Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Türkmənistan prezidenti koronavirusun çarəsini bildiyini deyir


Berdımuxammedov ölkənin Elmlər Akademiyasına şirinbiyan bitkisinin antivirus qabiliyyətinin “diqqətlə öyrənilməsini” tapşırıb
Berdımuxammedov ölkənin Elmlər Akademiyasına şirinbiyan bitkisinin antivirus qabiliyyətinin “diqqətlə öyrənilməsini” tapşırıb

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov televiziya ilə çıxışda iddia edib ki, şirinbiyan bitkisi COVID-19-un çarəsidir.

O alimlərə bunun üzərində işləməyi tapşırıb.

İxtisası stomatoloq olan Berdımuxammedov dekabrın 25-də keçirilən hökumət müşavirəsində deyib:

"Bütün dünya alimləri bu qorxulu infeksiyayaya qarşı səmərəli mübarizə vasitəsini tapmaq uğrunda mübarizə aparırlar. Şirinbiyan kökü bu çarələrdən biridir. Alimlər qeyd ediblər ki, şirinbiyanın tərkibində olan qlitsirin turşusu yeni koronavirusun inkişafını əngəlləyir”.

Ötən may ayında Çin mediası yazırdı ki, şirinbiyan bitkisinin cövhəri potensial baxımdan yeni tipli koronavirus yoluxmasını müalicə edə bilər.

Lakin bu xəbərlərin ardınca elmi icmadan heç bir münasibət olmamışdı.

Berdımuxammedov ölkənin Elmlər Akademiyasına bu bitkinin antivirus qabiliyyətinin “diqqətlə öyrənilməsini” tapşırıb.

O əlavə edib ki, Türkmənistanda belə bir dərmanın istehsalı üçün kifayət qədər şirinbiyan bitkisi ehtiyatı var.

Dərman bitkilərinin bilicisi

Prezident deyib ki, hələ qədimdən şirinbiyan bitkisinin kökündən “daxili xətəliklərin, öskürəyin, böyrək xəstəliklərinin, tənəffüs orqanları problemlərinin və mədə xorasının müalicəsi üçün istifadə olunub”.

Qurudulmuş şirinbiyan kökü
Qurudulmuş şirinbiyan kökü

Son dərəcə qapalı ölkələrdən biri olan Türkmənistan öz ərazisində koronavirusa yoluxma olduğunu inkar edir.

Bu ölkədə həkimlərə COVID-19 diaqnozu qoymaq qadağan olunub.

Lakin səhiyyə mənbələri və xarici media Türkmənistanda xəstəxanaların koronavirus xəstələri ilə dolu olduğunu və böhranlı vəziyyət yarandığını xəbər verirlər.

“Türkmənistanın dərman bitkiləri” adlı çoxcildlik kitabın müəllifi olan Berdımuxammedov indiyədək bir sıra xəstəliklərin müalicəsi barədə məsləhətlər verib.

Ötən mart ayında prezident ölkədə bütün ev və müəssisələrin üzərlik otu tüstüsünə verilməsinə çağırmışdı.

Mərkəzi Asiyada adamlar üzərlik bitkisini “bəd nəzərdən” qorunmaq üçün yandırırlar.

Qrip adı ilə koronavirus

Bu arada Türkmənistan boyunca qripə qarşı kütləvi peyvəndləmə kampaniyasına başlanıb.

Media peyvəndləmənin məcburi olduğunu bildirir.

AzadlıqRadiosunun Aşqabad müxbirləri bildirirlər ki, həkimlər qapı-qapı gəzərək pulsuz vaksin təklif edirlər.

Lakin bir sıra mənbələr deyirlər ki, ölkədə peyvəndləmə məcburi qaydada aparılır.

Peyvənddən imtina edənlərə qarşı cəzalandırıcı tədbirlərin görülə biləcəyi xəbər verilir.

Paytaxt Aşqabadda bir dövlət müəssisəsinin azı dörd işçisi bildirib ki, vaksindən imtina etdiklərinə görə işdən qovulublar.

Bu da xəbər verilir ki, əvvəlcədən heç bir elan olunmadan ucdantutma vaksinasiya aparılması adamlar arasında xof yaradıb.

Bəziləri deyirlər ki, adamlara qrip vaksini əvəzinə COVID-19 vaksini vurulur. Bununla belə adamlar hakimiyyət orqanlarına sual verməkdən qorxurlar.

Dövlət sektorunda işləyənlərdən qripə qarşı peyvənd olunduqlarına dair arayışı daim üstlərində gəzdirmək tələb olunur.

XS
SM
MD
LG