Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:09

Artyomun sorağında: Rusiyalı ailə əsgərin nəşini axtarır


Mayın sonunda onun ölümündən xəbər tutandan bəri Artyomun dul arvadı Polina və qaynanası Nadejda onun cəsədini axtarırlar.
Mayın sonunda onun ölümündən xəbər tutandan bəri Artyomun dul arvadı Polina və qaynanası Nadejda onun cəsədini axtarırlar.

Mayın 23-ü axşamı Rusiyanın şimalında, Arxangelsk vilayətinin 3 min 500 nəfərlik Şipitsino kəndində yaşayan Nadejda 23-yaşlı kürəkəni Artyomun Ukraynada döyüşlərdə ölməsi xəbərini eşidib. Səhəri gün bu xəbər təsdiqlənib.

Yerli hərbi qeydiyyat və səfərbərlik şöbəsində ona verilən məlumata görə, kürəkəni mayın 14-də Ukraynanın şərqində yerləşən Baxmutda ölüb.

Ancaq Artyomun ölüm xəbəri kəndə gəlib çıxsa da, yaxınları hələ də onun cənazəsini ala bilməyiblər.

Artyomun ölüm xəbəri çıxandan bəri dul qalmış arvadı Polina və qaynanası Nadejda onun cəsədini axtarır. Onlar əsgərin başına nə gəldiyini öyrənmək və cəsədini tapmaq üçün həm tanışlarından kömək istəyir, həm də ölkənin müxtəlif yerlərindəki morqlara gedirlər.

Nadejda Artyomun ölüm xəbəri çıxandan bəri onun cəsədinin Baxmutdan çıxarıldığını və, güman ki, Rusiyanın qərbində, yaxud Ukraynanın şərqində Rusiya işğalı altındakı ərazilərdə yaradılmış üç iri morqdan birində ola biləcəyini öyrənib.

O, bir hüquqşünasın köməyi ilə Artyomun rəsmən itkin düşənlər siyahısına salındığını da öyrənə bilib. Vəkil deyir ki, bu, cəsədin itirilməsi də demək ola bilər. Artyomun cənazəsi tapılana qədər Nadejda və Polina onu dəfn edə bilməyəcək, Rusiya dövlətinin ailələrə verdiyi maddi kompensasiyanı ala bilməyəcəklər.

"Mən bunu pula görə etmirəm. Məsələ ödənişdə deyil. İndi mənim üçün ən vacib iş Artyomu tapmaq və onun haradasa çürümədiyini bilməkdir", - Nadejda deyir.

Artyomun yox, həmkəndlisinin cəsədini tapıb

Bir çox hallarda Ukraynanın şərqindəki Soledar və Baxmut döyüşlərində ölənlərin cəsədlərinin tanınmaz hala düşdüyü də deyilir. Bu isə onların dəfn edilmək üçün ailələrinə qaytarılması və ailələrə maddi kompensasiya ödənməsi işində kütləvi ləngimələrə səbəb olur.

Müharibədə ölənlərin dəqiq sayı bilinməsə də, avqustda ABŞ rəsmiləri Rusiyanın itkilərinin 300 min nəfərə yaxınlaşdığını, onlardan 120 mininin həlak olduğunu bildiriblər.

Durmadan artmaqda olan bu itkilər Kremlin müharibə maşınını yeni əsgərlər axtarmağa sövq edir. 2022-ci ilin sentyabrında 300 min əsgərin orduya çağırılması ilə "qismən" səfərbərlik elan edilmişdi. Bu, böyük panikaya səbəb olmuş, on minlərlə adamın Rusiyanı tərk etməsi ilə nəticələnmişdi.

O zamandan bəri Rusiya hökuməti insanları orduya pul və güzəştlərlə şirnikləndirməklə cəlb etməyə çalışır. Keçmişdə hərbi təcrübəsi olanlara çağırış vərəqəsi gəlir. Prezident Vladimir Putinin avqustun 4-də təsdiqlədiyi yeni qanunla bir illik məcburi hərbi xidmət üçün maksimal yaş 27-dən 30-a qaldırılıb. Bir çoxları bu addımın gələcəkdə elan edilə biləcək ümumi səfərbərlik üçün zəmin hazırladığına inanırlar.

Artyom və Polina
Artyom və Polina

Nadejda və Polina onlar kimi doğmalarının cənazəsini axtaran həmkəndlilərinə qoşulub Artyom barədə məlumat almağa çalışırlar. Onlar Telegram çat qrupları, ailə əlaqələri, xəstəxana və morqlarda işləyən tanışları vasitəsilə Artyomun cənazəsinin harada ola biləcəyi barədə, az da olsa, məlumat ala biliblər. Onlar cənazənin Luqanskda bir morqda ola biləcəyini öyrəniblər. Buradansa onlara Artyomun Rostovdakı hərbi morqa köçürülə biləcəyi deyilib.

Nadejda deyir ki, Rostov morqunun əməkdaşı Artyomu tapa bilməsə də, bir həmkəndlisinin cəsədini tapıb. Həmin şəxs Artyomla eyni tarixdə və eyni məkanda həyatını itirib. Nadejdanın onu tapmasından sonra cənazə ailəsinə göndərilərək dəfn edilib.

"Deyiblər gözləyin, deməli, gözləyin"

Nadejda əldə etdiyi bütün məlumatları hərbi qeydiyyat və səfərbərlik şöbəsinə çatdırıb. Ancaq, onun sözlərinə görə, onlar bunun cavabında çiyinlərini çəkiblər. Onların biganəliyindən məyus olan Nadejda yerli prokurorluğa gedərək ərizə yazıb, ancaq onların da cavabı ürəkaçan olmayıb.

"Soruşurlar ki, sən bütün bunları haradan bilirsən. Deyirlər, məşğul oluruq, ancaq, başa düşdüyüm qədər, heç nə etmirlər", - Nadejda deyir.

Nadejda hesab edir ki, əgər Artyomun hərbi birliyindən döyüşdə onunla eyni vaxtda ölən biri Rostovda tapılıbsa, onda Artyomun da cənazəsi orada olmalıdır. O, indi artıq ölmüş Yevgeni Priqojinin tənqidi sözlərini xatırlayır. Priqojin iyunda qiyam qaldıranda demişdi ki, itkilərin əsl miqyasını gizlətmək üçün minlərlə əsgərin cəsədi Rostovda morqlarda saxlanır və ailələrinə verilmir.

Ailə vəkil vasitəsilə DNT testinə haqları çatdığını öyrənib. Ancaq Nadejda deyir ki, testi də düzgün təşkil etmədikləri üçün nəticələri öyrənə bilməyiblər.

Vəkil ailənin adından Arxangelsk regionunun yerli hərbi komissarlığına hüquqi tələbnamə göndərib. Polina və Nadejdaya deyilib ki, məktub alınan kimi onlara vaxtında cavab veriləcək. Məktub iyulun 20-də çatsa da, heç bir cavab yoxdur. Nadejda məlumat almaq istəyəndə isə hərbi komissarlıqdan ona kobudcasına belə cavab veriblər: "Sizə deyiblər gözləyin, deməli, gözləyin".

XS
SM
MD
LG