Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 06:20

Kiyev ukraynalı əsirlərin güllələnməsində şübhəli bilinən rusiyalıları müəyyənləşdirib


Rusiyalı şübhəlilər
Rusiyalı şübhəlilər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) 2024-cü ilin mayında Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında 4 Ukrayna hərbi əsirinin güllələnməsində şübhəli bilinən 5 Rusiya hərbçisinin kimliyinin müəyyənləşdirildiyini bildirib.

GUR-un məlumatına görə şübhəlilər Rusiya silahlı qüvvələri Cənub dairəsi 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının hücum qrupunun sıralarında döyüşüblər.

Ukrayna hərbi əsirlərinin güllələndikləri vaxt bölməyə podpolkovnik Yuri Abayev komandanlıq edirdi.

GUR-un versiyasına görə digər şübhəlilər - 2-ci batalyonun komandiri Dmitri Naqornı, 1-ci hücum rotasının baş leytenantı Temirlan Abutalimov, 3-cü hücum rotasının komandiri leytenant Zaur Bekov və 6-cı hücum rotasının baş leytenantı Yusup İmaqazaliyevdir.

Bu şəxslərin əsirlərin güllələnməsi ilə bağlı olmaları tutulmuş radioməlumatların mətnindən aydın olur. Bu məlumatlardan birində komandir əsirlərin güllələnməsini əmr edir.

Drondan çəkilmiş videolar

May ayında drondan çəkilmiş və sosial şəbəkələrdə yayılmış videoda təslim işarəsi olaraq əllərini qaldırmış silahsız dörd nəfərin, ehtimal ki, Ukrayna əsgərlərinin əsir düşmələri görünür.

Onları əsir alan Rusiya hərbçiləri ukraynalılara üzüaşağı uzanmağı əmr edir, daha sonra isə yaxın məsafədən güllələyirlər.

Bundan əvvəl Ukraynanın baş prokuroru Andrey Kostin məlumat vermişdi ki, tammiqyaslı müharibə ərzində rusiyalılar azı 61 ukraynalı əsiri edam ediblər.

Onun sözlərinə görə bütün ukraynalı əsgərlər Rusiya əsirliyində işgəncələrə məruz qalırlar.

Onları qeyri-insani şəraitdə ac saxlayır, tibbi yardım göstərmirlər.

Prokuror bildirib ki, əsirləri hətta ukrayn dilində danışdıqlarına görə döyürlər.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının 2023-cü ilin dekabrına olan məlumatına görə Rusiya hərbçiləri təslim olmağa cəhd göstərən azı 15 ukraynalı əsgəri öldürüblər. Bundan başqa artıq əsir alınmış 6 ukraynalı qətlə yetirilib.

Müharibə qanunlarına görə...

İnsan haqları müdafiəçiləri dronlardan çəkilmiş və 2 və 27 dekabrda, habelə 2024-cü ilin 25 fevralında sosial medialarda yayılmış videoları və bu videolarda ehtimalən azı 12 ukraynalı hərbçinin məhkəməsiz edamını görüntüləyən üç epizodu təhlil ediblər. Bu epizodlarda əsgərlərin əsir düşmək niyyəti aşkar görünür.

Müharibə qanunlarına görə hərbi hərəkətlərdə iştirak etməyən hərbçilər “sıradan çıxmış” hesab edilirlər. Onlara qarşı təcavüz beynəlxalq humanitar hüquqla qadağandır.

Dekabrın 27-də dərc olunmuş video Zaporojye vilayətində çəkilib. Burada diz çökmüş və əlləri boyunlarının arxasında çarpazlanmış üç ukraynalı hərbçi görünür. Onları Rusiya hərbçiləri dövrəyə alırlar. Bundan sonra rusiyalılardan biri əsirlərə tərəf hərəkət edərək onlara atəş açır və üç hərbçi yerə sərilir.

Bunun ardınca rusiyalı hərbçi artıq yerə yıxılmış əsirləri yaxın məsafədən təkrar güllələyir.

Human Rights Watch aprelin 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyquya təsvir olunan hallarla bağlı məlumat istəyən məktub göndərib.

Lakin bu məktuba hələ də cavab alınmayıb.

XS
SM
MD
LG