Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:18

Londonda ‘Uyğur tribunalı’ Çini soyqırımda ittiham etdi


Britaniya parlamenti qarşısında etiraz edən uyğurlardan biri
Britaniya parlamenti qarşısında etiraz edən uyğurlardan biri

Tribunalın qərarında deyilir ki, Sintzyanda baş verənlərə görə Çin prezidenti Si Tsinpin şəxsən məsuliyyət daşıyır

Çinin Sintzyan vilayətində həyata keçirdiyi insan haqları pozuntularını araşdıran müstəqil və qeyri-rəsmi tribunal Pekini bu regionda yaşayan uyğurlara, qazaxlara və başqa müsəlman azlıqlara qarşı soyqırımında, işgəncələr və insanlığa qarşı cinayətlərdə ittiham edən qərar çıxarıb.

Londonda keçirilən və şərti olaraq “Uyğur tribunalı” adlandırılan məhkəmə Britaniya vəkilləri, alimləri və biznes adamları tərəfindən təşkil edilib.

Britaniya hökuməti bu məhkəməni rəsmən dəstəkləməsə də, onun təşkilatçıları inanırlar ki, diqqətin Sintzyanda törədilən repressiyalara cəlb edilməsi son nəticədə Pekinə qarşı beynəlxalq hərəkətlə nəticələnəcək.

Çin 1 milyondan çox uyğuru və başqa türkdilli müsəlman azlıqların nümayəndələrini Sintzyandakı islah və ya “təkrar tərbiyələndirmə” düşərgələrində saxladığına görə indiyədək beynəlxalq tənqid və sanksiyalarla üzləşib.

Çin israr edir ki, bunlar peşə təlimi mərkəzləridir və məqsəd adamlara terrorizmdən uzaqlaşmaq imkanı verməkdir.

Məcburi qısırlaşdırma soyqırım deməkdir

Buna baxmayaraq “Uyğur tribunalının” 63 səhifəlik qərarında deyilir ki, Sintzyanda “kütləvi qətllərlə” bağlı sübutlar olmasa da, hamiləlyin qarşısının alınmasından məqsəd uyğurların kökünün kəsilməsinə yönəlib və soyqırım kimi qiymətləndirilə bilər”.

Qərarda əhali artımının məhdudlaşdırılması üçün görülən başqa tədbirlərə – abortlara və məcburi qısırlaşdırmaya toxunulur:

“Uyğurların gələcək nəslinin əhalisi bu siyasətlər nəticəsində daha az olacaq. Bu, uyğurların qismən məhv edilməsi cəhdi kimi qiymətləndirilə bilər”.

Bundan əvvəl ABŞ administrasiyası bəyan edib ki, Çinin Sintzyandakı insan haqları pozuntuları soyqırım mahiyyəti daşıyır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, uyğurlar məhbus edilir, işgəncəyə və zorla sterilizasiyaya məruz qoyulur.

Si Tsinpin şəxsən məsuliyyət daşıyır

ABŞ Konqresinin Sintzyanda məcburi əməyin tətbiqi ilə bağlı narahatlıqlara görə bu vilayətdən idxala qadağan qoyulmasına dair qəbul etdiyi qanun barədə şərh verərkən Çin Xarici İşlər Nazirliyi ittihamların “qondarma” olduğunda israr edib.

Tribunalın qərarında bu da deyilir ki, Çində saxlama düşərgələrinin geniş şəbəkəsi qurulub və burda yüz minlər, bəlkə də milyonlarla uyğur heç bir hüquqi əsası olmadan saxlanır.

Bu da qeyd olunur ki, məhbus edilənlərin işgəncələrə məruz qaldığına dair inandırıcı məlumatlar var.

Tribunalın qərarında deyilir ki, Sintzyanda baş verənlərə görə Çin prezidenti Si Tsinpin şəxsən məsuliyyət daşıyır.

Xəbər verilir ki, “Uyğur tribunalı” Dünya Uyğur Konqresinin ricası ilə qurulub.

Tribunalın qərarı Pekin Qış Olimpiadasının diplomatik boykotunda daha çox ölkənin ABŞ-a qoşulduğu bir vaxta təsadüf edir.

XS
SM
MD
LG