Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 16:04

Ukraynalılar: Rusiyanın oğurladığı uşaqların axtarışı davam etməlidir


Ukraynanın işğal olunmuş ərazilərində Rusiya təbliğatı aparılır
Ukraynanın işğal olunmuş ərazilərində Rusiya təbliğatı aparılır

Ukraynadan Rusiyaya aparılan on minlərlə ukraynalı uşağın taleyi qeyri-müəyyən vəziyyətə düşüb. Çünki onları tapmağa kömək edən ABŞ-dakı bir araşdırma qurumunun fəaliyyəti maliyyə çətinliyi səbəbindən dayandırılıb.

Məsələ burasındadır ki, Donald Tramp administrasiyası Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının (HRL) mütəxəssis qrupuna maliyyə dəstəyini kəsib. Bu qurum itkin düşən uşaqları izləmək və məlumatı Kiyevə ötürmək üçün açıq mənbə texnologiyasından yararlanırdı.

Yale Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nataniel Reymond AzadlıqRadiosuna özəl müsahibəsində bildirib ki, bu addım Rusiya tərəfindən oğurlanmış 35 minə yaxın ukraynalı uşağın yerini izləmək səylərinə "katastrofik bir zərbədir".

Ukrayna rəsmiləri və fəalları uşaqların izinə düşmək və repatriasiya etmək üçün səylərini davam etdirəcəyini deyirlər. Ancaq onu da etiraf edirlər ki, Yaledəki araşdırma qurumunun fəaliyyətini dayandırması onların işini xeyli çətinləşdirəcək.

Kiyevdəki Regional İnsan Haqları Mərkəzinin (RCHR) hüquq eksperti Katerina Raşevska deyib ki, HRL uşaqları izləmək və müvafiq məlumatları Kiyevlə bölüşməklə yanaşı, uşaqların qaytarılması üçün Ukraynanın apardığı kampaniyanın imicini yüksəldib.

"Onlar həmçinin təbliğat işlərində çox fəal idilər, müvafiq konfranslarda iştirak edirdilər, BMT Təhlükəsizlik Şurasında çıxış edirdilər. Bu, hərtərəfli fəaliyyət idi", - o bildirib.

Raşevska və RCHR komandası prezident Putin və digər rəsmilərin işğal olunmuş Ukrayna ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıması ilə bağlı sübutların toplanmasına töhfə veriblər.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nizamnaməsinə görə, uşaqların zorla qaçırılması və deportasiyası müharibə cinayətidir. Tədqiqatçıların fikrincə, əgər məqsəd müəyyən etnik, irqi və ya dini qrupun kökünü kəsməkdirsə, bu addım həm də soyqırımı sayıla bilər.

BCM 2023-cü ildə ukraynalı uşaqların deportasiyası ilə əlaqədar Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib.
Rusiya qanun pozuntusunu inkar edir və ukraynalı uşaqları müharibədən qorumaq üçün münaqişə zonalarından evakuasiya etdiyini iddia edir.

Ukrayna baş prokurorunun keçmiş müavini Gündüz Məmmədov bildirib ki, HRL-ə ayrılan vəsaitin kəsilməsi Ukraynanın oğurlanmış uşaqları geri qaytarmaq imkanlarına zərbə vurmaqla yanaşı, cinayətkarların məsuliyyətə cəlb edilməsi səylərini də məhdudlaşdıracaq.

"(Rusiya tərəfindən törədilən) cinayətlərin araşdırılması və qeydə alınması üçün Ukraynanın öz işini müstəqil şəkildə davam etdirməsi, xüsusən rəqəmsal məhkəmə ekspertizası, açıq mənbəli analitika və beynəlxalq əməkdaşlığın mövcud üsullarından istifadə etmək son dərəcə vacibdir", - Məmmədov AzadlıqRadiosuna bildirib.

Yale laboratoriyası uşaqlar haqqında məlumat toplamaq üçün peyk şəkilləri, sosial media və Rusiya mətbuatı kimi açıq mənbə texnologiyasından istifadə edirdi.

"Bu proses dayanmamalıdır, çünki bu, həm uşaqlarımızın repatriasiyası, həm də ədalət naminə vacibdir", - Məmmədov əlavə edib.

Bununla belə, bütün ümidlər itməyib. Yale Universitetindəki quruma maliyyənin kəsilməsindən bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında itkin düşən uşaqlarla bağlı məsələni qaldırıb.

"Prezident Tramp prezident Zelenskidən müharibə zamanı Ukraynadan itkin düşənlər, o cümlədən oğurlanan uşaqlar barədə də soruşub. Prezident Tramp həmin uşaqların evlərinə qaytarılmasına kömək etmək üçün hər iki tərəflə yaxından işləyəcəyinə söz verib", - Ağ Evin martın 19-da yaydığı məlumatda deyilir.

Trampın sülh danışıqlarında iştirak edən nümayəndələri martın 24-də Ər-Riyadda rusiyalı həmkarları ilə görüşəcəklər.



"Ruslaşdırmanın" tarixi

Rusiyanın qaçırdığı ukraynalı uşaqların dəqiq sayı məlum deyil.
2023-cü ildə Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets 150 minə yaxın uşağın işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq aparıldığını deyib.

Zelenski tərəfindən irəli sürülən Ukraynanın "Uşaqları Geri Qaytar" təşəbbüsü çərçivəsində indiyədək yalnız 1236 uşaq vətənə - Ukraynaya qaytarılıb.

Rusiya zorla ölkədən çıxardığı uşaqların siyahısını Ukrayna hakimiyyətinə təqdim etməyib.

Kiyev bildirir ki, uşaqlar "ruslaşdırılır", yenidən tərbiyə edilir və Ukraynaya qarşı onların beyinləri yuyulur.

Rus ailələri tərəfindən qanunsuz övladlığa götürmə halları barədə məlumatlar da var. Bir çox "övladlığa götürən valideyn" uşaqların adlarını dəyişdirir və onların Ukrayna kimliyini silir.

Moskvanın Ukrayna kimliyinə qarşı müharibəsinin tarixi yüz illər əvvələ gedib çıxır. Çar Rusiyası və sovet rejimi Ukrayna dilini sıxışdırıb, ukraynalıları assimilyasiyaya məcbur edib, etnik ukraynalıları rəsmi sənədlərdə rus kimi qeydə alıb.

Rusiyanın istismarçı davranışı təkcə kimlik məsələsi ilə bitmir. HRL-in məlumatına görə, uşaqların fiziki zorakılığa məruz qalması, Ukraynadakı ailələri ilə ünsiyyətdən məhrum edilməsi və Rusiyaya aparıldıqdan sonra yetərincə qida və qayğı ilə təmin olunmaması barədə faktlar var.

Yale Universiteti nəzdində işləyən HRL Dövlət Departamentinin maliyyəsi ilə yaradılan və Rusiyanın törətdiyi müharibə cinayətlərini araşdıran "Ukraine Conflict Observatory" proqramının bir hissəsidir.

ABŞ Dövlət Departamenti martın 18-də Azadlıq Radiosuna təsdiqləyib ki, sözügedən proqrama üçün maliyyə yardımı dayandırılıb.

XS
SM
MD
LG