Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:37

'Testlərin cavabları 1-2 günə çıxır' - TƏBİB


COVID-19
COVID-19

Son günlər Bakıda koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların dolduğu bildirilir.

Test cavablarının gecikdirilməsi və təcili yardımın çağırışlara cavab verməməsi ilə bağlı vətəndaşların şikayətləri də eşidilir. Hər halda, sosial şəbəkələr və ayrı-ayrı media orqanlarında bununla bağlı bir çox şikayətlər yer alır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva "Turan" agentliyinə bildirib ki, Nazirlər Kabinetinin vətəndaşların xəstəliyi yüngül formada keçirdiyi hallarda evlərdə müalicə almaları ilə bağlı qaydalara etdiyi dəyişiklik xəstəxanalarda vəziyyəti yüngülləşəcək: "Hələ ki, bu tətbiq olunmur. Yaxın günlərdə onun tətbiqi gözlənilir. Bu da bizə boş çarpayıların artmasına imkan qazandıracaq". (İyunun 12-də "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli Qərarına dəyişiklik edilib ).

Koronavirus: kollektiv immunitet necə yarana bilər
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

R.Əliyeva qeyd edib ki, koronavirus testlərin cavabı vaxtlı-vaxtında verilir:

"Bizə testlərin cavabların gec verilməsi ilə bağlı şikayətlər daxil olmayıb"

"Əvvəlki müddətdə bir az gecikmələr olurdu. Bu da testlərin artması ilə bağlı idi. Sonra bu qaydasına düşdü və bir gün ərzində cavablar məlum olurdu. İndi da belədir. Sadəcə, sərt karantin günlərində TƏBİB-in nisbətən az işçi heyəti ilə çalışdığını nəzərə alsaq, ola bilsin, yükləmələr olur. Amma bizə testlərin cavabların gec verilməsi ilə bağlı şikayətlər daxil olmayıb. Ola bilsin, nəticəsi neqativ olana SMS gec çatar, amma pozitiv cavablar dərhal Təcili Tibbi Yardım xidmətinə gedir. Cavabların çıxması 1-2, maksimum 3 gün ərzində olur. Testlərin sayı ilə bağlı ölkədə heç bir problem yoxdur". (İyunun 15-nə olan məlumata görə, ölkədə 386 min 898 test aparılıb).

TƏBİB-in sözçüsü vurğulayıb ki, artıq ikinci həftədir həftəsonu tətbiq olunan sərt karantin rejimin nəticələrini (Bakı və ölkənin bir çox yerlərində həftəsonu küçəyə çıxmaq yasaqı qoyulur-red.) bir müddət sonra görmək mümkün olacaq:

"Sərt karantinin nəticələri 7-12 gün sonra bilinəcək"

"Brifinqdə də TƏBİB-in İdarə Heyətin sədri Ramin Bayramlı qeyd edib ki, sərt karantinin nəticələri 7-12 gün sonra bilinəcək və inkubasiya dövrünə görə dəyişir. Dərhal bu nəticəni görmək mümkün deyil".

Tibb elmlər doktoru, professor Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, son günlər ərzində koronavirus xəstələrinin sayının artdığına görə xəstəxanalar gərgin rejimdə işləyir:

A.Qeybulla
A.Qeybulla

"Xəstələrin qəbulu demək olar ki, dayandırılıb"

"Gündə 300-400 arası xəstə 10 günə 4000 xəstə deməkdir. Buna hansı xəstəxanalar dözə bilər? Ona görə də xəstələrin qəbulu demək olar ki, dayandırılıb. Əslində, bütün bunların hamısı həm də vətəndaş məsuliyyətin nəticəsidir. İnsanlar məsafə gözləmirlər, qaydaları "iqnor" edirlər. Bunun da nəticəsi belə olmalı idi. Vəziyyət xeyli ciddidir…".

A.Qeybulla hesab edir ki, bundan sonra ölkə üzrə əvvəlki sərt karantin rejiminin tətbiqi real görünmür:


"Bundan sonra insanları evdə saxlamaq mümkün görünmür. Yəqin ki, insanlar küçədə yıxılıb ölsə, gündəlik xəstə sayı 600-ü, 700-ü keçəndə bunun dəhşət olduğunu dərk edəcəklər. Onda da artıq gec olacaq. Həftəsonu tətbiq edilən tədbirlər də mənasız tədbirlərdir, çünki qalan günlərində insanlar heç nəyi gözləmir".

A.Qeybulla vurğulayıb ki, Azərbaycan hazırda xəstəliyin pik dövrünü yaşayır:

"Xeyli insan yoluxacaq"

"Hesab edirəm ki, hazırda bizdə xəstəliyin pik dövrü yaşanır və hələ bir az da gedəcək ona doğru. Kollektiv immunitet söhbəti var. Xeyli insan yoluxacaq. Bununla kollektiv immunitet yaranacaq və vəziyyət sabitləşib yaxşılığa doğru gedəcək".

Professor vurğulayıb ki, koronavirus testlərinin cavabından arxayınlaşmaq olmaz:

Koronavirus: Nəqliyyat nə qədər təhlükəsizdir?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"Biz aldığımız testlər Rusiya istehsalıdır"

"Testlərin neqativ cavabından qətiyyən sevinmək lazım deyil. Ola bilsin, cavabı neqativ olsun, amma xəstəliyi olsun. Çünki testlərin dəqiqliyi heç də 100 faiz deyil. Həm də biz aldığımız testlər Rusiya istehsalıdır. Hesab edirəm ki, testlərin cavabı neqativ çıxsa, amma bununla belə, xəstədə qızdırma, təngnəfəslik və ağciyərində "buz şüşə" sindromu varsa, o, xəstəxanada müalicə almalıdır. Evdə müalicə alan xəstələr də müşahidə altında olmalıdır. Sistem qurulmalıdır. Bu, çox ciddi məsuliyyətdir və bunun sabahı var".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 136 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 439 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu. Bu həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG