Fransa, Böyük Britaniya və "istəklilər koalisiyası"nın digər üzvləri hazırda Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtının gəlib çatmadığını bəyan ediblər. Bu barədə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer martın 27-də Parisdə 30-a yaxın ölkənin nümayəndələrinin görüşündən sonra bildiriblər.
Bu mövqeyi Ukrayna dəstəkləyir. Parisdəki görüşə qatılan Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, indi sanksiyaların ləğvi "diplomatiya üçün fəlakət" olardı.
Görüşdən sonra Makron bildirib ki, müttəfiqlər, əksinə, xüsusilə Rusiyanın "kölgə donanması" adlanan gəmilərinə qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını müzakirə ediblər.
Fransa prezidenti təsdiqləyib ki, bir sıra ölkələr, o cümlədən Fransa və Britaniya mümkün atəşkəsdən sonra öz qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələri davam etdirir. Makron vurğulayıb ki, qoşunların göndərilməsi məsələsində iştirakçılar arasında konsensus yoxdur, lakin bir neçə ölkə belə bu missiyada iştirak etməyə hazırdır. Onun sözlərinə görə, söhbət sülhməramlı qüvvələrdən getmir, onları "çəkindirmə qüvvələri" adlandırmaq daha doğru olar, onların mövcudluğu Rusiyanın hərbi əməliyyatları bərpa etməyəcəyinə zəmanət verməlidir. Makron vurğulayıb ki, bu qoşunlar təmas xəttində yerləşdirilməyəcək, xüsusilə arxa cəbhədəki böyük şəhərlərdə və limanlarda cəmləşdirilə bilər. Fransa prezidentinin sözlərinə görə, Rusiyanın Ukraynada bu cür qüvvələrin yerləşdirilməsinə veto qoymaq hüququ olmamalıdır.
Trampı tənqid etməkdən çəkindi
Makron ABŞ prezidenti Donald Trampı tənqid etməkdən çəkinib, əksinə, müttəfiqlərin onun sülhməramlı səylərini yüksək qiymətləndirdiyini söyləyib. Eyni zamanda, Trampdan fərqli olaraq, o, yenidən Rusiyanı tənqid edib.
Görüşün yekunlarına əsasən, "istəklilər koalisiyası" ölkələrinin xarici işlər nazirləri mümkün atəşkəs rejiminin monitorinqi ilə bağlı üç həftə ərzində təkliflər hazırlamalıdırlar.
Həmçinin Fransa və Britaniyanın hərbi nümayəndə heyətlərinin Ukrayna ordusunun ehtiyaclarını, mümkün islahatları müzakirə etmək üçün yaxınlarda Ukraynaya gedəcəyi açıqlanıb.
Parisdə görüş Birləşmiş Ştatların Rusiya və Ukrayna nümayəndələri ilə Ər-Riyadda apardığı danışıqlardan bir neçə gün sonra baş tutub. Bu danışıqların nəticəsi olaraq, enerji obyektlərinə zərbələrə moratorium (həm Rusiya, həm də Ukrayna bir-birini onu pozmaqda ittiham edir), həmçinin Qara dənizdə mümkün atəşkəs elan edilib. Rusiya bu cür atəşkəs üçün bir sıra şərtlər, o cümlədən bank və ərzaq sektoruna qarşı sanksiyaların yumşaldılması tələbini irəli sürüb. ABŞ kömək vəd etsə də, Aİ indi sanksiyaları yumşaltmağa hazır olmadığını bildirib.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.