Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:18

Uşaqpulu tələb edən AXCP fəalı daha bir ay psixiatriya xəstəxanasında qalacaq


A.Hümbətov
A.Hümbətov

Sosial şəbəkələrdə uşaqpulu tələb edən AXCP fəalı Aqil Hümbətov daha bir ay psixiatriya xəstəxanasında qalacaq. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

"Xəstəxanada bir adam var, onun telefonu vasitəsilə Aqil evlə əlaqə saxlayır. İyunun 2-də həmin adamdan öyrəndim ki, məcburi saxlanma müddəti daha bir ay uzadılıb. Rəy alınıb ki, hələ bir ay da müalicə olunmalıdır", - A.Hümbətova belə deyir.

Onun sözlərinə görə, həyat yoldaşıyla isə sonuncu dəfə iyunun 1-də danışıb. A.Hümbətova deyir ki, Aqil saxlanma müddətinin iyunun 2-də başa şatacağını nəzərə alaraq, bir gün sonra buraxılacağına ümid edirdi: "Dedi ki, səbirsizliklə sabahı gözləyirəm, bəlkə buraxdılar. Bundan əvvəl mayın 2-də bir dəfə uzatma olmuşdu deyə, düzü, gözümüz qorxmuşdu. Amma yenə də ümid edirdik. Yenə alınmadı..."

"Şikayətimiz Avropa Məhkəməsində qeydiyyatdan keçib"

A.Hümbətovun psixiatriya xəstəxanasında saxlanma müddətinin uzadılmasını vəkili Nemət Kərimli də AzadlıqRadiosuna təsdiqləyib. Müdafiəçi bildirib ki, onun məcburi psixiatriya xəstəxanasına salınmasıyla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib. Amma hələlik, məhkəmənin vaxtı məlum deyil.

Bundan əlavə, cəbhəçi fəalın məcburi psixiatriya xəstəxanasına salınmasıyla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə də şikayət göndərilib.

"Şikayətimiz Strasburqda artıq qeydiyyatdan keçib. Bizə əlavə sənədlərin göndərilməsi üçün vaxt verildi. Çünki Bakı Apellyasiya Məhkəməsinin qərarını ay yarımdan çox müddətdə ala bilmirdim. Artıq almışam, onu və başqa lazım olan sənədləri göndərəcəyik", - vəkil əlavə edib.

Avropa Məhkəməsinə şikayətdə A.Hümbətovun tənqidi çıxışlarına görə cəzalandırıldığı vurğulanıb və ona münasibətdə baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusu kimi tanınması istənilib.

Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə Səhiyyə Nazirliyinin mətbuat xidməti vasitəsilə AzadlıqRadiosuna bildirib ki, A.Hümbətov ora məhkəmə qərarı əsasında yerləşdirilib. Saxlanma müddətinin uzadılması haqda qərarı isə həkim-ekspert komissiyası verir.

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi. Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərar çıxaran hakim Samir Talıbov bundan az sonra vəzifəsindən çıxarılıb. S.Talıbov öz ərizəsi ilə hakimlikdən getdiyini desə də, ona yaxın mənbə AzadlıqRadiosuna sözügedən qərara görə bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG