Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:50

Ucuz biletlər Gürcüstana turist axınını artırıb


Təyyarə
Təyyarə

İlk yarımilin yekunlarına görə, Gürcüstanın 3 hava limanına sərnişin axını, demək olar, 20 faiz çoxalıb. Gürcüstana ümumi turist axını da artmaqdadır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxalıb. Xarici turistlərin ölkəyə marağı loukosterlər - aşağıbüdcəli hava şirkətləri arasında rəqabəti kəskinləşdirib («Loukoster» deyərkən, yolpuluna qənaət etmək istəyənləri daşıyanlar, bu halda sərnişinləri ucuz biletlə ünvana çatdıran azbüdcəli aviaşirkətlər nəzərdə tutulur. Belə şirkətlərə «diskaunter» və ya büdcə aviaşirkətləri də deyilir – red.).

Ekspertlər deyirlər ki, hava nəqliyyatı şirkətlərinin dempinqi turist bazarının böyüməsinə təsir göstərən ən mühüm amillərdən biridir («dempinq» deyərkən, bilərəkdən bazar qiymətindən xeyli ucuz xidmət göstərilməsi nəzərdə tutulur – red.).

Hazırda Gürcüstanın 3 hava limanına sahib (Tbilisi, Kutaisi və Batumidə) «hava bazarında» bir neçə azbüdcəli aviaşirkət çalışır. Loukosterləri qəbul edən aeroportlar arasında Kutaisi Hava Limanı liderdir.

RUSİYA BOMBALADI, ANCAQ...

Kutaisi Hava Limanından uçuşları təşkil edən ilk loukoster Gürcüstan hökuməti ilə müqavilə bağlayan irlandlar olub -İrlandiyanın «Ryanair» Hava Yolları. Bu hava şirkətinin ehtiyacları üçün 4 il öncə yeni təyyarə limanının tikintisinə başlanıb. 2008-ci ildə rus aviasiyasının bombaladığı uçuş zolağı çox qısa zamanda bərpa edilib və kiçik bir terminal yaradılıb.

Di gəl, ölkədə baş verən hakimiyyət dəyişikliyi «Ryanair»in planlarını qarışdırıb və David Agmashenebeli adına Kutaisi Hava Limanından ilk uçuşu Macarıstanın azbüdcəli «Wizz Аir» şirkəti gerçəkləşdirib.

O vaxtdan bəri Kutaisi Hava Limanına sərnişin axını durmadan artır. 2012-ci ildə 13 min sərnişin daşınmışdısa, 2013-cü ildə bu say 188 minə, 2014-cü ildə isə 218 minə çatıb.

Buna da bax - Azərbaycan yenə Gürcüstana uduzur. Bu dəfə hava yollarında....

UÇUŞ COĞRAFİYASI DURMADAN GENİŞLƏNİR

Ötən il Kutaisi Hava Limanından daşınan sərnişinlərin sayı nisbətən azalaraq 183 min nəfər olub. «Gürcüstan Hava Limanları Birliyi» MMC-nin direktoru Ketevan Aleksidze-nin sözlərinə görə, düşüş Kiyev istiqamətindəki uçuşun ləğvindən qaynaqlanıb. Ancaq o vaxtdan bəri uçuşların coğrafiyası genişlənir. Polşa, Litva və Macarıstana reyslər açılıb:

«Azbüdcəli şirkətə məxsus bir ortaölçülü təyyarə 180 sərnişin daşıya bilir. Bilet ucuz olduğundan, təyyarədə boş yer qalmır. O üzdən, rahatca proqnozlaşdırmaq olar ki, bu il təkcə Kutaisi Hava Limanından 250 min sərnişin daşınacaq. Loukosterlərin ucuzluğu turistləri cəlb edir. Sərnişinlərin ümumi sayında loukosterlərin payı 30 faizdir. Deyə bilərik ki, hava daşımalarının əlçatanlığı Gürcüstanın populyarlaşmasına təsir göstərən amillərdən biridir. Bu isə əlavə iş yerləri və büdcə gəlirləri deməkdir».

BİLETLƏR 30-40 AVROYA SATILACAQ?

Bu ilin payızında Gürcüstanla AB arasında viza rejiminin liberallaşdırılması gözlənilir. Onun ardından Gürcüstan bazarında rəqabət daha da artacaq. «Wizz Аir» artıq sentyabrdan Avropaya daha 7 istiqamətdə reyslər açır. Biletlərin qiyməti 30-40 avro olacaq.

Buna da bax - AzAL: «Bizi «Lufthansa» ilə müqayisə edin»

Loukosterlərin xidmətlərindən tez-tez yararlanan sahibkar Levan Chanchaleishvili müxtəlif büdcə şirkətlərinin Avropaya daha ucuz biletlərini hansı alqoritmlə tapdığını izah edir:

UCUZ BİLET TAPMAĞIN YOLU

«Kutaisi Hava Limanı Gürcüstanın göbəyində yerləşir, o üzdən daha əlçatandır. Azbüdcəli hava yollarının strategiyası biletlərin tez satılmasıdır. Ona görə də bir az səbirli olsanız, uçuşdan iki ay əvvəl aviaşirkətlərin saytlarında 8-10 avroya biletlər tapa bilərsiniz. Mən bu yolla Vilnüsə və Varnaya uçmuşam. Azbüdcəli daşıyıcıların təyyarələrində rahatlığın olmaması düşüncəsi həqiqətəuyğun deyil. Təkcə pulsuz daşınan baqajın ölçüləri ilə bağlı məhdudiyyətlər var, vəssalam. Son nəticədə kiçik məbləğə Avropa şəhərlərini ziyarət etmək gücündəki insanlar xırda-mırda narahatlığa da dözə bilərlər».

Ancaq bu tək rahatsızlıq deyil. Kutaisidəki bütün reyslər gecə saatlarında gerçəkləşir. Ümumiyyətlə bütün dünyada loukosterlər belə çalışır. Üstəlik, Kutaisi Hava Limanının gözləmə zalında sərnişinlərin qeydiyyatdan sonra otura biləcəyi yer də yoxdur.Düzdür, hava limanının rəhbərliyi bu problemi çözəcəyinə söz verib.

XS
SM
MD
LG