Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Ukrayna Rusiyaya dron zərbələri endirdiyini bildirir


Novorossiysk terminalında yanğın
Novorossiysk terminalında yanğın

Şahidlər deyirlər ki, Moskvada avqustun 18-ə keçən gecə hava hücumundan müdafiə sistemləri işləyib.

Xəbər verilir ki, vurulmuş dronun qırıntıları Moskva-sitidəki Eksposentrə ziyan vurub.

Bu sərgi mərkəzi Rusiya hökumətinin binaları yaxınlığındadır.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, dron Moskva vaxtı ilə səhər 4 radələrində aşkar edilərək vurulub.

Nazirlik əlavə edir ki, dron vurulduqdan sonra istiqamətini dəyişərək Moskva çayı sahilindəki Krasnopresnenski rasyonunda qeyri-yaşayış binasının üstünə düşüb. İtki və yanğının olmadığı xəbər verilib.

Moksvada dronun qırıntıları düşən binalardan biri
Moksvada dronun qırıntıları düşən binalardan biri

“Bobyor” kamikadze dronu

Mash saytı məlumat mənbəyini göstərmədən yazır ki, vurulan PUA – Ukraynanın “Bobyor” kamikadze dronu olub.

Eynilə belə bir dron avqustun 11-də Moskvanın şimal-qərbindəki Jivopisnı körpüsü rayonunda vurulmuş, ya da yerə düşmüşdü.

Bu Moskva-siti üzərinə son bir ayda üçüncü belə dron hücumudur.

Rusiya Müdafiə Nazirliyi dron hücumuna görə Ukraynanı ittiham edib. Kiyev adətən belə dron hücumları barədə operativ qaydada məlumat vermir.

Bu da xəbər verilir ki, avqustun 18-də gecə saat 3:30-da Vnukovo hava limanı üzərində hava məkanı bağlanıb.

Bu müddətdə bir neçə reys ləğv olunub. Hava limanı işini 3 saatdan sonra bərpa edə bilib.

Daha sonra Rosaviasiya bəyan edib ki, Moskvanın bütün aeroportlarında – Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limalarında təyyarələrin uçuşları müvəqqəti dayandırılıb.

Belə bir hadisə ilk dəfədir ki, baş verir.

Novorossiysk terminalında yanğın

Avqustun 18-də Krasnodar diyarındakı Novorossiysk terminalında böyük yanğın baş verib.

Rusiya FHN bildirir ki, yanğın 1300 kvadrat metrlik sahəni əhatə edib. Onu bir neçə saat ərzində söndürə biliblər.

Ölən və ya xəsarət alan olmadığı deyilir.

FHN-nin Krasnodar diyarı idarəsi bildirib ki, yanğın taxta paletlərdən başlayıb.

Amma Kub Mash teleqram kanalı sosial şəbəkələrdə dərc edilmiş videolara istinadla bildirir ki, yanan təkcə paletlər yox, həm də yağ çəlləkləri olub.

Terminaldan qalxan qara tüstünü buxtanın qarşı sahilindəki Kabardinka qəsəbəsindən görmək mümkün idi.

Təcili xidmətlər və Krasnodar qərargahı yanğının səbəbləri barədə məlumat vermirlər.

Novorossiyskə bundan əvvəlki hücumlar

Avqustun 4-ə keçən gecə Rusiya Müdafiə Nazirliyi Novorossiysk limanında lövbər salmış “Oleneqoski qornyak” hərbi desant gəmisinə iki suüstü dronla zərbə endirildiyi barədə məlumat yaymışdı.

Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti bu hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Ötən ilin noyabrında isə Ukraynanın pilotsuz dəniz aparatı Şesxaris neft terminalına zərbə endirmişdi.

Novorossiysk Rusiyanın Qara dənizdəki ən böyük limanıdır.

Bu şəhərdəki hərbi-dəniz bazasında döyüş gəmiləri və sualtı qayıqlar saxlanır.

Buradakı terminaldan Rusiya, Azərbaycan və Qazaxıstan nefti ixrac olunur.

Azərbaycan öz neftinin bu terminaldan ixracını ötən il dayandırmışdı.

Ötən ay isə Qazaxıstan da Novorossiyskə gələn dəmir yolundan istifadəni dayandırıb.

Enerhodarda polis idarəsinə zərbə

Bu arada Ukrayna kəşfiyyatı – SBU Zaporojye vilayətində işğal olunmuş Enerhodar şəhərindəki Rusiya qüvvələrinə zərbə endirildiyini bildirib.

Dron zərbəsinin avqustun 18-də səhər saatlarında endirildiyi bildirilir.

Həmin vaxt şəhər polisinin binasında müşavirə gedirdi.

Bu da iddia edilir ki, zərbə nəticəsində yaralananların arasında Enerhodar şəhərinə Rusiya tərəfindən təyin edilmiş polis rəisi polkovnik Pavel Çesanov da var. O, müavini və başqa rəhbər işçilər bura Çuvaşıstandan ezam ediliblər.

Yaralıların reanimobillərlə Melitopol şəhərinə aparıldığı deyilir. Xəbər verilir ki, polis idarəsinin binasında yanğın baş verib.

İşğal altında olan Melitopol şəhərinin meri İvan Fyodorov Enerhodarda güclü partlayışın baş verdiyini bildirib və ziyan dəymiş binanın şəklini dərc edib.

Enerhodara zərbə endirilməsini rusiyalı hərbi blogerlər də yazırlar, amma Müdafiə Nazirliyi hadisəni təsdiq etmir.

Enerhodar şəhərini Rusiya qüvvələri 2022-ci ilin martında işğal edib.

Zaporojye AES bu şəhərdə yerləşir.

XS
SM
MD
LG