Ukrayna parlamenti Verxovna Radanın spikeri Andrei Parubiy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərinə Ukraynada iyulun 21-də keçiriləcək parlament seçkisində iştirak üçün göndərdiyi dəvəti ləğv edib.
Bu barədə özünün Facebook səhifəsində “Petro Poroshenko” blokundan deputat Vladimir Aryev iyulun 2-də yazıb.
Ötən həftə Ukrayna Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpasına etiraz olaraq özünün AŞPA-dakı nümayəndə heyətinin işini dayandırıb.
Bundan əvvəl Krımın işğalı və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiya nümayəndə heyətinin səs hüququ alınmışdı.
Rusiyanın AŞPA-dakı üzvlyünün bərpasına 116 deputat səs vermişdi. 62 AŞPA üzvü bu qərara qarşı çıxmışdı.
Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin yaxın müttəfiqi, “Xalqın xidmətçisi” partiyasının sədri Dmitry Razumkov Ukrayna nümayəndə heyətinin AŞPA-dan gedişini “məqsədəuyğun olmayan” adlandırmışdı.
O həm də demişdi ki, Rusiya nümayəndələrinin səlahiyyətlərinin qaytarılmasından əvvəl Ukrayna tərəfindən heç bir hərəkət edilməmişdi.
İyulun 2-də bu da xəbər verilib ki, Rusiya Avropa Şurasına AŞPA-nın 2019-cu il üçün üzvlük haqqını ödəyib. Rusiya 2017-ci ildən bəri üzvlük haqqını ödəmirdi.
Bu illər ərzində Rusiyanın üzvlük haqqı üzrə borcu 85 milyon avroya çatıb.
Rusiyanın AŞPA üzvlüyünə bərpasının şərtlərindən biri də bu borcun ödənilməsidir.