Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 08:43

2-yaşlı Məhəmmədə görə 2 il cəza...


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Sabunçu qəsəbəsində 2-yaşlı uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanan Gültəkin Muradovanın mühakiməsi yekunlaşıb. Əməlindən peşman olduğunu deyən Muradovaya prokuror 10 il 6 ay həbs cəzası istəsə də, məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha yüngül cəza) maddəsini tətbiq etmək qərarına gəlib. Baxmayaraq ki, ona ittiham verilən 144.3 maddəsində (adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) cəza 10 ildən başlayır, məhkəmə ona 2 il həbs cəzası kəsib. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Valideynlər uşağı satmadıqlarını deyirlər

Gültəkin Muradova iddia edir ki, əslində Məhəmmədi oğurlamayıb, uşağı ona atası 3 min manata satıb: "O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim də övladım yox idi. Həm uşağa, həm də özümə görə...".

Valideynlər isə bunu təkzib edir. Elgün Nəsirov məhkəmədə uşağını satmadığını bildirib. Eyni zamanda, məhkəməyə Gültəkin Muradovadan şikayətçi olmadığı, onunla barışması haqda ərizə təqdim edib.

Məhkəmədə o da məlum olub ki, uşağın valideynlərinin hər ikisi narkotik istifadəçisidir. Bu barədə həm tibbi rəy var, həm də özləri təsdiqləyiblər.

Hadisə necə baş verib

Söhbət 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyevin oğurlanmasından gedir. Dekabrın 29-da aparılan uşağın yeri 2022-ci il yanvarın 8-də müəyyənləşdirilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradovanın özü uşaq dünyaya gətirə bilməyib. O, qeyri-rəsmi birlikdə yaşadığı şəxslə Kürdəxanı qəsəbəsində kirayə qalıb. Ətraf qəsəbələrdə də övladlığa götürmək üçün uşaq axtarıb və, nəhayət, Məhəmmədi oğurlamaq qərarı verib.

Muradova deyir ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri, o cümlədən böyük bacısı Firuzə Şıxəliyeva da evdə olub.

Hadisədən sonra Məhəmməd də daxil olmaqla, bu ailədəki dörd uşağın hamısı valideynlərdən alınaraq yerli icra orqanının qərarı ilə sığınacağa yerləşdirilmişdi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

XS
SM
MD
LG