Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 07:42

ATACMS raketləri Rusiya mövqelərinin arxasında xaos törədir


ATACMS
ATACMS

Ukrayna mövcud cəbhə xəttindən xeyli uzaqda Rusiya hədəflərini – qoşunları, hava müdafiə sistemlərini, təyyarələri və gəmiləri uzaqmənzilli raketlərlə vurur və bu zaman ona yeni verilmiş silahlardan yararlanır.

Ukrayna və Rusiya mənbələri, eləcə də açıq informasiya mənbələrindəki təhlillər son həftələr ərzində Ukraynanın Rusiya hədəflərinə hücumlarının dağıdıcı təsirlərini ABŞ-ın təchiz etdiyi ATACMS raketlərinə bağlayır.

ATACMS xeyli zamandır ki, ukraynalıların istək siyahısında ilk yerlərdən birini tuturdu. Bu silahlar Ukrayna ordusuna Rusiyanın cəbhə xəttindən aralıda yerləşən mühüm obyektlərini vurmaq imkanı verir.

Ukrayna ATACMS silahlarından ilk dəfə 2023-cü ilin oktyabrında yararlanıb və Rusiyanın Ukraynadakı iki hərbi bazasını kasetli raketlərlə vuraraq bir neçə helikopteri zədələyib. Aprelin sonlarında ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan prezident Co Baydenin hələ fevral ayında Ukraynaya ciddi sayda ATACMS raketləri göndərilməsinə icazə verdiyini söyləyib.

İndən belə göndərilən ATACMS raketləri uzunmənzillidir

Sallivan ötən ay martın ortasında elan edilən 300 milyon dollarlıq yardım paketinin bir bölümü olan ATACMS raketlərinin artıq Ukraynaya çatdığını demişdi.

Göründüyünə görə, indən belə göndərilən ATACMS raketləri uzunmənzillidir və Rusiyanın nəzarətində olan əraziləri vurmaq qabiliyyətinə malikdir. Rusiya qoşunları Ukraynanın əsas ərazisində irəliləsə də, Kiyev cəbhə xəttindən xeyli uzaqda və çox zaman Krımda olan qırıcı təyyarələri və qərargah mərkəzlərini vurur.

Krımda Rusiyanın "İskander-M" buraxılış qurularına ATACMS ilə zərbədən sonra
Krımda Rusiyanın "İskander-M" buraxılış qurularına ATACMS ilə zərbədən sonra

Qərbli müttəfiqlər Kiyevə bu silahlardan Rusiyanın dünya tərəfindən tanınan ərazilərində deyil, yalnız mübahisəli ərazilərdə istifadə etmək barədə xəbərdarlıq edib. Moskva Krımı 10 il əvvəl ilhaq edib və Ukrayna onu geri alacağına söz verib.

"The Wall Street Journal" qəzeti bir ukraynalı müdafiə rəsmisinə istinadla Kiyevin ATACMS raketləri ilə Krımın Aluşta şəhərində Rusiyanın hava qüvvələrinə xidmət edən hərbi kommunikasiya mərkəzini vurduğunu yazıb.

Rusiyanın nəzarətində olan yarımadadakı obyektləri hədəfə alan bir neçə hücumun da ATACMS vasitəsilə gerçəkləşdiyi bildirilir.

"The Wall Street Journal" Ukrayna rəsmilərinə dayanaraq apreldə Kiyevin Krımda bir hava bazasını vurmaq üçün uzunmənzilli ATACMS sistemlərindən istifadə etdiyini yazır.
Bundan başqa, internetdə çox paylaşılan peyk görüntüləri də Ukraynanın Sevastopol yaxınlığındakı Belbek hava bazasına ATACMS hücumlarını əks etdirir. Görüntülərdən Ukraynanın bir neçə təyyarəni sıradan çıxara bildiyini görmək olar.

Hər hücumda ATACMS var?

Ukrayna ordusu ötən həftəsonu Sevastopolda Rusiyanın bir minatəmizləyən gəmisini vurduğunu elan etmişdi. Ancaq daha sonra buna Rusiyanın daha bir gəmisi – "Siklon" raketli korveti də əlavə olundu. Bunun ardınca Ukraynanın Sevastopulu hədəfə alarkən ATACMS-dən istifadə edib-etmədiyi barədə suallar doğdu. Rusiyanın müstəqil "Astra" xəbər saytı raketlərdən üçünün Rusiyanın "Siklon" ətrafındakı hava hücumundan müdafiə sahəsinə daxil olduğunu yazır.

Bu həftə təhlilçilər Kiyevin Ukraynanın şərqində yerləşən və Rusiyanın nəzarətində olan Donetsk bölgəsində Rusiya ordusuna məxsus dörd raketatıcını və radar stansiyalarını məhv etdiyini bildiriblər. Rusiya və Ukrayna mənbələri Mospino yaxınlığındakı bu hücumda ATACMS raketlərindən istifadə edildiyini bildirir.

Bu ay Moskvanın ilhaq etdiyi Luqansk bölgəsindəki rus hərbi poliqonuna hücumun da ATACMS-la gerçəkləşdirildiyi deyilir.

XS
SM
MD
LG