Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:57

«Umar Abu Mücahid»in məhkəməsində polislər dindirilib


Dəstə üzvləri
Dəstə üzvləri

-

Məhkəmə salonuna daxil olan hakim qəfil sualla üzləşdi: «Biz Allahın quluyuq, bəs siz kimsiniz?». Bu sual aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində səsləndi. Sualı mühakimə edilən 18 nəfərlik dəstənin üzvləri dilə gətirmişdi.

MAĞAZAYA BASQIN OLUB

Dövlət əleyhinə fəaliyyətdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan «Umar Abu Mücahid» ləqəbli Nurəddin Xəlilov və onun 17 nəfərlik dəstəsi hakimlərə etiraz edib. Buna baxmayaraq, hakim Zeynal Ağayev məhkəmə iclasını davam etdirib. Məhkəmə şahidləri dindirib.

*Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənlərdən xəbərin olsun

Əvvəlcə Xətai rayonu ərazisində mühafizəçi işləmiş Bürhan Hacıyev dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq edərək deyib ki, işlədiyi obyektin yaxınlığındakı mağazaya basqın olub: «Pəncərəni sındırmışdılar. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verdim. Mağazanın sahibinə də zəng vurub dedim».

«SİLAH, DİNİ KİTABLAR AŞKARLADIQ»

Sonra hal şahidi qismində Sərdar Quliyev ifadə verib. O, ifadəsində təqsirləndirilənlərin evində axtarış aparılan zaman orda olduğunu, çox sayda silah-sursat aşkarlandığını deyib.

Daha sonra Sumqayıt Polis İdarəsinin əməkdaşları Xankərim Həşimov və Sahib Gülmirzəyev ifadə verib. Onlar təqsirləndirilən şəxslərin evlərində axtarış apardıqlarını bildiriblər.

Xankərim Həşimov: «Məhkəmənin qərarı ilə evlərində axtarış aparılmalı idi. Axtarış apardıq. Çoxlu sayda silah-sursat, dini kitablar aşkarladıq. Bunların hamısını protokollaşdırdıq. Hal şahidləri və təqsirləndirilənlərin ailə üzvləri də buna şahid oldular».

BAŞQA ŞAHİDLƏR GƏLMƏYİB

Polis əməkdaşı Sahib Gülmirzəyev də ifadəsində eyni sözləri deyib.

Başqa şahid gəlmədiyi üçün hakim növbəti məhkəməni aprelin 25-nə təyin edib.

Təqsirləndirilən şəxslər ilk gündən ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.

İttiham aktına görə, dəstə üzvləri ölkə ərazisində basqın, qətl, oğurluq cinayətləri törətməklə yanaşı, Suriyada gedən döyüşlərə adamlar da cəlb ediblər. Daha bir ittihama görə isə, mənzillərində aparılmış axtarışlar zamanı xeyli silah və narkotik aşkar edilib. Təqsirləndirilən şəxslər nəinki ittihamları qəbul etmir, məhkəməyə danışmaqdan da imtina ediblər. Danışmamaqlarını isə bu mühakiməni şəriətə uyğun hesab etməmələri ilə əlaqələndiriblər.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG