Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 23:33

Tramp: 'Vladimir, Kiyevi bombalamağı dayandır!'


Rusiyanın Kiyevə raket və dron hücumu
Rusiyanın Kiyevə raket və dron hücumu

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Kiyev bombalamağı dayandırmağa çağırıb.

"Bu, lazımsızdır və çox pis bir zamanlamadır. Vladimir, DAYAN! Hər həftə 5000 əsgər həlak olur. Gəlin sülh razılaşmasını BAŞA ÇATDIRAQ!", - o, "Truth Social" hesabından paylaşım edib.

Müharibəni dayandırmaq üçün təzyiqin artdığı bir vaxtda Kiyev raketlərlə vurulub, ölənlər var

ABŞ, Avropa və Ukrayna nümayəndələri arasında Londonda aparılan danışıqlarda münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunduğuna dair rəsmilərin açıqlamasından cəmi bir neçə saat sonra, gecə saatlarında Kiyevə endirilən raket və dron zərbələri nəticəsində azı doqquz nəfər ölüb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, aralarında altı uşağın da olduğu 63 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

"Rusiya Kiyevə qarşı genişmiqyaslı zərbə endirib", - Dövlət Xidməti "Telegram" kanalında bildirib. Qeyd olunub ki, yaşayış binaları zədələnib və "dağıntılar altında qalan insanların axtarışı davam edir".

Xarkovun meri İqor Terexov da "Telegram" paylaşımında bildirib ki, şəhərə 7 raket düşüb.

Hücumlar ABŞ prezidenti Donald Trampın həm Rusiya, həm də Ukrayna prezidentləri ilə müharibəni həll etmək üçün razılığa gəldiyini düşündüyünü söyləməsindən bir neçə saat sonra başlayıb.

"Düşünürəm ki, Rusiya artıq tam şəkildə hərəkətə keçməyə hazırdır və çoxları da deyir ki, Rusiya hər şeyi nəzarətə götürmək istəyir. Məncə, bizim Rusiya ilə müəyyən bir razılaşmamız var. Amma eyni zamanda Zelenski ilə də razılığa gəlməliyik", –Tramp Ağ evdə jurnalistlərə bildirib.

Donald Tramp
Donald Tramp

O, həmçinin əlavə edib ki, Zelenski ilə işləmək onun gözlədiyindən daha çətin olub. "Mən elə düşünürdüm ki, Zelenski ilə anlaşmaq daha asan olacaq. İndiyə qədər isə əksinə, daha çətin olub... Amma düşünürəm ki, hər iki tərəflə bir razılaşmamız var. Ümid edirəm ki, onlar bunu həyata keçirər, çünki məqsədim xilas etməkdir. Bilirsiniz, bu vaxta qədər çox pul xərcləmişik, amma bu məsələ, əslində, insanlıqla bağlıdır",- Tramp bildirib.

ABŞ-nin Krımı Rusiya ərazisi kimi tanıyacağına dair təkliflə bağlı yayılan məlumatlara münasibət bildirən Tramp deyib ki, onun nə Ukrayna, nə də Rusiya tərəfində "favoritləri" yoxdur və o, yalnız bu müharibənin bitməsini istəyir.

Administrasiyadakı digər rəsmilər isə aprelin 23-ü bildiriblər ki, razılaşmaya hələ nail olunmayıb və əgər danışıqlarda tezliklə irəliləyiş baş verməsə, ABŞ sülh danışıqlarından geri çəkilə bilər.

Krım ilə bağlı təklifi rədd edən Zelenski isə bildirib ki, Londonda emosiyalar "yüksək olub", lakin onun fikrincə, beş ölkənin nümayəndələrinin görüşməsi müsbət haldır.

"Amerika tərəfi öz baxışlarını paylaşdı. Ukrayna və digər Avropa nümayəndələri də öz fikirlərini təqdim etdilər. Ümid edirik ki, məhz belə birgə iş nəticəsində uzunmüddətli sülhə nail olunacaq", - Zelenski X sosial şəbəkəsində yazıb.

Onun paylaşımına həmçinin ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeonun 2018-ci ildə verdiyi və Rusiyanı Krımın işğalına son qoymağa və sərhədlərin güc yolu ilə dəyişdirilməməsi prinsipinə riayət etməyə çağıran bəyanat da əlavə olunub.

"Ya qəbul, ya da rədd edin. Sizə ayıracaq vaxtımız yoxdur"

Londonda keçirilən danışıqlar isə artıq ciddi çətinliklərlə üzləşib, çünki ABŞ-nin dövlət katibi Marko Rubio da daxil olmaqla bir sıra yüksəksəviyyəli diplomatlar görüşdən imtina edib ki bu da, tədbirin siyasi çəkisini əhəmiyyətli dərəcədə azaldıb.

Böyük Britaniyanın baş naziri Kir Starmerin sözçüsü isə deyib ki, "döyüşlərin necə dayandırılacağı ilə bağlı Avropa, ABŞ və Ukrayna rəsmiləri ilə əsaslı texniki görüşlər keçirilib".

Ukrayna, ABŞ, Almaniya, Fransa və Böyük Britaniya arasında yüksəksəviyyəli diplomatların görüşünün ləğv edilməsi sülh danışıqlarına gedəcək yolda bu ölkələr arasında fikir ayrılığını ortaya qoyur.

"Düşünürəm ki, biz bunu eyni şəkildə başa düşmüşük. Bu, ABŞ-nin danışıqlardan çəkilməyə bir addım daha yaxınlaşmasıdır", - adını açıqlamaq istəməyən bir Avropa diplomatı AzadlıqRadiosuna bildirib.

Başqa bir Avropa diplomatı isə AzadlıqRadiosuna deyib: "Bunu ukraynalılar üzərində əlavə təzyiq kimi görürəm: ya qəbul edin, ya da imtina edin. Bizim sizə ayıracaq vaxtımız yoxdur, başqa işlərimiz var".

Aprelin 23-də Hindistana səfəri zamanı jurnalistlərlə söhbətində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə bildirib ki, Vaşinqton Rusiya və Ukraynaya "çox aydın təklif" təqdim edib. O, detallar barədə məlumat verməyib.

"İndi onların ya "bəli" deməsi, ya da ABŞ-nin bu prosesdən geri çəkilməsinin vaxtıdır", –Vens bildirib.

O, münaqişədə yeni sərhədlərin çəkiləcəyi ehtimalını da qeyd edib.

XS
SM
MD
LG