Araşdırma göstərir ki, ənənəvi kağız kitablar oxuyan zaman valideynlərlə azyaşlı uşaqlar arasında daha keyfiyyətli ünsiyyət qurulur. Alimlər mobil əlavələrdənsə çap olunmuş kağız kitabları seçməyi tövsiyə edirlər.
Alimlər deyirlər ki, azyaşlı uşaqlar üçün kitab oxuyan zaman tabletdən istifadə etmək yerinə ənənəvi kağız kitabla vaxt keçirmək daha faydalıdır.
Tədqiqatçılar 72 valideynin 24 – 36 aylıq uşaqları ilə ünsiyyətini izləyiblər. Onlar tabletdəki əlavələr və uşaq kitablarından istifadə zamanı ünsiyyəti müqayisə ediblər.
Birgə qiraətin inkişafa təsiri
Ənənəvi kağız kitabları oxuyan zaman valideynlər uşaqlarla daha çox danışır, onlardan daha çox cavab alırmış. Özünü emosional ifadə etməyə meylli uşaqların da oxu zamanı valideynlərinə daha yaxşı cavab verdiyi müşahidə edilib. Tədqiqatın nəticələri "Pediatrics" jurnalında dərc edilib.
"Birgə qiraət zamanı valideyn-uşaq ünsiyyəti nitqin və oxuma bacarıqlarının inkişafına kömək edir. Bu, eyni zamanda, həyatın sonrakı mərhələlərində uşağın dostluqlarına, məktəbdəki uğurlarına və inkişafı ilə bağlı digər mühüm nəticələrə müsbət təsir edə bilər", – tədqiqatın baş müəllifi, Miçiqan Universitetində S.S.Mott adına uşaq psixiatriya xəstəxanasının elmi işçisi Tiffani Müntser deyir.
Sözügedən yeni araşdırma Müntserin bundan əvvəlki tapıntılarını təsdiqləyir. Müntserin öncəki araşdırmaları da uşaq və valideynlərin birlikdə kağız kitablar oxuyan zaman daha çox söhbət etdiklərini və ünsiyyətlərinin keyfiyyətinin, istər-istəməz, daha da yaxşılaşdığını aşkara çıxarmışdı. Alimlər elektron kitablarla bu nəticənin əldə edilmədiyini görüblər.
Tablet və mobil cihazlar
Saytda qeyd edilir ki, yaşı 9-dan aşağı uşaqların olduğu ailələrin 98 faizində mobil telefon və ya tablet var. Yazıda uşaqların orta hesabla gündə iki saat rəqəmsal mediadan istifadə etdiyi göstərilir.
"Tablet və mobil cihazlar müasir ailə həyatının ən üzdə olan komponentlərindən biridir. Ancaq onlar uşaqların inkişafı baxımından ənənəvi kitablar qədər tərbiyəvi, yaxud dəyərli deyil", – Müntser sayta müsahibəsində deyib.
O həmçinin bildirib ki, uşaqlar üçün elektron oxu materialları hazırlayan proqram dizaynerləri ixtisaslı erkən uşaq inkişafı mütəxəssislərindən məsləhət almağa çalışmalıdırlar. Bu onların uşaqlar üçün düzgün kontent yaratmasına, habelə animasiya və reklam kimi diqqət yayındırıcı şeyləri aradan qaldırmasına kömək edə bilər.
Tövsiyələr
Müntser deyib ki, uşaq sağlamlığı mütəxəssisləri, eyni zamanda, valideynlərə də mediadan istifadə məsələlərində yardım etməli, məsləhət verməlidirlər.
"Pediatrlar valideynlərin imkan daxilində rəqəmsal mediaya uşaqları ilə birlikdə baxmasını davamlı olaraq tövsiyə etməlidirlər. Bundan başqa, valideynlərə uşaqlarına oxu zamanı açıq suallar vermək, söhbət etmək tövsiyə olunmalıdır. Bu, uşaqlar üçün iştirak və öyrənmə proseslərini daha da yaxşılaşdırır", - Müntser deyir.
Kaliforniyada çalışan uşaq həkimi Heyli Nelson da uşaqlarla birgə kitab oxuyan zaman valideynlərin diqqət yetirə biləcəyi maraqlı məqamlardan danışıb: "Kitabın şəkillərinə baxanda ağacdakı almaları sayın. Maşın nə rəngdədir? Səhifələrdə çoxlu interaktiv şeylər olur".
Doktor Nelson da deyir ki, bu interaktiv fəaliyyət növləri uşağın nitq, sosial və emosional bacarıqları üçün çox böyük müsbət əhəmiyyət kəsb edir. "Kitab oxuyanda macəralar yaşayırsan!", – o deyib.