Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:32

Ukrayna Krımda ‘strateji obyektə’ zərbə endirdiyini deyir


Yevpatoriyada S-400 qurğusunun vurulduğu an
Yevpatoriyada S-400 qurğusunun vurulduğu an

Oktyabrın 30-a keçən gecə Ukrayna silahlı qüvvələri ilhaq edilmiş Krımın qərb sahilində strateji obyekti vurub.

Bu barədə məlumatı Ukrayna silahlı qüvvələrinin strateji komandanlığı yayıb.

Hücumun başqa təfərrüatları bildirilmir. Strateji komandanlıq habelə işğal olunmuş Luhansk rayonunda S-400 hava hücumundan müdafiə sisteminin məhv edildiyini xəbər verib.

Astra teleqram kanalının verdiyi məlumata görə Rusiya Müdafiə Nazirliyinin Tarxankut burnundakı Olyonovka kəndinin yaxınlığında yerləşən raket alayının 17 əsgəri yaralanıb. Bundan başqa 5 avtomobilə ziyan dəydiyi xəbər verilir.

Baza teleqram kanalının məlumatına görə Olyonovkadakı Rusiya bazasına zərbələr ATACMS raketi ilə endirilib.

Bu da xəbər verilir ki, oktyabrın 30-da Sevastopolda hava hücumu siqnalı verilib. Krım.Realii saytı yazır ki, şəhərdə dörd partlayışın səsi eşidilib.

Rusiya MN şəhər limanının reydində Ukrayna dəniz dronlarının tutulduğunu xəbər verib. Daha iki dronun isə Xersones buxtasına daxil olmağa çalışdığı xəbər verilir.

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsündə hərəkət dayandırlıb.

“Krımski veter” teleqram kanalı bundan əvvəl, avqustun 23-də S-400 zenit-raket qurğusunun məhv edildiyini xəbər vermişdi.

O vaxt Ukrayna hərbiyyəsi zərbə nəticəsində hava hücumundan müdafiə qurğusu, onun silahları və şəxsi heyətinin məhv edildiyini bildirirdi.

Rusiya MN Olyonovkaya hücum barədə hələ ki, heç bir məlumat yaymayıb.

Bundan əvvəlki hücumlar

Sentyabrın ortalarında Ukrayna təhlükəsizlik xidməti hərbi kəşfiyyatı və hərbi dəniz donanması ilhaq edilmiş Krımda, Yevpatoriya rayonunda keçirdiyi xüsusi əməliyyatla Rusiyaya məxsus HHM sistemini məhv etmişdi.

Ukrayna silahlı qüvvələrinin məlumatına görə o vaxt dəyəri 1.2 milyard dollar olan S-300/400 kompleksi məhv edilmişdi.

Bu əməliyyat zamanı hədəfi əvvəlcə dronlar vurmuş, kompleksin radar və antenalarını sıradan çıxarmış, daha sonra isə iki qanadlı Neptun raketi ilə zərbələr endirilmişdi.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 14-də səhər bildirmişdi ki, Yevpatoriya üzərində 11 təyyarə tipli dron vurulub.

Bu rəsmi xəbərdən saat yarım əvvəl Yevpatoriya sakinləri sosial media şəbəkələrində dron hücumları və partlayışlar barədə məlumat verirdilər.

Krım körpüsü üzərindən hərəkət müvəqqəti dayandırılmışdı.

XS
SM
MD
LG