Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

'Altı ildir uşağımı qucağıma ala bilmirəm'


Səhiyyə Nazirliyi etiraz edən xəstəylə bağlı danışdı
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Səhiyyə Nazirliyi etiraz edən xəstəylə bağlı danışdı

Sosial şəbəkələrdə «Üsyan edən qadın» kimi təqdim edilən Nahidə Həmzəyeva AzadlıqRadiosuna danışıb.

«Mən nazirimlə görüşə bilmirəmsə, prezidentim səsimi eşitmirsə, nə etməliyəm? Əlbəttə, arada inciyib başqa ölkəyə üz tutmaq istəyirəm, bəlkə mənə haray ola deyə. Biz o boyda «Eurovision»a ev yiyəliyi etmişiksə, bu dövlət vətəndaşının müalicəsinə vəsait ayıra bilməzmi? Xarici vətəndaş gələndə necə lazımdır qarşılanır, yerləşdirilir, amma öz vətəndaşına, gənc anaya baxılmırsa, mən burda yaşamalıyammı?»

Telefonun o başında halsız-heysiz səs gəlir: «Çox pisəm, dünənki hadisədən sonra ağrılarım daha da artıb, sarsıntı keçirirəm».

Ömrünün baharında olan, 26 yaşlı qadın Nahidə Həmzəyeva həyat yoldaşını itirib, indi də öz həyatını itirməmək, 6 yaşlı övladını böyüdə bilməkdən ötrü sağ qalmaq uğrunda savaşır.

Savaşdığı təkcə xəstəliyi deyil, Azərbaycanın rəsmi qurumları, Səhiyyə Nazirliyidir. O, vaxtaşırı Səhiyyə Nazirliyinə gələrək müalicəsinə yardım istəyir. Sentyabrın 21-də növbəti dəfə nazirliyə gəlib, nazirlə görüş tələb edib, mühafizəçilər içəri buraxmayıb. Özünü maşının altına atmaqla hədələyib, yerə uzanıb, qışqırıb ki, səsini eşitsinlər...

Sonda birtəhər nazirlik darvazasından sivişərək içəri keçib, ancaq uzağa gedə bilməyib, mühafizəçi zorla saxlayıb. Halı pisləşən qadının üstünə təcili yardım çağrılıb. Bütün bunlar görüntülənib və sürətlə saytlarda, sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. Video burada

Nahidə Həmzəyeva AzadlıqRadiosuna danışır:

«Mühafizəçi qolumdan tutub sürüdü məni»
Gözlə

No media source currently available

0:00 0:09:47 0:00
Direct-ə keçid

- Vəziyyətim getdikcə pisləşir. Müalicə olunmasam, həyatımı itirə bilərəm.

- Xəstəliyiniz nədir?

- Qaraciyər serozu. Bir də qida borusunda varikoz genişlənməsi başlayıb. 2012-ci ildə yeddi saat qan qusmuşam. Ondan sonra qida borumda varikoz genəlmə başlayıb. Üstünə düşməsəm, qanaxma başlaya bilər. Müalicə almaq məqsədilə Səhiyyə Nazirliyinə müraciət etmişəm, Prezident Aparatına məktublar göndərmişəm. Mehriban Əliyevaya, Leyla Əliyevaya dəfələrlə müraciət etmişəm. Heç bir məktubuma cavab yoxdur. Cavab gələndə də məni yollayırlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına. Orda da mənə növbəti dəfə deyirlər ki, «bizim dövlət xəstəxanalarında qaraciyər serozuna qarşı müalicə aparmaq mümkün deyil, üz tut özəllərə». Mən də imkansızam. Yoldaşım rəhmətə gedib, bir atasız övlad sahibiyəm. Özəl xəstəxanada müalicə olunmağa heç cür imkanım yoxdur. Səhiyyəmiz də mənə yiyə durmur. Bəs mən hara getməliyəm?

- Dünən Səhiyyə Nazirliyi qarşısında probleminizi dilə gətirdiniz, bu da sosial şəbəkələrdə yayıldı. Nazirlikdən sizinlə maraqlanan olub?

- Xeyr. Heç kim maraqlanmayıb. Hələlik gözləyirəm. Mənə yenə də «Respublikanski» (M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası-red.) və 5 nömrəli xəstəxanada müalicə olunmaq təklif edildi. Halbuki 5 ildə orda bir neçə dəfə yatmışam. Oradakı müalicənin mənə xeyri yoxdur. Üstəlik, qida borum yoxlanmalıdır, ancaq deyirlər ki, dövlət xəstəxanasında bu mümkün deyil. USM-dən, rentgendən keçirməkdən başqa heç nə etmirlər mənə.

Nahidə Həmzəyeva
Nahidə Həmzəyeva

- Həkimlər nə deyirlər? Sizin müalicənizə nə qədər vəsait lazımdır?

- Bəli, maraqlanmışam, mənə deyiblər, qaraciyər köçürülməlidir, transplantasiya 150 min manata başa gəlir. Bunu da mənə 2012-ci ildə deyiblər. Nə transplantasiyaya gücüm çatır, nə də müalicəyə. Öyrənmişəm ki, transplantasiya olmadan da xaricdə bu xəstəlikdən müalicə yoluyla sağalmaq mümkündür. Bunu həkimlər də deyib, mənim kimi xəstələr də. Mənə kömək yoxdur.

- Nazirliyin qarşısında duranlar valideynləriniz idi?

- Bəli. Onlar da mənim kimi yollarda qalıblar. Onlar da imkansızdırlar. İmkanları olsaydı... Ora niyə gedirdim? Orda sürünməkdən, hansısa polisin məni sürüməsindən xoşummu gəlirdi?

- Yeri gəlmişkən, darvazanı birtəhər aralayıb içəri keçdiniz, bir xeyli də qaçdınız, sonra nə baş verdi? Çünki çəkilişə mühafizə imkan vermirdi.

- Halım pisləşdi. Təcili yardım gəldi, bir az iynə-dərman etdi. Bir saat gözlədikdən sonra bir xanım gəldi. O da mənə «Respublikanski» ilə 5 nömrəli xəstəxananı məsləhət gördü. Qəbul etmədim. Orda dəfələrlə olmuşam, «Omez»dən, «Esensial»dan başqa heç nə vermirlər, müalicə etmirlər məni.

- Halınızın pisləşməsinə nə səbəb oldu?

- Mühafizəçi qolumdan tutub sürüdü məni. Atam ayırmaq istədi, ona da zor tətbiq etdi.

- Lənkərandan gəlmisiniz bura?

- Bəli. İnanın Lənkərandan bura gəlib qayıdana kimi o dünyanı görüb qayıdıram. Hər dəfə 10 gün, bir ay vaxt verirlər, ortalıqda məni oynadırlar. Bu onun üstünə atır, o bunun üstünə. Heç kim öhdəsinə götürmək istəmir. İndiyə kimi gedib gəlirəm, nə nazirlə, nə müavini ilə görüşə bilmişəm. Bir ay vaxt istəyiblər, onu da gözləmişəm. Amma mənim vaxtımdan gedir, ömrümdən gedir. Hər an həyatım təhlükədədir, hər an varikoz genişlənməsindən həyatımı itirə bilərəm. Altı yaşlı körpəm həm atasız, həm də anasız qala bilər. Ona baxan olmayacaq. Birinci sinfə gedir. İnanın, onu məktəbə qonşular yola salıblar. Uşağımdan xəbərim yoxdur... Altı ildir uşağımı qucağıma ala bilmirəm. Bu xəstəlik üzündən analıq hissini duya bilmirəm. Övladım məni özünə bacı bilir, ana yox. O körpə olandan xəstəxanalardayam, uşaq məni tanımır.

...Hər gün ölümümü düşünürəm. Qorxa-qorxa yaşayıram. Udqunanda belə qorxuram ki, qanaxma başlayacaq. Bax, bu cür stresslərlə yaşayıram. Amma düşünürəm ki, nə vaxtsa möcüzə olacaq, rəhbərlərimizin ürəyinə rəhm düşəcək, yardım əllərini uzadacaqlar. Məmurların bu qədər etinasız münasibəti məni çox sarsıdır. Nazirimlə görüşə bilmirəmsə, prezidentim səsimi eşitmirsə nə etməliyəm? Əlbəttə, arada inciyib başqa ölkəyə üz tutmaq istəyirəm, bəlkə mənə haray ola deyə. Biz o boyda «Eurovision»a ev yiyəliyi etmişiksə, bu dövlət vətəndaşının müalicəsinə vəsait ayıra bilməzmi? Xarici vətəndaş gələndə necə lazımdır qarşılanır, yerləşdirilir, amma öz vətəndaşına, gənc anaya baxılmırsa, mən burda yaşamalıyammı?

XS
SM
MD
LG