Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:39

Zelenski Əliyevdən sonra Tokayevə də zəng edib...


Qazaxıstan və Ukrayna prezidentləri Kasım-Jomart Tokayev və Volodimir Zelenski
Qazaxıstan və Ukrayna prezidentləri Kasım-Jomart Tokayev və Volodimir Zelenski

Fevralın 16-da Qazaxıstan və Ukrayna prezidentləri Kasım-Jomart Tokayevlə Volodimir Zelenski arasında Ukrayna tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.

AzadlıqRadiosunun Qazax xidməti xəbər verir ki, rəsmi məlumatlara görə tərəflər iki ölkə arasındakı “humanitar əlaqələri” müzakirə ediblər.

Rəsmi məlumatda bildirilir:

“Kasım-Jomart Tokayev Rusiya və Ukrayna arasında silahlı münaqişənin BMT Nizamnaməsi və hamı tərəfindən tanınan beynəlxalq hüquq əsasında diplomatik həllinə tərəfdar olduğunu deyib”.

Azattık yazır ki, Ukrayna və Qazaxıstan prezidentləri arasında bundan əvvəlki telefon söhbəti ötən ilin noyabrında olub. O vaxt Volodimir Zelenski Tokayevi ikinci müddətə prezident seçilməsi münasibətilə təbrik etmişdi.

Mürəkkəb vaxtda

Bəzi şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, sözü gedən telefon söhbəti Rusiya ordusunun Ukrayna şəhərləri üzərinə hücumlarının son dərəcə şiddətləndiyi, amma həm də qazaxıstanlıların ukraynalılara köməyinin artdığı bir vaxta təsadüf edir.

Bu ilin əvvəllərindən yayılan məlumatlarda deyilir ki, Qazaxıstan könüllüləri Ukraynaya milli çadırlar – yurtalar, sandıqlar, generatorlar və başqa tələbat malları göndərirlər.

Ötən ay qazax iş adamlarının Ukraynanın bir sıra şəhərlərində əhali üçün yardım çadırları açması Rusiya XİN tərəfindən tənqid olunmuş, amma rəsmi Astana bu ittihamları qəti şəkildə rədd etmiş və bildirmişdi ki, sözü gedən xeyriyyə fəaliyyətləri ilə Qazaxıstan hökuməti yox, biznesmenlər və könüllülər məşğul olur.

Bir gün əvvəl Əliyevlə...

Bundan bir gün əvvəl Azərbaycan prezidenti administrasiyasından verilən məlumatda deyilirdi ki, fevralın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidməti bildirirdi ki, telefon danışığı əsnasında Ukrayna prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, göstərilən humanitar yardımlara görə İlham Əliyevə təşəkkürünü bildirib:

“Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”.

Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevdə prezident Volodimir Zelenski ilə görüşmüşdü (Arxiv fotosu)
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevdə prezident Volodimir Zelenski ilə görüşmüşdü (Arxiv fotosu)

Zelenski və Əliyev arasında telefon söhbəti barədə Ukrayna tərəfi də məlumat yayıb.

Məlumatda bildirlir ki, iki prezident ölkələrinin beynəlxalq platformalarda əməkdaşlığını müzakirə ediblər.

Ukraynanın "Европейская правда" saytında deyilir ki, Volodimir Zelenski bu barədə özünün Twitter-də yazıb:

"Azərbaycan prezidenti ilə telefonda danışdım. Ona Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyinə, habelə göstərilən humanitar yardıma görə təşəkkürümü bildirdim. Biz beynəlxalq meydançalarda əməkdaşlığı müzakirə etdik”.

"Европейская правда" yazır ki, Azərbaycan yanvar ayında Ukraynaya iki dəst enerji avadanlığı, o cümlədən böyük gücə malik ehtiyat elektrik stansiyası və gərginlik transformatorları verib.

Bu da qeyd olunur ki, Ukrayna müharibəsi ilə bağlı Azərbaycan Ukraynaya indiyədək 30 milyon manatlıq (17.5 milyon dollar) yardım göstərib.

Xəbərdə deyilir ki, son 6 ayda Azərbaycanın müxtəlif təşkilatları Ukrayna əhalisinə humanitar yardım göndərib.

Bundan başqa 90 ukraynalı uşaq sosial-psixoloji bərpa üçün Azərbaycana gətirilib.

Xəbər verilir ki, bu müddətdə İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan 12 nömrəli məktəb bərpa olunub.

Məktəb Rusiya qüvvələrinin hücumu nəticəsində tamamilə dağılmışdı.

Xatırlatma

Ötən il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı.

Rusiya 9 il əvvəl isə Ukraynanın bir hissəsini - Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.

Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Azərbaycan bu sanksyalara qoşulmur. Amma Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Bundan başqa Azərbaycanın Ukraynaya bir neçə dəfə hümanitar yardım, o cümlədən elektrik avadanlıqları göndərdiyi xəbər verilib.

XS
SM
MD
LG