraq öz ölkəsi üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb və artıq sınaqdan çıxarıb.

Bundan başqa Türkiyə Aralıq dənizində Fransa və Yunanıstan gəmilərini qısnamaqla Avropa İttifaqını qıcıqlandırıb.

Türkiyə və Rusiya hərbçiləri Suriyada müştərək patrul keşiyində
Türkiyə və Rusiya hərbçiləri Suriyada müştərək patrul keşiyində

Lakin Brüsselin qənaətinə görə, Türkiyə NATO üzvlüyünü qurban vermək və Qərbdən qoparaq Rusiya istiqamətində getmək niyyətində deyil.

NATO-nun təhlükəsizlik üzrə keçmiş rəsmilərindən Ceymi Şi (Jamie Shea) bu barədə deyib:

"Mən Türkiyənin 1970-ci illərdə Misirin Sovet İttifaqı ilə müttəfiqlikdən qopub Amerika düşərgəsinə gəldiyi kimi Qərbdən qopacağına dair nəzəriyyəyə inanmıram. Türkiyə fərqli istimaqətdə hərəkət edəcək”.

Şi deyir ki, Putin Erdoğanı yeni müttəfiqliyə çəkə biləcək qədər “ağıllı” olduğunu düşünüb.

Ekspertin fikrincə Türkiyə NATO üçün Yaxın Şərqdə son dərəcə qiymətli müttəfiqdir.

“Osmanlı imperiyasının regional təcrübəsi daha çoxdur”

Hazırda Britaniyadakı Chatham House analitik mərkəzində işləyən Şi deyir ki, Türkiyə hələki son anda ABŞ sanksiyalarından yayına bilər.

Politoloq vurğulayıb ki, Erdoğan Rusiyanın S-400 raketlərini ona Patriot raketlərini satmaqdan boyun qaçıran ABŞ-ın acığına alıb.

Şi güman edir ki, Ağ Evə gələn yeni Co Bayden administrasiyası Patriot raketləri məsələsini yoluna qoya bilər. Belə olarsa, Türkiyə S-400 raketlərini ya metal qırıntısına verəcək, ya da satacaq.

Politoloq xatırladır ki, Fransa bir neçə il əvvəl Rusiya üçün hazırladığı Mistral gəmilərini son nəticədə Misirə satmışdı.

Keçmiş NATO rəsmisinin sözlərinə görə “NATO özünün çətin üzvlərini uzun müddətdə idarə etmək təcrübəsinə malikdir”.

Şi deyib ki, “Osmanlı imperiyasının Putinin Rusiyanın nüfuz dairəsi saydığı bu regionda tarixən daha böyük rolu olub”.

Moskva ilə Ankara Qarabağda nəyi razılaşdıra bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Cənubi Qafqaz “əlverişli platformadır”

Moskva Carnegie İnstitutunun direktoru Dmitri Trenin deyir ki, Rusiya və Türkiyə arasında heç bir həqiqi müttəfiqlik yoxdur və Putinin Erdoğanla münasibətləri regional siyasət meydanı ilə məhdudlaşır:

"Putin yüksəlişdə olan regional güc - Türkiyə ilə dinc münasibətləri qoruyub saxlanmağa, maraqların son dərəcə yaxın olduğu yerlərdə əməkdaşlıq etməyə, fikir ixtilaflarını yola verməyə və onların münaqişə həddinə çatmamasına çalışır”.

Rusiya kəşfiyyatının keçmiş polkovniki Trenin bu qənaətdədir ki, Cənubi Qafqaz Rusiya-Türkiyə əməkdaşlığı üçün “əlverişli platformadır” və belə bir əməkdaşlığın olmaması bütün regiondakı münasibətləri qarışdıra bilərdi.

Trenin deyir ki, bu əməkdaşlıqda hərə öz qazanclarını düşünür.

Keçmiş kəşfiyyatçı NATO-nun Türkiyə kimi müttəfiqləri ilə münasibətlərinə fərqli qiymət verir.

O deyir ki, Rusiya bu an üçün lazım olan istənilən ölkə ilə iş görə bilər, amma NATO üçün postsovet dünyasında çoxvektorlu xarici və təhlükəsizlik siyasəti yürüdən ölkələrlə dil tapmaq çətindir.

Putinin Erdoğana, Erdoğanın pula ehtiyacı var

Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzindən istanbullu Asli Aydıntaşbaş da hardasa Treninlə həmrəydir.

Onun sözlərinə görə, münaqişəli vəziyyətlərdə heç bir avropalı lider Putin və Erdoğan kimi rahat münasibətlərdə ola bilməz.

Lakin politoloq əlavə edir ki, bu, “təmannalı” münasibətlərdir.

Onun fikrincə, Türkiyə NATO üçün itirilməsi çətin müttəfiqdir, amma Erdoğan da Qərbdən gələn pulları itirmək istəməz.

Qərbin Yaxın Şərq cihadçıları ilə mübarizədə Türkiyənin radar bazalarına və Türkiyə kəşfiyyatına etiyacı var, amma Erdoğan da Qərb investisiyalarının ehtiyacındadır.

Aydıntaşbaş deyir ki, nefti və qazı olan Rusiyanı bir nəfərin idarə etməsi mümkündür, amma Türkiyə tamamilə fərqlidir:

"Türkiyə dünya iqtisadiyyatına, Avropa iqtisadiyyatına inteqrasiya olunmuş bir ölkədir və hər şeydən öncə xarici investisiyalara ehtiyacı var. Əlbəttə, sən ölkəni Putin kimi idarə etməyi istəyə bilərsən, amma bu, neft və qaz olmadan mümkün deyil”.

Politoloq əlavə edir ki, Putin Erdoğan üçün sərfəli sponsor da deyil:

"Rusiya hərbi qüdrətinə baxmayaraq orta ölçülü iqtisadiyyatdır. O dünyanın ən inkişaf etmiş ölkələrindən çox geridədir. Amma Türkiyənin iqtisadi ehtiyacları nəhəngdir”.

XS
SM
MD
LG