Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:32

Başqırdlar da ana dilinə görə ayağa qalxdılar (VİDEO)


Ufa şəhərində keçirilmiş mitinqin şüarlarından biri: "Yaşasın başqırd dili"
Ufa şəhərində keçirilmiş mitinqin şüarlarından biri: "Yaşasın başqırd dili"

Rusiyanın Başqırdıstan regionunun paytaxtı Ufa şəhərində başqırd dilinə dövlət dili statusuna dəstək məqsədilə kütləvi mitinq keçirilib.

Sentyabrın 16-da keçirilmiş etiraz mitinqinin iştirakçıları muxtar respublikanın məktəblərində başqırd dilinin icbari tədrisinin bərpasını tələb ediblər.

Təşkilatçılar icazəsiz mitinqdə 2000 nəfərin iştirak etdiyini bildiriblər. İcazəsiz olmasına baxmayaraq mitinqi polis müşahidə edirdi. Həbslər və asayişin pozulması halları barədə heç bir məlumat yoxdur.

Mitinqin sonunda polis zabiti təşkilatçılardan birinə yaxınlaşaraq protokol tərtib etmək istəyib. Lakin etirazçılar buna mane olaraq həmin təşkilatçını aradan çıxarıblar.

Mitinqin qeydiyyatdan keçməmiş Başqurd millətçi təşkilatı tərəfindən keçirildiyi xəbər verilir.

Əvvəllər Başqırdıstan məktəblərində şagirdlər hər ikisi dövlət dili olan rus və başqırd dillərini keçirdilər. Amma bu il valideynlərə uşaqlarının başqırd dilini keçməmələri seçimi verilib.

Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitov sentyabrın 14-də bəyan edib ki, valideynlərin 75 faizi uşaqlarına başqırd dilinin keçilməsini istəyir.

Başqırdıstanın 4 milyonluq əhalisinin üçdə birini başqırdlar, 39 faizini ruslar və 25 faizini tatarlar təşkil edir.

Valideynlərə uşaqlarının yerli dili öyrənməməsi seçimi Rusiya prezidenti Vladimir Putinin prokurorlara müraciətindən sonra verilib. Putin Rusiya baş prokurorluğuna etnik respublikalarda rusların zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını tapşırıb.

Ötən iyulda Putin Mari El respublikasına səfəri zamanı demişdi ki, “kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə Rusiyanın etnik regionlarında rus dili dərslərinin saatlarının ixtisarı yolverilməzdir”.

Putinin bu bəyanatları və onun baş prokurora sözü gedən tapşırığı etnik respublikalardakı rusdilli valideynlərə uşaqlarını yalnız rusca oxutmaq imkanı yaradıb.

Sentyabrın 14-də Başqırdıstanın qonşuluğundakı Çuvaşiya Respublikasının Ağsaqqallar Şurası Putinin hərəkətlərini tənqid edib. Şura bildirib ki, bu, “Rusiya Federasiyasının aborigen əhalisinə hücumdur”.

Hələ sentyabrın 7-də Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi regiondakı məktəblərdə tatar dilinin icbariliyinə son qoyulması cəhdlərinin Rusiya və Tatarıstan qanunlarına zidd olduğunu bəyan etmişdi.

XS
SM
MD
LG