Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:11

ABŞ Ukraynaya 275 milyon dollarlıq hərbi yardım göndərir


ABŞ Ukraynaya əlavə olaraq 275 milyon dollarlıq hərbi yardım göndərir.

Bu yardım paketinə böyük miqdarda sursat, habelə Rusiya ilə müharibədə dronların aşkar edilməsini və vurulmasını təmin edəcək yüksək texnologiyalı sistemlər daxildir.

Bu barədə məlumatı Associated Press (AP) agentliyinə ABŞ rəsmiləri veriblər.

AP qeyd edir ki, indiki yardım həcminə görə son yardım paketlərindən kiçikdir, lakin bir çox rəsmi və hərbi ekspertlər qış aylarında döyüşlərin səngiyəcəyini bildirirlər.

NATO-nun baş katibi Yens Stoltendberq deyib ki, belə görünür, Rusiya öz qüvvələrini təkrar qruplaşdırmaq və havalar istiləşəndə yeni hücumlara keçmək məqsədilə hərbi fəallığını bir qədər azaldıb.

Rəsmilər bildirirlər ki, bu yardım paketinə haubitsa topları üçün 80 min sursat və HIMARS yaylım atəşli zenit raket sistemi üçün qeyri-müəyyən sayda sursat daxildir.

Yardım paketində habelə dronlara qarşı sistemlər və hava hücumundan müdafiə sistemləri, HUMVEE avtomobilləri, generatorlar və başqa döyüş avadanlığı var.

Hər iki tərəf dronlardan istifadəni artırıb

Bu da xəbər verilir ki, hər iki tərəfdən dronlardan istifadə artır və Ukraynanın dronların aşkarlanması və zərərsizləşdirilməsi sistemlərinə kritik ehtiyacı var.

Rusiya ötən yayda İrandan yüzlərlə dron alıb və rəsmilər bildiriblər ki, Moskva Tehrandan dronların gətirilməsini davam etdirmək niyyətindədir.

Rusiya qüvvələri hava zərbələri ilə daha çox mülki infrastrukturu və Ukraynanın enerji qurğularını hədəfləyir və yüz minlərlə ukraynalı vaxtaşırı elektriksiz, istiliksiz və susuz qalır.

Bundan başqa Rusiyanın dərinliklərində, Ukrayna sərhədindən 500 kilometr aralıda Rusiyanın iki strateji hərbi hava bazası dron zərbələrinə məruz qalıb.

Ukrayna bu zərbələrə görə məsuliyyəti öz üzərinə götürməyib.

Son yardım paketi də daxil müharibə başlayandan bəri ABŞ Ukraynaya toplam 19.3 milyard dollarlıq hərbi yardım ayırıb.

Bu da qeyd olunur ki, Ukraynaya hərbi yardımlar prezident Co Baydenin imzası ilə edilir və bu, Pentaqona silahları cəbbəxanadan götürərək tez bir zamanda Kiyevə göndərmək imkanı verir.

XS
SM
MD
LG