Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayanda Xuruş Sehəti Britaniyada yerləşən İran Beynəlxalq Televiziyasında çalışırdı. İndi bu televiziya jurnalisti özünün "ikinci vətən"i adlandırdığı Şərqi Avropa ölkəsi - Ukraynada cəbhə xəttində döyüşür.
Sehəti Ukraynanın Xarici Legionuna - xarici könüllülərdən ibarət hərbi bölməyə qoşulan ilk tanınmış iranlıdır.
AzadlıqRadiosunun "Fərda" xidmətinə müsahibəsində Sehəti deyib ki, o, Ukraynanı "diktatorlar və işğalçılar klubu"na qarşı müdafiə edir.
46-yaşlı jurnalistin Ukraynada döyüşmək qərarı həm də dərin şəxsi bir səbəbə dayanır.
"Ukraynaya bağlılığım var, çünki həyat yoldaşım ukraynalıdır və uşaqlarımız yarıukraynalıdır", - o bildirib və əlavə edib ki, ailəsi indi Londonda yaşayır.
Sehəti martın 18-də Ukraynada döyüşmək qərarını açıqlayaraq X sosial şəbəkəsində "cinayətkar Putin və onun dəstəkçilərinə qarşı döyüşmək" üçün müharibəyə qoşulduğunu yazmışdı.
Rusiya İranı "incidib"
Ukrayna ilə şəxsi əlaqələrindən başqa, Sehətinin Moskvaya müxalif olmasının kökündə İranın Rusiyaya qarşı tarixi narazılıqları dayanır.
"Amerikanın Səsi"nin fars xidmətində çalışmış və ABŞ vətəndaşı olan Sehəti deyib: "Rusiya son 200 ildə İranı çox incidib".
İran və çar Rusiyası 19-cu əsrdə bir sıra müharibələr aparıb və nəticədə Tehran Qafqazın böyük hissəsini Moskvaya verib.
Rusiya imperiyası İranın təbii sərvətləri uğrunda mübarizə aparıb və İran ərazilərini işğal edib. 1940-cı illərin ortalarında Sovet İttifaqı İranın şimal-qərbində qısa müddətə etnik kürd və azərbaycanlıların respublikalarına dəstək verib. Bu respublikalar tez bir zamanda dağılsa da, bu günə qədər davam edən etnik gərginlikdə rol oynayıb.
"Həmrəylik mesajı"
Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri İran Moskvanı Ukrayna şəhərlərinə və infrastrukturuna zərbələr endirmək üçün dronlarla təmin edib.
Həm Tehran, həm də Moskva bunu inkar etsə də, bunun əksini göstərən əsaslı dəlillər var. İranın Ukraynada istifadəsi üçün Rusiyaya raketlər verə biləcəyi barədə də narahatlıqlar artır.
Sehəti orduya qoşulmaq qərarının arxasındakı motivasiyalarından birinin iranlılarla bağlı təsəvvürləri dəyişdirmək olduğunu bildirib.
"İranlılar ilə ukraynalılar arasında həmrəylik mesajı göndərməyə çalışıram ki, ukraynalılar iranlıları İslam Respublikasının əməlləri ilə əlaqələndirməsinlər",- o deyib.
Siyasi fəaliyyətləri səbəbindən bir neçə dəfə həbs olunmuş hüquq müdafiəçisi olan Sehəti 2004-cü ildə İrandan Türkiyəyə qaçıb. O, siyasi mühacir statusu alıb və daha sonra ABŞ-yə köçüb.
"Qətl yox, özünümüdafiə"
X.Sehəti 1988-ci ildə İraq-İran müharibəsi bitəndə 10 yaşında olub və onun İranda tamamladığı ikiillik məcburi hərbi xidmətdən başqa heç bir döyüş təcrübəsi yoxdur.
Ukraynanın Xarici Legionuna qoşulduqdan sonra, o və onun birliyi peşəkar təlimlər keçib.
O, döyüşdə heç vaxt heç kimi öldürmədiyini etiraf edib, lakin psixi cəhətdən buna hazır olduğunu əlavə edib.
"Bu, birisinin silahlanıb evinizə soxulması və sizi hücum etməyə çalışması kimidir. Siz nə edərsiniz?", – Sehəti deyib. "Özünüzü müdafiə etmək qanuni özünümüdafiədir, qətl deyil".
Yazı AzadlıqRadiosunun "Fərda" xidmətinin jurnalisti Mehran Kərimi və radionun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.