"1 tondan çox üzüm qalıb xarab oldu, atdım zibilliyə. Şərab üçün ən yaxşı üzüm idi, onu da almadılar. 18 min manat zərərdəyəm", –AzadlıqRadiosuna müsahibəsində fermer Həsən Aydınov deyir.
Aydınov 17 ildir ki, üzümçülük təsərrüfatı ilə məşğuldur. 2020-ci ildə yayılan koronavirus pandemiyasına kimi şərab istehsal edən zavodlara hər il məhsul satan fermer indi əməkdaşlıq edə bilmədiyini deyir. Özünün də bilmədiyi səbəblərdən emal şirkətləri iki ildir ki, nə onlardan üzüm alır, nə də bunun səbəbini deyir. Pandemiyaya görə üç ildən çoxdur quru sərhədləri bağlı olduğundan başqa ölkələrə də gedə bilməyən Aydınov indi sadəcə çürüyən məhsulunun dərdini çəkir.
"Fransanın "Kontard qardaşları" şirkəti ilə 2006-cı ildə müqavilə bağlamışdılar, şərablıq üzüm sortları gətirdilər. Hökumət həmin sortlardan yerli fermerlərə də payladı, o sortlardan bazardan alıb özümüz də əkdik. 10 il həmin üzümlərin bəhrəsini gördük. Nə olsun ki Azərbaycan islam ölkəsidir, şərab istehsalçıları günbəgün artırdı, ilə 20 min manata yaxın xeyir götürürdük. Pandemiyadan sonra bu sahə də çökdü, heç kim üzüm almadı. Məhsul üstümüzdə qaldı. Bu gedişlə bu sahələr özü-özünü məhv edəcək", – fermer danışır.
Aydınov "Bayanşirə", "Mədrəsə", "Şirvanşahı", "Xindoqnı", "Həməşərə", "Mələyi", "Xərci", "Qara aldərə", "Dəvəgözü" kimi texniki sortların şərab istehsalında mühüm rolu olduğunu deyib. Onun sözlərinə görə, "İzabella" sortu soyuğa, xəstəlik və ziyanvericilərə davamlılığı, yüksək məhsuldarlığı ilə tanınan üzüm növüdür. Ancaq pandemiyadan öncə Gürcüstana, Rusiyaya satılan "İzabella"nın indi üzünə baxan yoxdur.
Narların da aqibəti eynidir
15 ildir Saatlıda nar təsərrüfatı olan fermer Vüqar Xəlilov da eyni dərdi bölüşür. 15 min manata kimi zərərdə olan fermerin sözlərinə görə, emal zavodları bu il alınan məhsulun səviyyəsini minimuma endirib: "Keçən il emal zavodları məhsulun ancaq 2 faizini çox aşağı – 9 -12 qəpik arasında qiymətə aldılar. Hamı mənim günümdədir. Təksə Mustafabəyli kəndində 500 nar təsərrüfatı olan fermer var, hamısının da məhsulu xarab oldu. Bizim mallar həm Rusiyaya gedirdi, həm də şirə, şərab istehsalına ölkədə istifadə olunurdu. Xarab olduğu üçün atdığımız narların hamısı şəraba uyğun meyvələr idi. Şərab zavodları aşağı qiymət ilə alıb qabağa düşə bilərdilər. Amma həm özləri itirdi, həm də biz".
Xəlilov "fermerlərin, yerli məhsulun qədri bilinsə, nəinki şərab istehsalı yaxşılaşar, hətta başqa ölkədən şərab gətirməyə ehtiyac qalmaz" deyir.
Qiymət niyə bahalaşır
Statistik məlumatlara görə, son üç-dörd ildə Azərbaycanda üzüm sahələrinin həcmi azalmağa başlayıb. Mütəxəssislər bildirir ki, azalma bu templə davam edərsə, fermerlər kütləvi şəkildə üzüm və nar əkinindən imtina edə bilərlər. Şərab zavodlarının davranışına görə artıq bir çox bağın ləğv olunduğu da bildirilir.
Şərab zavodlarından birindən AzadlıqRadiosuna deyilib ki, fermerlərdən məhsulun az alınmasının səbəbi onlarla fərdi ilə işləməyin sərfəli olmaması, bu zaman məhsulun baha başa gəlməsidir: "Böyük zavodların öz sahələri olur və həmin sahədə illik tələbat qədər məhsul yetişdirilir. Bəzən qıtlıq yaşayırıq, məsələn, bu il öz sahələrimizdə qıtlıq olduğundan bizim şərablar bazara çıxarılanda qiyməti artmalı oldu. Amma fərdi fermerlər ilə hazırda əməkdaşlıq edilmir. Bəlkə, qanunla tənzimlənsə, hökumət standart qiymət qoysa, gerçəkləşə bilər".
AzadlıqRadiosu yalnız iki-üç zavodun kəndlilərdən üzüm aldığını öyrənib.
Tez-tez mağazalara şərab almaq üçün üz tutan Aynur Kərimova Bakıda həm pab sektorunda, həm də mağazalarda şərabın bahalanmasından danışır: "Əvvəllər həftədə bir dəfə keyfiyyətli şərablardan almaq olurdusa, indi 15 gündən bir ala bilirəm, yəni, ayda iki dəfə. Restoranlarda da bir qədəh şərab ötən illə müqayisədə azı 70 qəpik bahalaşıb. Təkcə yeni ildə altı nəfərlik stolda şəraba 70 manatdan çox pulumuz çıxmışdı, hələ çox keyfiyyətli də deyildi".
Şərab satılan mağazalardan da bildirilib ki, bu məhsullar 5-10 faizə kimi bahalaşıb və mağazada xarici malların sayı artıb.
Rəsmi rəqəmlər
2023-cü ilin yanvar-fevralında Azərbaycanda 157.6 min dekalitr üzüm şərabı istehsalı edilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.9 faiz artım deməkdir.
Ölkədə hazırlanan şərabın 80 faizi Rusiyaya ixrac edilir. Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ixracın dəyərinin azaldığını bildirir. Belə ki, Azərbaycanda şərab ixracının dəyəri 2018-ci ildə 7.7 milyon dollar idisə, 2021-ci ildə bu rəqəm 3.946 milyon dollara düşüb.
Bu arada Azərbaycanda şərab istehsalı artsa da, idxal ixracı daima üstələyir. Məsələn, 2021-ci ilin birinci rübündə ölkədən 3 milyon məbləğində içki ixrac edildiyi halda, idxal 13 milyon 304 min 550 ABŞ dolları təşkil edib. Halbuki, Azərbaycan hakimiyyəti 20 ilə yaxındır ixracı gücləndirməklə yanaşı, bazarda yerli məhsulları artıraraq qiymətləri də tənzimləməyi hədəfləmişdi. Müstəqillik dönəmində şərabçılıq sahəsində ilk addım 2001-ci ildə üzümçülük və şərabçılıq haqqında qanunun imzalanması oldu. 2012-2020-ci illəri əhatələyən üzümçülüyün inkişafına dair dövlət proqramında hökumət şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmağı hədəf götürüb. 2018-2025-ci illər üzrə şərabçılığın inkişafı ilə bağlı dövlət proqramında da eyni məqsədlər yenidən sadalanıb.
"Saakaşvili almanları ölkəsinə dəvət etdi"
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov dövlət proqramlarının boş sözlərdən ibarət olduğunu deyir. O, keçmiş SSRİ dönəmində Azərbaycanda istehsal olunan şərabların indiki ilə müqayisədə daha keyfiyyətli olduğunu deyir, xarici təcrübədən danışır: "Saakaşvili hakimiyyətə gələndə almanları ölkəsinə dəvət etdi ki, üzüm təsərrüfatında və şərabçılıqda monitorinq etsinlər. Gürcülər bizdən qat-qat çox inkişaf edib bu sahədə. Buna baxmayaraq, almanlar ortaya çıxarıb ki, gürcülər üzümün istehsal və emalını primitiv həyata keçirir. Monitorinq nəticələrindən sonra almanlar gürcülər ilə birlikdə bu sistemi yenidən qurdu və bu gün Gürcüstan şərabları dünyada özünəxas yerə malikdir. Azərbaycanda isə bu sahəyə diqqət azdır, qeyri-müəyyənlik var. Nə istədiyini bilmir Azərbaycan".
İqtisadçı pərakəndəlikdən dolayı ölkədə şərabçılığın zəiflədiyini, fermerlərin əllərində qalan məhsullara görə Kənd Təsərrüfatı Nazirliyinin cavabdehlik daşdığını bildirir. Onun sözlərinə görə, fermerlərin narazılığına baxmayaraq, sahədə yığılan hər üzüm şərab üçün deyil. Nazirlik fermerləri bilgiləndirməli, keyfiyyətli və səmərəli növlər yetişdirilməlidir: "Məsələn, süfrəlik üzümlərdən şərab hazırlanmır. Bunu da fermer bilməlidir və emal zavodunun ondan niyə almadığını anlamalıdır. Yaxud da narı 10 qəpiyə satırlar deyə, hər kəs o məhsulu almalı deyil. Bu məhsul şəraba uyğun deyilsə, zavodun almaması normaldır".
Kənd Təsərrüfatı Nazirliyindən isə fermerlər ilə seminarlar təşkil olunduğu, bu sahəyə daima diqqət ayrıldığını bildirilir. Ancaq qurum dövlət proqramı çərçivəsində hansı işlərin görülməsi haqda hesabat açıqlamayıb.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasından şərabçılığın mövcud durumu ilə bağlı açıqlama almaq mümkün olmadı.
"Elit şərab idxal edilməlidir"
İqtisadçı Akif Nəsirli deyir ki, bu gün pambıqçılığa ayrılan vəsait və tanıtım şərabçılığa sərf olunarsa, dövlət iqtisadiyyatına daha çox divident gələr. Onun sözlərinə görə, Azərbaycanın daxili potensialı üzümün bir çox növünü yetişdirmək və ondan şərab hazırlamaq gücünə malikdir deyə, tək-tük məhsulları idxal etmək olar: "Elit şərab idxal edilməlidir, ucuz şərabların idxalı səmərəsiz olacaq. İdxalın çox, ixracın az olması, yaxud da bazarda yerli məhsulların xarici məhsullardan az olması isə azad bazara imkan yaradılmaması ilə bağlıdır. Azərbaycan hökuməti istəmir ki, onun istədiyi əhatə dairəsindən kənarda kimsə kapital sahibi olsun, monopoliya da genişlənir".
Şərab zavodları da AzadlıqRadiosuna azad bazar iqtisadiyyatının olmamasından narazılığını dilə gətirib. Şirkətlərdən bildirilib ki, inhisarçılıq səbəbindən qiymətləri də tənzimləmək olmur, eləcə də fərdi fermerlər ilə uğurlu əməkdaşlıq da alınmır.
Həsən Aydınov isə özü kimi minlərlə fermerin dövlətin dəstəyinə ehtiyacı olduğunu deyir, onlar üçün xüsusi layihələr təşkil olunmasını təklif edir: "Ya özümüz şərab istehsal edə bilək deyə, 20 min manatlıq avadanlıq almağa kömək etsinlər, ya da bizim məhsulları bazara çıxarmaq imkanı yaratsınlar. Əvvəl xaricilərə sata bilirdik, digər ölkələrə aparırdıq. İndi quru sərhədi bağlıdır, zavodlar da bizi saymır. Nə edək, biz əkək, zibil qabları yesin?".