Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:01

Ukraynalı qaçqınlar Praqada. 'Bizə deyirlər ki, özümüzə ev tapaq'


Ukraynalı qaçqınlar Praqada, 2 mart, 2022-ci il
Ukraynalı qaçqınlar Praqada, 2 mart, 2022-ci il

Rusiyanın Ukraynaya hücumundan altı ay keçir, xaricə, o cümlədən Çex Respublikasına üz tutan ukraynalı qaçqınların sayı getdikcə azalır. AzadAvropa/AzadlıqRadiosunun müxbiri Praqadakı əsas dəmiryolu vağzalına gedib, hökumətin qaçqınlara dəstəyi azaltması fonunda onlarla söhbət edib.

Davamlı yağış Praqanın qaçqın çadırları qurulmuş Troya rayonunu bataqlığa çevirib. Svetlana Pisarskaya xüsusi qayğıya ehtiyacı olan oğlu ilə birlikdə palçıq, gölməçələrlə dolu ərazidən müvəqqəti çıxmaq, tramvayla şəhərin əsas dəmiryolu vağzalına getmək qərarına gəlib. Burada çex könüllülər qaçqınlara kömək göstərir.

“Yaşamaq olmur”

“Düşərgədə vəziyyət dəhşətlidir. Hər yer palçıq, böyük gölməçələrdir. Bir çadıra bir neçə ailə yığışıb. Yaşamaq olmur”, – deyən Pisarskaya rəsmi köməyin də azaldığını vurğulayıb.

Rusiyanın fevralın 24-də başlatdığı işğal dünyada 2-ci Dünya müharibəsindən bəri ən pis qaçqın böhranına səbəb olub. Milyonlarla insan Ukraynadan qaçıb.

Avqustun 16-na olan statistikaya görə, Ukraynadan Çex Respublikasına azı 413 min insan, əsasən qadınlar və uşaqlar sığınıb.

Qaçqınların çoxunu xoşluqla qarşılayıblar. Çex Respublikasında çoxları 1968-ci ilin sovet işğalını yaxşı xatırlayır. Həmin il sovetlərin başçılıq etdiyi Varşava Paktı ovaxtkı Çexoslovakiyada Praqa baharı adlı liberal-islahat hərəkatını boğmağa 200 min əsgər, 5 min tank göndərib. Ancaq hazırda ölkəyə gələn qaçqın sayı ilə yanaşı, Çex hökumətinin yardımı, xoş niyyəti də səngiyir, bir çox qaçqınlar özünü atılmış hiss edir.

Sosial müavinət kəsilir

Praqa indiyədək Kiyevə siyasi və hərbi dəstək verib, azı 2 milyard kron (80.7 milyon dollar) yardım da edib.

İyunda isə parlament qaçqınların sosial müavinətini kəsib. Praqada əsas qaçqın mərkəzi müvəqqəti bağlanıb. İfrat-sağçı populistlər Ukraynadan bəzi qaçqınların, əsasən Romaların müavinət almaq üçün sui-istifadəyə əl atması iddialarını səsləndirib.

Praqanın meri Zdenek Hrib iyunda deyib ki, paytaxtda qaçqınlara daha yer ayrılmayacaq, yalnız Troyadakı müvəqqəti çadırlar qalacaq. Pisarskaya da oğlu ilə birlikdə həftələrdir orada qalır.

“Bizə deyirlər ki, özümüzə ev tapaq, amma biz Praqanı tanımırıq, axı. Dili bilmirik. Özümüzə necə ev tapa bilərik”, – 60 yaşlı Pisarskaya söyləyir. O 26 yaşlı oğlu Viktor ilə iki aydan çoxdur doğmaq Kremençuk şəhərindən çıxıb. İyunun 28-də Rusiyanın həmin şəhərdə ticarət mərkəzinə raket zərbəsində 18 nəfər öldürülüb, azı 60 nəfər yaralanıb.

“Həmrəylik azalır”

Çexiyada qaçqınlara ictimai “həmrəylik” “azalır”, Ukraynadan qaçqınlara kömək edən “Iniciativa Hlavak” adlı QHT-nin könüllüsü Vendula Fortova deyir.

“Pis rəftar da görürük. Bu yaxınlarda bir nəfər daim bura gəlir, aqressiv davranır, qaçqınlara kömək etdiyimizə görə üstümüzə qışqırırdı”, – 20 yaşlı universitet tələbəsi olan Fortova söyləyir.

Olena Tilnova adlı qadın 11 yaşlı oğlu Danieli məktəbə düzəldə bilib, çoxunun övladı məktəbə gedə bilmir. Onların ən böyük problemi isə Çex Respublikasının daha zəmanət vermədiyi tibbi sığortadır. “Xərçəngdən müalicə almalıyam”, – qadın danışır.

İyunda Çex parlamenti ukraynalı qaçqınlarla bağlı “Lex Ukraine” qanununa dəyişiklik edib.

Dəyişikliyə görə, dövlət qaçqınlar üçün tibbi sığortanı maksimum 150 gün ödəyəcək, uşaqlar və yaşlılar istisnadır. Bundan başqa qalmağa pulsuz yer və yemək alanlara dövlət ayda 5 min kron (təxminən 200 dollar) yardımı kəsəcək.

77 min nəfər iş tapıb

Daxili işlər naziri Vit Rakusanın sözlərinə görə, məqsəd “adamları əmək bazarına daxil olmağa, fəal şəkildə öz qayğılarına qalmağa həvəsləndirməkdir”. Nazir 77 min nəfərin iş tapdığını söyləyib. Ukraynalı qaçqınlar buraya “sosial müdafiə sistemindən sui-istifadəyə” gəlməyiblər, o, sözlərinə əlavə edib.

İfrat sağçı Azadlıq və Birbaşa Demokratiya (SPD) müxalifət partiyasının başçısı Tomio Okamura hökuməti “Lex Ukraine” əlavələrini çox gec qəbul etməkdə ittiham edib.

“Adaptasiya olmayan miqrantlar əhalinin iradəsinin əleyhinə yerləşdirilir”, – deyən Okamura çexlərin Romalar haqda dediyi ifadəni işlədib.

Çex rəsmiləri deyirlər ki, çoxsaylı Romalar qaçqın statusuna uyğun gəlmirlər, çünki ikili Ukrayna-Macarıstan vətəndaşı olduqlarından Aİ vətəndaşları sayılırlar.

Orduya çağrılmamaq üçün...

40 yaşlı Roma Robert Horvat Ukraynanın qərbindən, Macarıstanla sərhəddən gəlib. Onun Troyadakı düşərgədə ailəsinə qovuşmasına imkan verilməyib, çünki qaçqın vizası hazır olmayıb.

Horvat AzadlıqRadiosuna deyib ki, hamilə arvadı və altı uşağını Almaniyanın mərkəzindəki Sommerda şəhərində yaşayan qardaşının yanına aparmaq üçün kömək gözləyirmiş.

Horvat orduya çağrılmamaq üçün Berehovedən çıxdığını deyib. Prezident Volodimir Zelenski Rusiya işğalı başlayan kimi hərbi vəziyyət elan edib. 18-60 yaşlı kişilərin ölkədən çıxması qadağandır. Ancaq səhhəti zəif, üç və daha çox uşaq atası olanlara güzəşt edilir.

Odessa vilayətindən 64 yaşlı Oleksandr isə Çex Respublikasına qalmaq planı olmadığını, Almaniyada işlənək istədiyini deyib. O, Praqaya bir neçə gün öncə maşın və qatarla getdiyini, Berlinə bileti olduğunu söyləyib.

XS
SM
MD
LG