Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:17

Ukrayna ordusunda qadınlar daha kişi tumanı geyinməli olmayacaqlar


Ukrayna ordusunun qadın hərbçisi
Ukrayna ordusunun qadın hərbçisi

Ukrayna ordusunda qadınlar da kişilər kimi snayper və atıcı kimi döyüşür, kəşfiyyatçı və tibb işçisi kimi çalışır. Ancaq bu ayadək Ukrayna ordusunun 42 minədək qadın əsgərinin öz uniforması yox idi. Onlar kişi uniformasına uyğunlaşmağa məcbur idilər. Müharibənin başlanmasından il yarım sonra Müdafiə Nazirliyi qadın heyətin ehtiyaclarını qarşılamaq qərarına gəlib.

Avqustun 5-də nazirlik silahlı qüvvələri qadın heyəti üçün yay uniforma dəstini təsdiqləyib. Müdafiə Nazirinin müavini Hanna Malyar deyir ki, bu, dünyada bu qəbildən az sayda qərarlardandır.


ABŞ ordusunun saytında qeyd olunur ki, bu ölkə ordu heyəti üçün standart qadın uniformalarını 2020-ci ildə tətbiq etməyə başlayıb.

Ukrayna ordusunun bəzi qadın əsgərləri ilə bağlı bu qərar onlara həm qadın, həm də hərbçi kimi hörmətin əlamətidir.

Yalnız adını açıqlayan gənc əsgər Anastasiya deyir ki, qadınlar kişi uniformasını öz bədənlərinə uyğunlaşdırmaqdan ötrü sancaq və rezindən istifadə edir, geyimə düzəliş etməli olurlar, ancaq nəticə heç də həmişə qənaətbəxş olmur.

"Ya arxadan [parçadan] qanadların çıxır, ya da öndən düymələr bağlanmır, nəfəs almaq olmur", – o deyir.

Alt tumanı problemi

Ukrayna ordusunda hələ də qadınlara paylanan kişi alt tumanları isə ayrıca mövzudur.

Vira adlı əsgər öz tumanlarını kişi əsgərlərə verdiyini deyir.

"Gəlin kişiyə tişört əvəzinə büsthalter geydirək. Bu sizin üçün rahat olarmı? Yox, olmaz”, – o deyir.

Anastasiya deyir ki, hər ay təkrarlanan aybaşı kişi tumanını tamamilə mənasız edir.

"Üzr istəyirəm, mən kişi şortuna [qadın bezini] necə yapışdırmalıyam? Yaxud da, bu vəziyyətdən necə çıxmalıyam? Bunlar tamamilə təbii şeylərdir və onlar buna əhəmiyyət vermirlər. Ancaq artıq buna doğru gedirik və bu çox yaxşıdır”, – o bildirir.

Ukraynada qadın əsgərlərin sayı 2015-ci ildən bəri iki dəfə artıb. O zaman qadınlar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində yeni münaqişə ocağı yaratmasına cavab olaraq kütləvi şəkildə orduya yazılmağa başlamışdı. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün 5 min 500-dək qadın ön cəbhədə vuruşur.

“Görünməz batalyon” layihəsi çərçivəsində Ukrayna ordusunda gender bərabərliyini araşdıran sosioloq Anna Kvit deyir ki, ukraynalı qadınların aktiv döyüşə qatılmasına 2018-ci ildən icazə verilsə də, ordunun "infrastrukturu" bu dəyişikliyə uyğunlaşmağa çətinlik çəkir.

5 minədək uniforma tikilib

Kiyevdə fəaliyyət göstərən könüllü “ArmWomenNow” qrupu qadınların uniforma ehtiyaclarının qarşılanmasına çalışır. Qrupun özü qadın uniformaları tikməyə başlayıb. Qrupun saytında sponsorlar arasında Kiyev meri Vitali Kliçko və onun özü kimi tanınmış boksçu qardaşı, Ukrayna ordusunun ehtiyat zabiti Vladimir Kliçkonun, habelə Ukrayna şou-biznesinin bir çox tanınmış simasının adı var.

“ArmWomenNow”nun 5 minədək uniforma tikməsindən sonra Müdafiə Nazirliyini, “Forma Two” ictimai təşəbbüsünü və prezidentin müşaviri Tetyana Lomakinanı da əhatə edən işçi qrup yaradılıb.

Dəstin içində qadın sinəsinə uyğunlaşdırılmış gödəkçələrdən başqa genişlənə bilən yüksək belli şalvar, qadınların bədəninə uyğun, idman tərzində alt paltarı da var. Hamilə qadınlarsa şalvarın içərisinə yerləşdirilmiş elastik lentin köməyilə onu öz dəyişən bədənlərinə uyğunlaşdıra bilərlər.

Müdafiə Nazirliyi hələlik, bu dəstin kütləvi istehsalına başlamayıb. Ancaq qadın əsgərlər soyuq qış, yağışlı payız və palçıqlı yay aylarına görə dizayn olunmuş nümunələri Ukrayna qadın veteran hərəkatının emalatxanasında sınaqdan keçirə bilərlər. Bu təşkilat da qadınları hərbi uniforma ilə təchiz edir. Təklif olunan dəstin içində xüsusi olaraq qadınlardan ötrü hazırlanmış dəbilqə və zirehli jilet də var. Müdafiə Nazirliyinin press-relizində deyilir ki, hazırda nazirlik bu jilet nümunələrinin texniki standartlara cavab verib-vermədiyini nəzərdən keçirir.

XS
SM
MD
LG